Azərbaycanın innovativ təhsil mərkəzlərindən biri olan “Maestro School” ölkəmizin texnoloji potensialını beynəlxalq səviyyədə bir daha nümayiş etdirərək növbəti mühüm uğura imza atıb. Türkiyənin Antalya şəhərində keçirilən nüfuzlu Robotex International Olimpiadasında iştirak edən komanda bütün rəqiblərini geridə qoyaraq birinci yerə layiq görülüb və bununla da Azərbaycanı Cənubi Koreyanın Seul şəhərində keçiriləcək Robotex International Böyük Final mərhələsində təmsil etmək hüququ qazanıb.
Yarışmada təqdim olunan “Muzey bələdçi robotu” layihəsi müasir texnologiyaların mədəni irsin qorunması və təbliği sahəsində tətbiqinin ən uğurlu nümunələrindən biri kimi yüksək qiymətləndirilib. Ziyarətçilərlə interaktiv ünsiyyət qura bilən və məlumatları daha cəlbedici formada təqdim edən robot, həm mühəndislik baxımından texniki üstünlüyü, həm də praktiki tətbiq imkanları ilə beynəlxalq münsiflər heyətinin xüsusi rəğbətini qazanıb. Layihə, rəqəmsal gələcəyin gənc nəsil tərəfindən nə qədər dərindən mənimsənildiyini bir daha təsdiqləyib.
Bu uğuru xüsusilə əlamətdar edən məqamlardan biri də komanda üzvlərinin və rəhbər müəllimin tamamilə qadın və qızlardan ibarət olmasıdır. Texnologiya və innovasiya sahəsində qadınların iştirakının genişlənməsi istiqamətində atılan bu addım, gənc qızlar üçün yeni imkanlar açır və onların mühəndislik və İT sahəsinə marağını daha da artırır. Bu nəticə Azərbaycan təhsil sistemində gender bərabərliyi və qadınların texnoloji sahədə fəallığının yüksələn xətt üzrə inkişaf etdiyini göstərir.
“Maestro School” olaraq fəaliyyətimizin əsas istiqaməti 6–16 yaş arası uşaqları proqramlaşdırma, robototexnika, oyun inkişafı və süni intellekt kimi sahələr üzrə gələcəyin liderlərinə çevirməkdir. Biz şagirdlərimizin yerli və beynəlxalq olimpiadalarda iştirakını təmin etməklə yanaşı, onların qlobal təcrübə mübadiləsinə qoşulmasına şərait yaradırıq. Bakıda və xaricdə təşkil olunan İT yönümlü yay məktəbləri vasitəsilə məqsədimiz təkcə texniki biliklər vermək deyil, həm də gəncləri qlobal innovasiya ekosisteminin fəal iştirakçılarına çevirməkdir.

