Daşınmaz əmlak üzrə vahid məlumat bazasının yaradılması təklif olunurbackend
Müsahibə

Daşınmaz əmlak üzrə vahid məlumat bazasının yaradılması təklif olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü, “Price Expert” MMC-nin təsisçisi və direktoru Hüseyn Talıbov ölkədə daşınmaz əmlak bazarının daha şəffaf və etibarlı inkişafı üçün qiymətləndirmə hesabatlarının vahid milli məlumat bazasının formalaşdırılması təşəbbüsü ilə çıxış edib.

Demokrat.az-a açıqlamasında Hüseyn Talıbov bildirib ki, hazırda Azərbaycanda hər il on minlərlə daşınmaz əmlak alqı-satqısı, ipoteka, sığorta, məhkəmə və korporativ əməliyyatlar həyata keçirilir: “Lakin bu proseslər nəticəsində hazırlanmış qiymətləndirmə hesabatları üzrə vahid analitik informasiya məkanı mövcud deyil. Nəticədə bazar iştirakçıları arasında eyni əmlak növləri üzrə qiymət fərqləri bəzi hallarda 20-30 faizə qədər dəyişir ki, bu da investisiya qərarlarının qəbuluna, kredit risklərinin qiymətləndirilməsinə və bazar göstəricilərinin dəqiq müəyyənləşdirilməsinə mənfi təsir göstərir.

Beynəlxalq təcrübədə inkişaf etmiş qiymətləndirmə sisteminə malik ölkələrdə daşınmaz əmlak əməliyyatlarının 80 faizdən çoxu elektron məlumat bazaları və bazar indikatorları əsasında təhlil olunur. Bu yanaşma qiymətləndirmə hesabatlarının keyfiyyətini yüksəltməklə yanaşı, bazar iştirakçıları üçün daha dəqiq və obyektiv qərarvermə imkanları yaradır”.

Ekspertin fikrincə, Azərbaycanda Elektron Qiymətləndirmə Portalının imkanları genişləndirilməli, hazırlanmış bütün qiymətləndirmə hesabatları üzrə anonimləşdirilmiş bazar məlumatları vahid reyestrdə toplanmalıdır: “Belə bir sistem vasitəsilə regionlar, əmlak növləri, təyinatı, sahəsi və digər göstəricilər üzrə real bazar qiymətlərinin dinamikası formalaşdırıla bilər. Bu isə qiymətləndirmə prosesində subyektiv amillərin azalmasına, hesabatların beynəlxalq standartlara uyğunluğunun güclənməsinə və risklərin daha dəqiq hesablanmasına şərait yaradacaq.

Son illər ölkədə ipoteka portfelinin, tikinti sektorunun və investisiya layihələrinin həcmi sürətlə artır. Belə şəraitdə bazar məlumatlarının sistemli şəkildə toplanması və emalı maliyyə institutları, investorlar və dövlət qurumları üçün strateji əhəmiyyət daşıyır. Onun hesablamalarına görə, vahid qiymətləndirmə məlumat bazasının yaradılması nəticəsində bazar təhlillərinin dəqiqliyi ən azı 25 faiz yüksələ, qiymətləndirmə müddətləri 30 faizədək qısala, kredit təminatlarının qiymətləndirilməsi zamanı risk göstəriciləri isə əhəmiyyətli dərəcədə azala bilər” – müsahibimiz söyləyib.

Əlavə edib ki, belə bir mexanizm yalnız qiymətləndirmə fəaliyyətinin inkişafına deyil, həm də daşınmaz əmlak bazarında şəffaflığın, investisiya cəlbediciliyinin və maliyyə sabitliyinin gücləndirilməsinə xidmət edəcək. Onun sözlərinə görə, gələcək mərhələdə bu məlumatlar əsasında ölkənin daşınmaz əmlak bazarı üzrə rüblük və illik qiymət indekslərinin hazırlanması da mümkün olacaq ki, bu da Azərbaycanda qiymətləndirmə sahəsinin yeni inkişaf mərhələsinə keçidini təmin edəcək” – deyə, Hüseyn Talıbov fikrini tamamlayıb.