“Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun uğurla başa çatması Azərbaycanın qlobal şəhərsalma gündəliyində artan rolunu bir daha nümayiş etdirdi. Forum çərçivəsində dayanıqlı şəhərlər, inklüziv inkişaf, iqlim dəyişikliklərinə uyğunlaşma, rəqəmsallaşma və şəhər maliyyəsinin gələcəyi ilə bağlı aparılan müzakirələr ölkəmiz üçün də yeni çağırışlar və imkanlar formalaşdırır”.
Bu fikirləri Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü, “PRİCE EXPERT” qiymətləndirmə şirkətinin təsisçisi və direktoru Hüseyn Talıbov bildirib.
Onun sözlərinə görə, forumda səsləndirilən əsas mesajlardan biri şəhərlərin yalnız fiziki infrastruktur layihələri hesabına deyil, iqtisadi baxımdan düzgün planlaşdırılmış və səmərəli idarə olunan məkanlar kimi inkişaf etdirilməsinin vacibliyi olub. Bu baxımdan daşınmaz əmlakın və şəhər infrastrukturunun peşəkar qiymətləndirilməsi dayanıqlı inkişafın ayrılmaz elementi hesab edilməlidir.
“Bu gün dünyanın aparıcı şəhərlərində investisiya qərarları, torpaq istifadəsi strategiyaları, nəqliyyat şəbəkələrinin genişləndirilməsi və şəhər yenilənməsi layihələri etibarlı qiymətləndirmə məlumatları əsasında formalaşdırılır. Obyektiv bazar dəyərinin müəyyənləşdirilməsi yalnız alqı-satqı əməliyyatları üçün deyil, həm də dövlət investisiyalarının səmərəliliyinin ölçülməsi, fiskal siyasətin planlaşdırılması və şəhər aktivlərinin idarə olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Müsahibimiz hesab edir ki, Bakı şəhərinin Baş Planının həyata keçirilməsi prosesində torpaq ehtiyatlarının iqtisadi potensialının yenidən qiymətləndirilməsi xüsusi aktuallıq kəsb edir. Paytaxtın müxtəlif funksional zonalarının inkişaf perspektivlərinin düzgün müəyyənləşdirilməsi həm özəl investisiyaların cəlb edilməsinə, həm də şəhər məkanının daha balanslı formalaşmasına xidmət edə bilər.
“Şəhərsalma layihələrinin effektivliyi təkcə tikilən obyektlərin sayı ilə deyil, onların yaratdığı iqtisadi və sosial dəyərlə ölçülməlidir. Bu baxımdan qiymətləndirmə fəaliyyəti layihələrin ilkin mərhələsindən başlayaraq qərarvermə prosesinin ayrılmaz hissəsinə çevrilməlidir. İnfrastruktur obyektlərinin iqtisadi səmərəliliyi, torpaq sahələrinin alternativ istifadə imkanları, layihələrin investisiya cəlbediciliyi və uzunmüddətli sosial faydası peşəkar şəkildə təhlil edilməlidir”.
Ekspert bildirib ki, rəqəmsal texnologiyaların sürətli inkişafı qiymətləndirmə sektorunda da yeni imkanlar yaradır. Coğrafi informasiya sistemləri, böyük məlumat bazaları (Big Data), süni intellekt əsaslı analiz alətləri və rəqəmsal kadastr həlləri daşınmaz əmlak bazarının daha şəffaf və operativ monitorinqinə şərait yaradır.
“Gələcək mərhələdə vahid daşınmaz əmlak məlumat bazalarının funksionallığının genişləndirilməsi, bazar məlumatlarının inteqrasiyası və analitik platformaların inkişaf etdirilməsi qiymətləndirmə proseslərinin keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldə bilər. Bu isə öz növbəsində həm investorların risklərinin azalmasına, həm də dövlət resurslarından daha səmərəli istifadəyə imkan yaradacaq”.
Onun fikrincə, sənaye zonalarının optimallaşdırılması, şəhərdaxili istehsal sahələrinin mərhələli şəkildə şəhər kənarına köçürülməsi və istifadəsiz qalan ərazilərin yenidən dövriyyəyə cəlb olunması Bakı üçün mühüm iqtisadi potensial formalaşdırır. Belə ərazilərin bazar imkanlarının düzgün qiymətləndirilməsi onların yaşayış, biznes, logistika və ictimai məkan kimi daha səmərəli istifadəsini təmin edə bilər.
Ekspert şəhərsalma siyasətində ekoloji amillərin rolunun da sürətlə artdığını qeyd edib. Enerji səmərəliliyi, karbon emissiyalarının azaldılması, yaşıl tikinti standartlarının tətbiqi və dayanıqlı nəqliyyat həlləri artıq yalnız ekoloji deyil, həm də iqtisadi dəyər yaradan amillərə çevrilir. Beynəlxalq təcrübə göstərir ki, enerji səmərəli və ekoloji standartlara uyğun tikilmiş obyektlər uzunmüddətli perspektivdə daha yüksək investisiya cəlbediciliyinə malik olur.
Mütəxəssis hesab edir ki, tullantıların idarə olunması, alternativ enerji infrastrukturu, ictimai nəqliyyatın inkişafı və ağıllı şəhər həlləri ilə bağlı layihələrin iqtisadi qiymətləndirilməsi müstəqil ekspertiza əsasında aparılmalıdır. Bu yanaşma layihələrin sosial-iqtisadi effektivliyini daha obyektiv müəyyənləşdirməyə və dövlət investisiyalarının nəticəliliyini artırmağa imkan verə bilər.
“Şəhərsalma sahəsində qəbul edilən hər bir qərarın iqtisadi əsaslandırılması və peşəkar qiymətləndirmə mexanizmləri ilə müşayiət olunması dayanıqlı inkişafın əsas şərtlərindən biridir. WUF çərçivəsində əldə olunan beynəlxalq təcrübənin yerli idarəetmə sisteminə inteqrasiyası Bakının regionun aparıcı maliyyə, logistika və innovasiya mərkəzlərindən biri kimi mövqeyinin daha da güclənməsinə, eyni zamanda vətəndaşların həyat keyfiyyətinin yüksəlməsinə mühüm töhfə verə bilər”.

