Azərbaycanlı əsirlərə işgəncə verən ermənilərin məhkəməsi keçirilirbackend
Siyasət
333

Azərbaycanlı əsirlərə işgəncə verən ermənilərin məhkəməsi keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş Ermənistan vətəndaşları – 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç və 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.

APress.az xəbər verir ki, prosesə Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə baxılır. İttihama görə, Lüdvik Mkrtçyan Birinci Qarabağ Müharibəsi dövründə azərbaycanlı əsirləri işgəncələr altında saxlayıb. O, bir neçə erməni ilə cinayət əlaqəsinə girərək Qubadlı rayon ərazisində yaralı vəziyyətdə olan Kazımov Həbib Muxtar oğlunu əsir götürərək baş və bədən nahiyəsinə ağır zərbələr yetirərək işgəncə verib. Lüdviq Mkrtiçyan 1994-cü ildə Kəlbəcər rayonu Murovdağ istiqamətində yaralı halda əsir düşən Hacıyev Elman Rəhman oğlunu Xocavənd rayonunun Ağbulaq kəndi istiqamətinə apararaq orda ona işgəncə verib, qondarma rejimin sabiq müdafiə nazirinin evinin tikintisində ağır işlərə cəlb edib, ac saxlayaraq ona avtomat qundağı ilə zərbələr vurub. Təqsirləndirilən şəxs bir qrup erməni ilə cinayət əlaqəsinə girərək 1993-cü ildə Ağdamda əsgər Əliyev Famil Heydərəli oğlunu əsir götürüləndən sonra Şuşa həbsxanasına aparıb, orda ona ağır işgəncələr verib. Lüdviq Mkrtçyan həmin vaxt Şuşa həbsxanasında dəmir və taxta parçalarla ilə yaralı əsgərə xəsarətlər yetirərək ac-susuz saxlayıb. Bundan başqa, təqsirləndirilən şəxs 1994-cü ildə Ağdamda əsir düşən əsgər Hüseyn Cavid Alı oğlunu Şuşa həbsxanasında 1 il saxlayaraq şaxtalı havada qarın altında işgəncələr verib, üzərinə soyuq su töküb, baş və göz nayihəsinə ağır zərbələr vurub, işgəncə verib. Nəticədə Cavid Hüseyn iki gözünün görmə qabiliyyətini itirib. Mkrtiçyan 1994-cü ildə Kəlbəcərdə əsir düşən əsgər Babayev Kamil İdris oğlunu Şuşa həbsxanasında baş və bədəninə avtomat qundağı ilə mütəmadi vuraraq xəsarətlər yetirib, ac-susuz saxlayıb, müxtəlif üsullarla işgəncələr verib. O, digər təqsirləndirilən Alyoşa Xosrovyanla birlikdə Kəlbəcərdə Ömər aşırımında əsir düşən əsgər Abduləliyev Yaşar Abduləli oğlunu Kəlbəcərdəki evlərdən birində qanunsuz olaraq saxlayaraq onu müxtəlif vaxtlarda və müxtəlif alətlərə döyüb xəsarətlər yetirib. Lüdvik Mkrtiçyan erməni qruplaşması ilə 1994-cü ildə Füzuli rayonunda gedən döyüşlərdə yaralanıb əsir düşən Zahid Həsənovu qanunsuz saxlayaraq əsirlikdə olduğu müddətdə ağır xəsarətlər yetirib, qışda üstünə soyuq su tökərək döyüb, ac saxlayıb. Təqsirləndirilən şəxs 1994-cü ildə Füzuli rayonunun Alıxanlı kəndində gedən döyüşlərdə yaralanan əsgər Qafarov Rauf Şəmsəddin oğlunu əsir götürüb, 1 il müddətində yumruq və təpiklə vurub, siqaret kötüklərini bədənində söndürüb ağır işgəncə verib. Mkrtiçyan 1998-1999-cu ildə İslamov Elşən Sabir oğlunu qanunsuz saxlanılan vaxtlarda Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasında tərcüməçi kimi iştirak edərək Elşənə işgəncələr verib, onu Ermənsitan vətəndaşlığını qəbul etmədiyi üçün ağır işgəncələrə məruz qoyub. Azərbaycanlılara işgəncə verən Mkrtiçyan həmçinin ermənilər tərəfindən yaralı vəziyyətdə əsir götürülən Bərdə sakini Vəliyev Qərib Rövşən oğluna qarşı da amansız davranıb. O, azərbaycanlı əsirə təzyiqlər göstərərək boynunu qırmaqla hədələyib, dizi ilə döş qəfəsinə müxtəlif zərbələr vurub, avtomat silahının qundağı və ağır dəmir parçaları ilə onu döyüb, yerə yıxaraq ayağı ilə sifətini sıxıb, başını və sifətini dəfələrlə soyuq suda saxlayıb, boğmağa cəhd edib. Təqsirləndirilən şəxs 2016-cı ildə aprel ayında da Azərbaycan Ordusuna qarşı döyüş əməliyyatlarında könüllü olaraq iştirak edib. 2020-ci ildə başlanan döyüşlər zamanı o, könüllü olaraq döyüşlərə cəlb olunub. 2020-ci ildə 15 oktyabrda Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Əsgərov Firavan Xanbala oğlunu qətlə yetirib. Həmin gün o Azərbaycan Ordusu tərəfindən əsir götürülüb.