2030-cu ilə qədər Azərbaycanda ümumi gücü 512 MVt olan damüstü günəş panelləri istismara verilməlidir.
Apress.az xəbər verir ki, bunu Dünya Bankının enerji üzrə məsləhətçisi Teona Elizaraşvili Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində keçirilən panel müzakirələrdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, paylanmış bərpa olunan enerji (DER) paylayıcı şəbəkəyə və ya ondan daha aşağı səviyyəyə qoşulan, bərpa olunan mənbələrə əsaslanan kiçik və orta generasiya obyektlərini əhatə edir.
“İlk növbədə, söhbət damüstü və yerüstü günəş fotovoltaik qurğularından, batareya enerji saxlanc sistemlərindən (BESS), elektromobillər (EV) üçün şarj infrastrukturundan, habelə digər generatorlardan – külək, su və sair mənbələrdən gedir.
Azərbaycanın planlarına əsasən, damüstü günəş panellərinin payı 2 847 MVt hədəf göstəricisinin 18 %-ni təşkil edəcək – təxminən 512 MVt paylanmış fotovoltaik güc 2030-cu ilə qədər birbaşa paylayıcı şəbəkələrə inteqrasiya edilməlidir”, – T.Elizaraşvili qeyd edib.

