Qiymətləndirmə rəyləri necə hazırlanır? – Ekspert vacib məqamları açıqladıbackend
Müsahibə

Qiymətləndirmə rəyləri necə hazırlanır? – Ekspert vacib məqamları açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qiymətləndirmə hesabatı daşınmaz əmlakın bazar və ya digər əsaslandırılmış dəyərinin müəyyən edilməsinə xidmət edir. Lakin qiymətləndirmənin peşəkar şəkildə aparılması onun hüquqi, texniki və vergi xarakterli bütün suallara cavab verdiyi anlamına gəlmir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) üzvü, əmlak eksperti Hüseyn Talıbov söyləyib.

Onun sözlərinə görə, daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı cəmiyyətdə ən çox rast gəlinən yanlış yanaşmalardan biri qiymətləndiricinin səlahiyyətlərinin digər peşə sahələrini də əhatə etdiyini düşünməkdir. “Qiymətləndiricinin əsas vəzifəsi obyektin dəyərini müəyyən etməkdir. Bunun üçün bazar məlumatları, müqayisə edilən obyektlər, obyektin xüsusiyyətləri və digər peşəkar meyarlar təhlil olunur. Lakin qiymətləndirici obyektin hüquqi sahibinin kim olduğunu müəyyən edən orqan deyil, təqdim edilmiş sənədlərin həqiqiliyini təsdiqləyən ekspert deyil və tikilinin hüquqi statusuna hüquqi qiymət vermir”.

Ekspert qeyd edib ki, qiymətləndirmə hesabatının mövcudluğu obyektlə bağlı bütün risklərin aradan qalxması demək deyil: “Tikintinin qanuniliyinin, sənədlərin hüquqi qüvvəsinin və ya obyektin konstruktiv təhlükəsizliyinin müəyyənləşdirilməsi müvafiq hüquqşünasların, texniki ekspertlərin və mühəndislərin səlahiyyətinə daxildir. Eyni zamanda, gələcəkdə ödəniləcək vergi məbləğinin hesablanması da qiymətləndiricinin funksiyası kimi təqdim edilməməlidir. Hər bir mütəxəssisin öz peşə sərhədləri var. Düzgün nəticə əldə etmək üçün həmin sərhədləri qarışdırmamaq xüsusilə vacibdir”.

Mütəxəssis iki müxtəlif qiymətləndirmə hesabatında fərqli rəqəmlərin göstərilməsinə də aydınlıq gətirib. “İki qiymətləndiricinin eyni obyekt üzrə fərqli nəticəyə gəlməsi avtomatik olaraq onlardan birinin səhv etdiyini göstərmir. Qiymətləndirmə yalnız mexaniki riyazi düsturla alınan nəticə deyil, həm də peşəkar mülahizəyə əsaslanan prosesdir. Qiymətləndiricilər bazardan müxtəlif analoqlar seçə, həmin analoqların obyektlə müqayisəsində fərqli yanaşmalar tətbiq edə və mərtəbə, təmir vəziyyəti, yerləşmə, sahə və digər xüsusiyyətlər üzrə fərqli düzəlişlər əsaslandıra bilərlər”.

Hüseyn Talıbovun fikrincə, burada əsas məsələ rəqəmlərin eyni olması deyil, nəticənin necə əldə edildiyinin aydın və yoxlanıla bilən şəkildə göstərilməsidir. “Hesabatda istifadə olunan analoqların mənbəyi bəlli deyilsə, tətbiq edilən düzəlişlər əsaslandırılmayıbsa və yekun nəticəyə hansı məntiqlə gəlinməsi izlənilmirsə, problem rəqəmlərin fərqli olmasında deyil. Əsas problem metodologiyanın və nəticənin izah edilə bilməməsidir. Peşəkar qiymətləndirmənin keyfiyyətini yalnız yekun rəqəmlə ölçmək düzgün yanaşma deyil. Əsas sual “Hansı rəqəm doğrudur?” deyil. Əsas sual “Hansı hesabat tam, şəffaf, əsaslandırılmış və izlənilə biləndir” olmalıdır. Etibarlı qiymətləndirmə məhz bu prinsiplərə söykənir.

“Vətəndaşlara və daşınmaz əmlak bazarının iştirakçılarına qiymətləndirmə zamanı hesabatın yalnız nəticə hissəsinə deyil, onun əsaslandırılmasına və istifadə olunan metodologiyaya da diqqət yetirməyi tövsiyə edib. Obyektlə bağlı hüquqi, texniki və vergi xarakterli məsələlər yarandıqda isə həmin sahələr üzrə müvafiq peşəkarların rəyindən istifadə olunması düzgün və daha etibarlı qərar qəbul edilməsinə imkan verir” – deyə, müsahibimiz vurğulayıb.