“Azərbaycanda daşınmaz əmlak bazarının dayanıqlı inkişafı ilk növbədə mülkiyyət hüququnun etibarlı qorunmasından və qiymətləndirmə institutunun daha da gücləndirilməsindən asılıdır. Əmlak hüququ sahəsində növbəti mərhələ qanunvericiliyin təkmilləşdirilməsi və qiymətləndirmə fəaliyyətinin hüquqi əhəmiyyətinin artırılmasıdır”.
Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) üzvü, əmlak eksperti Hüseyn Talıbov söyləyib.
Onun sözlərinə görə, qiymətləndirici rəylərinin hüquqi çəkisinin artırılması xüsusilə məhkəmə mübahisələri, ipoteka kreditləşdirilməsi, dövlət ehtiyacları üçün əmlakın alınması və korporativ əməliyyatlarda daha obyektiv qərarların qəbuluna imkan verər.
H.Talıbov qeyd edib ki, daşınmaz əmlak bazarında real alqı-satqı qiymətlərini əks etdirən vahid məlumat bazasının yaradılması qiymətləndirmənin dəqiqliyini artırmaqla yanaşı, bazarda şəffaflığı gücləndirər və süni qiymət manipulyasiyalarının qarşısını almağa kömək edər.
O bildirib ki, kompensasiya tələb edən hallarda əmlakın bazar dəyərinin əsas hüquqi meyar kimi tətbiqi daha ədalətli nəticələrin əldə olunmasına xidmət edər. Bu yanaşma mülkiyyət hüququnun daha effektiv müdafiəsini təmin etməklə yanaşı, dövlət-vətəndaş münasibətlərində hüquqi etimadı da gücləndirər.
Ekspert vurğulayıb ki, qiymətləndirmə fəaliyyəti ilə daşınmaz əmlakın dövlət reyestri, notariat, bank və məhkəmə informasiya sistemləri arasında rəqəmsal inteqrasiyanın genişləndirilməsi həm hüquqi prosedurları sürətləndirər, həm də məlumatların etibarlılığını artırar.
Müsahibimiz əlavə edib ki, beynəlxalq qiymətləndirmə standartlarının ardıcıl tətbiqi, peşəkar qiymətləndirici institutunun gücləndirilməsi və əmlak hüququ sahəsində vahid hüquqi praktikanın formalaşdırılması Azərbaycanın investisiya mühitini daha da yaxşılaşdıracaq, daşınmaz əmlak bazarında şəffaflığı və hüquqi sabitliyi möhkəmləndirəcək.

