Qərbə uzanan kiçik əllər  – İqtisadiyyatın Estoniya nümunəsibackend
Maraqlı
3241

Qərbə uzanan kiçik əllər – İqtisadiyyatın Estoniya nümunəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Estoniya Sovetlər İttifaqının ən kiçik dövləti olub. Təxminən Sumqayıtın sakinləri qədər əhalisi olan paytaxt Tallin bu gün avropalı turistlərin, iş adamlarının üz tutduğu əsas şəhərlərdən biridir. SSRİ dövründə bu ölkənin iqtisadiyyatı Sovet ordusu üçün silah və avadanlıqlar istehsal edən ağır sənayenin hesabına ayaqdaydı. Sovet İttifaqı süqut edəndən sonra çoxları düşünürdü ki, digər postsovet dövlətləri, Tacikistan, Gürcüstan, Ermənistan, Moldova kimi bu ölkənin iqtisadiyyatı da çöküş mərhələsinə qədəm qoyacaq. Hətta Estoniyanın yalnız güclü ittifaq dövlətlərinin dəstəyi ilə yaşaya biləcəyini söyləyənlər də var idi.

Ehtimallar özünü doğrultdu və SSRİ-dən ayrılan eston iqtisadiyyatı sürətlə tənəzzülə doğru getməyə başladı. İqtisadiyyatın əsas istehsal sahələri dayandı, vaxtilə onminlərlə insanın işlədiyi fabrik və zavodlar isə metal yığnağına çevrildi. İşsizlik səviyyəsi kəskin artdı, həyat şəraiti pisləşdi və bütün bunların fonunda Estoniyanın bir dövlət kimi mövcudluğu da sual altına düşürdü. Bəzi eston siyasətçiləri Rusiyanın dotasiyası olmadan bu ölkənin yaşaya biləcəyinin mümkün olmadığını bəyan edir, təcili olaraq Moskva ilə münasibətləri bərpa etməyin əhəmiyyətindən bəhs edirdilər.

Təsəvvür edin, cəmi 25-30 il öncə dağılmaq ərəfəsində olan Estoniya iqtisadi azadlıq indeksinə görə, hazırda dünyanın ilk onluğundadır. Bu Baltikyanı kiçik dövlət dünyanın əksər inkişaf sahələrində ön sıralarda gəlir. İnsan azadlıqları indeksinə görə dünyada 13-cü, informasiya texnologiyaları sahəsinə gətirdiyi yeniliklərə görə 4-cü yerdə qərarlaşıb. Rəqəmsal iqtisadiyyat üzrə Avropanın, internet azadlığına görə isə dünyanın lider ölkəsidir. Məhz bunun sayəsində eston əhalisi bürokratik əngəlləri birdəfəlik unudub. Və bütün bunlar bir zamanların sovet ölkəsində, əhalisi bir milyondan bir qədər artıq olan bu kiçik dövlətin ərazisində baş verir.

Bir neçə il öncəyə qədər ölkəmizdə taksidən əsasən təminatlı insanlar istifadə edərdi. Orta statistik azərbaycanlılar isə yolunu avtobusdan, metrodan və digər ictimai nəqliyyat vasitələrindən salardı. Rəqəmsal iqtisadiyyatın inkişafı kütləvi taksi xidmətini Bakı sakinləri üçün əlçatan etdi. Hazırda “Bolt” brendi Azərbaycanda taksi şirkətləri arasında aparıcı mövqedədir və gündəlik bu xidmətdən istifadə edən sərnişinlərin sayı onminlərlədir. Bu bir eston markasıdır. Taksi, yemək çatdırma, karşerinq və mikromobillik xidmətlərini təklif edən şirkət Avropa, Afrika, Qərbi Asiya və Latın Amerikasında 45 ölkədə yerləşən 300-dən çox şəhərdə, o cümlədən Azərbaycanın Bakı, Gəncə və Sumqayıt şəhərlərində fəaliyyət göstərir. Şirkətin 75 milyondan çox müştərisi var və 1.5 milyon sürücü “Bolt”dan gedişlər təklif etmək üçün istifadə edir.

Səsli və görüntülü danışığa imkan verən məşhur kompyuter proqramı -“Skayp” da Estoniya brendidir. Bu proqram IP-telefoniyada geniş istifadə olunur. Skype istifadəçiləri bir-birləri ilə səsli, görüntülü və mətn danışıqlarına görə heç bir ödəniş etmirlər. Amma “Skayp”dan mobil və stansionar telefonlara zəng etmək ödənişlidir. Bu proqramın köməyi ilə demək olar ki, dünyanın əksər telefon operatorlarına zəng etmək olar. Dünya şöhrətli şərab markası – “Liviko” da bu ölkədə ərsəyə gətirilir və yüzlərlə məhsul çeşidi dünyanın 100-dən artıq şəhərində satışdadır. Məşhur avtomobil markası “Toyota”nın əsas istehsal müəssisələrindən biri Estoniyada yerləşir. “Toyota” avtomobilləri məhz Estoniyanın vasitəsilə Avropaya idxal olunur.

Estoniya yırtıcı Kremlə arxa çevirənlərin necə böyük uğurlara “hamilə” olduğunun bariz nümunəsidir. Son dövrlər Azərbaycanda qeyri-neft sektorunun inkişafından, insan kapitalının önəmindən bəhs edən çoxsaylı yazılara rast gəlirik. Uzağa getmək lazım deyil, bu kiçik Avropa dövlətinin təcrübəsini əxs etmək, yerli istehsalı artırmaq, sahibkarları təşviq etmək, sağlam rəqabət mühiti yaratmaq kifayətdir ki, Azərbaycan qısa müddətə Estoniya təcrübəsini uğurla tətbiq edə bilsin. Biz tarixdə böyük uğurlar qazanmış ölkəyik. Cəmi 44 gün ərzində vəhşi və vandal Ermənistan ordusunu darmadağın edən biz olmuşuq. Xristian dünyası, mənfəətcil Qərb və Moskva Ermənistana açıq dəstək verdiyi halda biz bu tarixi döyüşdən qalib ayrılmışıq. Üzərimizdə olan tarixi ləkəni silmişik.

Nəhayət bizim növbəti qələbə, “Made in Azerbaijan” brendini dünya çapında yaymağımıza ehtiyac var. Bu bizim növbəti diplomatik qələbəmiz olmaqla yanaşı, Azərbaycan iqtisadiyyatının sürətlə böyüməsinə, istehsal müəssisələrinin yaradılmasına təkan verəcək. Ölkədə məşğulluq probleminin həllinə əhəmiyyətli töhfələr verəcək, yeni peşə sahələri inkişaf edəcək. Məsələn, niyə bizdə “BMWnin istehsal müəssisəsi olmasın? Yaxud “Procter & Gamble” şirkətinin məhsulları niyə bizdə istehsal edilməsin ki?

Cənab Prezident İlham Əliyevin söylədiyi kimi, biz irəliyə baxmağı öyrənməliyik. İqtisadiyyatımızı, insan kapitalımızı inkişaf etdirməli, istedadlı xalq olduğumuzu, işgüzar əzmimizi bir bütün dünyaya nümayiş etdirməliyik!

Mikayıl Mirzəzadə