“YAŞAT” Marafonu: Azərbaycan diasporunun milli həmrəyliyibackend
Siyasət
32

“YAŞAT” Marafonu: Azərbaycan diasporunun milli həmrəyliyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət əvvəl Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və təşkilatçılığı ilə “YAŞAT” Marafonunun təşkilinə start verildi. “YAŞAT” Marafonunun təşkilində əsas məqsəd şəhid ailələrinə və qazilərimizə kömək məqsədilə dünya azərbaycanlılarının bu amal uğrunda birliyinə nail olmaq, onları “YAŞAT” Fonduna ianə etməyə çağırışdır.

Şübhəsiz ki, dünya azərbaycanlılarına olunan çağırışdan söhbət gedirsə, Diasporla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdəki fəaliyyəti və təşəbbüsü ön xəttə çıxır.

Dünya azərbaycanlılarının bu prosesə cəlb olunması onların şəhid ailələri və qazilərimizə dəstək addımları ilə məhdudlaşmayacaq. Əgər proses sağlam şəkildə və uzaq perspektivə hesablanmış addımlarla reallaşacaqsa, o zaman bunun gələcəkdə aşağıdakı müsbət nəticələrini də görə bilərik:

– Diaspor təşkilatları ilə Azərbaycan dövləti arasında ünsiyyət arta, etimad və inam yüksələ bilər,

– Azərbaycan diaspor təşkilatlarının milli ideologiya ətrafında birləşmək meylləri güclənə bilər,

– Müxtəlif qurumların şəffaf fəaliyyətinə ictimai nəzarət imkanları arta bilər,

44 günlük Vətən Müharibəsi zamanı Diasporla İş üzrə Dövlət Komitəsinin xarici ölkələrdəki diaspor təşkilatlarımızla konsolidə olunmuş tədbirləri müsbət nəticələri ortaya çıxarmışdı. Diaspor təşkilatlarımızın müxtəlif ölkələrdəki qətiyyətli və davamlı addımları Azərbaycan əsgərinin döyüş cəbhəsindəki qələbəsini şərtləndirən əsas amillərdən biri idi.

Müharibə dövründə xaricdə yaşayan azərbaycanlıların əsgərlərimizə dəstək aksiyalarına qoşulması, əsgərlərimizin təminat məsələsinə verdiyi mənəvi və maddi dəstək onların “YAŞAT” Marafonu çərçivəsində də eyni dərəcədə iştirakına dərin ümidlər yaradır.

“YAŞAT” Fondunun şəhid ailələri və qazilərimizlə bağlı atdığı addımların nəticələri barədə hər gün ictimaiyyətə ətraflı məlumat verilir.

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 6 qazimiz (Quliyev Şahmar Anar oğlu, Əliyev Xəyyam Şəadət oğlu, Quliyev Şəhriyar Əsa oğlu, Eyvazov Səbuhi Rahim oğlu, Məmmədov Seymur Rafiq oğlu, Hüseynov Ülvi Məsum oğlu) sağalaraq bu gün Vətənə geri döndü.

Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib. “YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq, hazırda daha 62 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir. Ən əsası, qazilərimizin müalicəsini tam yekunlaşana qədər “YAŞAT” Fondu onları nəzarətdə saxlayacaq.

Bütün bu amilləri nəzərə alaraq deyə bilərik ki, dünya azərbaycanlılarının şəhid ailələri və qazilərimizə dəstək prosesinə qoşulması milli qürur və dövlətçilik məsələsidir. Xaricdə yaşayan azərbaycanlılar müharibə zamanı Ordumuza verdiyi dəstəyi bundan sonra da əsirgəməməlidirlər. Şəhidlərimiz və qazilərimiz dövlətimizin milli kimliyidir, bu milli kimliyi unutmağa qoymamalı və yaşatmalıyıq. Bu məsələdə xaricdə yaşayan azərbaycanlıların çiyinlərinə böyük və şərəfli məsuliyyət düşür.

Diasporla İş üzrə Dövlət Komitəsinin şəhid ailələri və qazilərimizə dəstək aksiyasının təşəbbüskarı rolundan çıxış etməsi xaricdə yaşayan azərbaycanlıların bütün dünyada milli həmrəyliyinin nümayişi prizmasından vacib addımdır. Xüsusilə də, Avropa ölkələrində, ABŞ-da və Rusiyada yaşayan azərbaycanlıların bu prosesdə iştirakı olduqca vacibdir. Nəzərə almaq lazımdır ki, ermənilər Avropa ölkələrində müxtəlif təbliğat maşınlarını işə salıblar. Belə bir məqamda xaricdə yaşayan azərbaycanlıların milli həmrəylik göstərməsi, Azərbaycan dövlətinə öz dəstəyini ifadə etməsi müharibədən sonrakı diplomatiya və informasiya cəbhəsindəki qələbəmizə də böyük töhfə vermiş olacaq.

Samir FEYRUZOV