“Məhsulun keyfiyyəti nə qədər yüksək olsa da, onun ilk təəssüratı qablaşdırma və vizual təqdimat üzərindən formalaşır. Qlobal bazarlarda rəqabətə davamlılıq qablaşdırma dizaynı, loqo, rəng palitrası, material seçimi və ümumi vizual ünsiyyət üzərindən həyata keçirilir. Bu baxımdan “Made in Azerbaijan” brendinin estetikasına xüsusi diqqət ayrılmalıdır”.
Bu nsözləri Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin sədri, “Agromix” şirkətinin təsisçisi Gülpəri Bayramova söyləyib.
Onun sözlərinə görə, milli ornamentlərin müasir interpretasiyası həyata keçirilməlidir: “Qarabağ xalçaları, Şəki motivləri, Buta simvolikası və digər etnoqrafik elementlər sadə və minimal üslubda dizayna inteqrasiya olunmalıdır. Bununla yanaşı, ekoloji qablaşdırmaq həyata keçirilməli, məhsullar həm Azərbaycan, həm də beynəlxalq auditoriya üçün başa düşülən və oxunaqlı olmalıdır. Azərbaycanın ixrac strategiyasında əsas hədəf regiondan çıxaraq Avropa, Yaxın Şərq, Asiya və Şimali Amerika bazarlarında dayanıqlı iştirakçıya çevrilməkdir. Ənənəvi bazarlarla bərabər, uzaq xarici bazarların da işlənməsi diqqət yetiriləsi vacib məqamdır. Türkiyə, Gürcüstan, Mərkəzi Asiya ölkələri, hansı ki, bu ölkələrlə logistika üstünlüyü, oxşar zövq və tələbat mövcuddur, “pilot bazar”ların da iuşlənməsini, onlara da çıxış əldə edilməsini təmin etməliyik. Orta Şərq və Şərqi Avropa, Körfəz ölkələri və s. coğrafi mərkəzlərə göndərilən məhsullar təsnifat olunmalıdır. Misal üçün, brendin tam rəqabətə dözümlü modeldə təkmilləşdirilməsi üçün əsas bazarlar olaraq ABŞ, Almaniya, İtaliya, Yaponiya bazarları əsas götürülməlidir”.
BPC sədri qeyd edir ki, Azərbaycanın xaricdəki diaspor təşkilatları və könüllü sahibkarlar ticarət elçiləri rolunda çıxış edə bilərlər: “Diaspor elçiləri yaşadıqları ölkənin bazarını və istehlakçı davranışını yaxşı mənimsəyiblər. Onlar “Made in Azerbaijan” brendinin təşviqinə mühüm töhfələr verə bilərlər. Yerli sərgilərdə iştirak, məhsul tanıtımı və distribütor tapılması və s. istiqamətlər bu sıradadır. Hər il seçilmiş 100 azərbaycanlı könüllü biznesmenə “brend səfiri” statusu verməklə onları motivasiya edə bilərik. Bu şəxslər müəyyən kvotalar çərçivəsində məhsul tanıtım kampaniyalarına rəhbərlik edər, yerli sərgilərdə ölkəmizi təmsil edə bilərlər”. – müsahibimiz söyləyir.
Əlavə edir ki, Azərbaycanın ixrac potensialı olan və “Made in Azerbaijan” etiketi ilə fərqlənə biləcək məhsulların icraxına xüsusi önəm verilməlidir: “Aqrar məhsullar, meyvə, nar, fındıq, şərab, çay, zeytun, zəfəran, bal, əl işləri və sənətkarlıq nümunələri, kosmetika və sağlamlıq məhsulları, bitki əsaslı sabun, kremlər və yağlar, hazır konservlər, milli souslar, mürəbbələr, şərab və spirtli içkilər brend hekayəsi ilə ixraca yönəldilməlidir” – deyə, Gülpəri Bayramova fikrini yekunlaşdırır.
Xatırladaq ki, Azərbaycan Biznes Partnyorları Klubu (BPC) ölkəmizin nüfuzlu iş adamlarının təşəbbüsü və dəstəyi ilə təsis edilib. Əsas missiyası ixracın stimullaşdırılması, “Made in Azerbaijan” brendinin təşviqi və xarici bazarlara çıxışın təminidir. BPC-nin İdarə Heyətinin sədri Gülpəri Bayramova eyni zamanda paytaxt Bakının marketlər şəbəkələrini gündəlik meyvə-tərəvəz məhsulları ilə təhciz edən “Agromix” şirkətinin təsisçisi, Xocavənd rayonunda yerləşən Yağ Emalı Zavodunun icarədarıdır. O, Körfəz ölkələrinin biznes dairələri ilə ciddi əlaqələrə malikdir və ərəb dövlətlərindən Qarabağa investisiya cəlbi istiqamətində də mühüm layihələr həyata keçirir. Müxtəlif beynəlxalq tədbirlərin, o cümlədən Azərbaycan həqiqətlərinin dünyada yayılması ilə bağlı müxtəlif aksiyaların təşkilatçısıdır.