Hüseyn Talıbov: “Bakı urban və daşınmaz əmlak mərkəzinə çevrilir”backend
İqtisadiyyat

Hüseyn Talıbov: “Bakı urban və daşınmaz əmlak mərkəzinə çevrilir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu Azərbaycanın urbanizasiya siyasəti, müasir şəhər idarəçiliyi və daşınmaz əmlak bazarının gələcək inkişaf perspektivləri baxımından olduqca mühüm beynəlxalq platformadır. Xüsusilə Prezident İlham Əliyevin forum zamanı səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycanda şəhərsalma siyasəti artıq yalnız infrastruktur quruculuğu deyil, eyni zamanda dayanıqlı iqtisadi inkişafın əsas istiqamətlərindən biri kimi formalaşdırılır”.

Bu fikirləri Tribuna informasiya agentliyinə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) üzvü, “PRICE EXPERT” şirkətinin təsisçisi və direktoru Hüseyn Talıbov bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, müasir infrastruktur və yaşıl enerji layihələri ilə bağlı mesajları daşınmaz əmlak bazarı üçün də mühüm iqtisadi əhəmiyyət daşıyır:

“Bu gün beynəlxalq təcrübədə şəhərsalma ilə daşınmaz əmlak bazarı bir-biri ilə birbaşa bağlı sahələr hesab olunur. Müasir nəqliyyat infrastrukturu, ekoloji mühit, sosial obyektlər, rəqəmsal idarəetmə və urban komfort əmlakın bazar dəyərinə birbaşa təsir edən əsas faktorlar sırasındadır. Prezident İlham Əliyevin çıxışında vurğulanan yanaşmalar Azərbaycanın gələcək urban inkişaf modelinin beynəlxalq standartlara uyğun qurulduğunu göstərir”.

Hüseyn Talıbov vurğulayıb ki, forumun Bakıda keçirilməsi ölkənin beynəlxalq investisiya cəlbediciliyinə və daşınmaz əmlak sektorunun inkişafına da müsbət təsir göstərəcək:

“Beynəlxalq investorlar üçün şəhərsalma siyasətinin keyfiyyəti və şəhər infrastrukturunun inkişaf səviyyəsi əsas göstəricilərdən biridir. Bakı artıq regionun mühüm urban və biznes mərkəzlərindən birinə çevrilir. Bu forum isə Azərbaycanın həm şəhərsalma, həm də daşınmaz əmlak bazarında beynəlxalq etimadını daha da artırır. Nəticə etibarilə bu proses uzunmüddətli perspektivdə əmlak bazarında institusional inkişafı, investisiya aktivliyini və bazar dəyərinin dayanıqlı artımını stimullaşdıracaq” – Hüseyn Talıbov vurğulayıb.