Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin sədri, “Agromix” şirkətinin təsisçisi Gülpəri Bayramova Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad şəhərində işgüzar səfərdədir. Səfər çərçivəsində Körfəz ölkələrindən olan investorlar və işgüzar dairələrlə mühüm görüşlər keçirən BPC sədri Azərbaycandan adıçəkilən dövlətlərə kənd təsərrüfatı məhsullarının ixracı və Səudiyyə Ərəbistanından Qarabağa investisiya cəlbi mövzusunda müzakirələr aparıb.
“Fas Energy” şirkətinin icraçı direktoru cənab Sabri Asfourla görüşən Gülpəri Bayramova rəhbəri olduğu biznes klubunun və “Agromix” şirkətinin fəaliyyəti barədə Asfouru məlumatlandırıb. Qeyd edib ki, işğaldan azad edilən Xocavənd rayonunda günəbaxan yağının istehsalı ilə məşğul olacaq “Qarabağ Oil” zavodunu icarəyə götürüblər. Öz növbəsində “Fas Energy” şirkətinin rəhbəri Azərbaycanın azad edilmiş ərazilərində aparılan yenidənqurma və iqtisadi dirçəliş prosesini yaxından izlədiklərini diqqətə çatdırıb. Vurğulayıb ki, rəhbərlik etdiyi şirkət də Qarabağın yenidən qurulması prosesində fəal iştirak etmək niyyətindədir: “Xüsusilə bərpa olunan enerji, infrastruktur, kənd təsərrüfatı və sənaye zonalarının inkişafı kimi sahələr bizim maraq dairəmizdədir. Azərbaycanın “yaşıl enerji” strategiyasını təqdir edirik və bu sahədə potensial əməkdaşlığa tam hazırıq. Qarabağda günəş və külək enerjisi layihələri üzrə birgə əməkdaşlıq imkanları ətrafında fəal müzakirələrə hazırıq”.
BPC sədri təkcə yağ istehsalı zavodunun deyil, gələcəkdə yem zavodunun bərpası, Xankəndində ticarət mərkəzini yaratmaq layihələrinin də olduğunu söyləyib. Əlavə edib ki, bütün bu layihələr təkcə iqtisadi inkişaf deyil, sosial rifah və məşğulluq baxımından da region üçün əhəmiyyətlidir. O, Azərbaycan hökuməti ilə sıx əlaqələri, dövlətin investorlar üçün təqdim etdiyi imtiyazlar və hüquqi təminatlar, eləcə də ictimai-özəl tərəfdaşlıq modeli barədə məlumat verərək, bu imtiyazların ərəb investorlar üçün cəlbedici olduğunu bildirib. Öz növbəsində Asfour bu imkanları yüksək qiymətləndirərək, növbəti mərhələdə texniki nümayəndə heyəti ilə Qarabağa səfər planınını nəzərdən keçirdiklərini diqqətə çatdırıb. “Fas Energy” şirkətinin direktoru bu cür təmasların Azərbaycanla Səudiyyə Ərəbistanı arasında iqtisadi təmasların inkişafına mühüm töhfələr verdiyini söyləyib.
Xatırladaq ki, Gülpəri Bayramova paytaxt Bakının marketlər şəbəkələrini gündəlik meyvə-tərəvəz məhsulları ilə təhciz edən “Agromix” şirkətinin təsisçisi, eyni zamanda ölkəmizin nüfuzlu sahibkarlarını öz ətrafında birləşdirən Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin sədridir. BPC-nin əsas fəaliyyət istiqaməti azərbaycanlı sahibkarların xarici bazarlara çıxışı, “Made in Azerbaijan” brendinin təşviqidir. O, Xocavənd şəhərində “Qarabağ Oil” yağ istejsalı zavodunu icarəyə götürüb və burada günəbaxan yağının istehsalı həyata keçiriləcək. Körfəz ölkələrinin biznes dairələri ilə ciddi əlaqələrə malik olan Gülpəri Bayramova ərəb dövlətlərindən Qarabağa investisiya cəlbi istiqamətində də çoxsaylı layihələr həyata keçirir.