Rəsmiyyə Sabir poeziyası – Ayıq Səmədovun təqdimatındabackend
Yazarlar
1069

Rəsmiyyə Sabir poeziyası – Ayıq Səmədovun təqdimatında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masallı rayonunun Ərkivan qəsəbəsaində anadan olub. Memarlıq və İnşaat Universitetini iqtisadçı-mühəndis ixtisası üzrə bitirib. İqtisad elmləri doktorudur. Hazırda Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunda şöbə müdiri və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professorudur.

Azərbaycan, rus, türk, ingilis, çin dillərində nəşr olunan 120 elmi əsərin (o cümlədən, 3 fərdi, 9 kollektiv monoqrafiyanın, 1 dərs vəsaitinin) müəllifidir. Elmi əsərləri nüfuzlu beynəlxalq elmi bazalarda (SCOPUS, SPRİNGER, Dergipark, İDOSİ və s.) dərc edilib. Elmi əsərləri Türkiyə, Amerika Birləşmiş Ştatları, Malta, Böyük Britaniya, Macarıstan, BƏƏ Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan, Ukrayna və digər ölkələrdə çap olunub. 40 yerli və beynəlxalq elmi konfransda məruzə edib. Rəsmiyyə Sabirin rəhbərliyi ilə 3 dissertasiya işi müdafiə edilib. Sosial müdafiə sisteminin, əmək bazarının, səhiyyə sisteminin dövlət tənzimlənməsi, sosial təhlükəsizliyin təmin olunması, məcburi köçkünlərin repatriasiyası və s. mövzularda elmi tədqiqatlar aparır. Apardığı tədqiqatların nəticələri İqtisadiyyat Nazirliyində, Mərkəzi Bankda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Dövlət Statistika Komitəsində istifadə edilib. 20 ildən artıq elmi və pedaqoji stajı vardır. Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin sədridir.

2003-cü ildə mədəniyyət sahəsindəki xidmətlərinə görə «Fəxri Gənc» adına, 2006-cı ildə elm sahəsindəki nailiyyətlərinə görə Gənclər və İdman Nazirliyinin “İlin Gənc Alimi” mükafatına layiq görülüb.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Dünya Gənc Türk Yazarlar Birliyinin yaradıcılarındandır.

2000-ci ildə Türkiyədə keçirilən 1-ci Beynəlxalq Füzuli şeir yarışmasının mükafatçısıdır.

130-dan çox şeirinə mahnı bəstələnib. 2002-ci ildə sözlərinə yazılmış mahnılardan ibarət «Səni aradım» adlı audio albom işıq üzü görüb.

Bir sıra (“Dəfnə ağacı”, “Məhkumlar”, “Uçurum”, “Bir qadın”, “İntizar”) serialların “ana” mahnısının sözlərini yazıb.

«Həbs olunmuş sükut», «Rəngsiz göz yaşları» və «Kölgəsiz dar ağacları» (İraq), “Unutdun məni”, “Sahilsiz adam” (Türkiyə), “Sonun başlanğıcı”, “Zindan sevinci”,“Yerlə göy arasında” (Türkiyə) və “Təkcə sən birsən, Tanrım” (Özbıkistan) adlı şeir kitablarının müəllifidir.

Bir sıra əsərləri (Yakup Dəli Öməroğlunun “Türküstan”, Özbəkistanlı şair Xasiyet Rüstəmin “Qorxunc”, Kərküklü yazar Şəmsəttin Kuzəcinin “Kərkükdən səsləniş” və “Azərbaycan sevdalısı Şəmsəttin Kuzəci” və s.) Azərbaycan dilinə çevirib. Bunlardan başqa, müasir Qazax ədəbiyyatı, müasir Qırğız ədəbiyyatı antalogiyalarının tərtibçilərindən və tərcüməçilərindəndir. “Çağdaş Azərbaycan ədəbiyyatı – I”, “Çağdaş Azərbaycan ədəbiyyatı-II” Türkiyə türkcəsinə uyğunlaşdırıb. Çağdaş Türk dünyası yazarlarının əsərlərindən ibarət “Türkün səsi” adlı antalaogiyanın tərtibçisi və tərbcüməçilərindəndir. “Unudulmaqda olan milli-mənəvi dəyərlərimiz” adlı kitabın, o cümlədən bölgələrdə yaşayan gənc yazarların yaradıcılığını əks etdirən “Bölgələrdən səslər” adlı antalogiyanın tərtibçisidir.

Onlarla elmi və bədii kitabın redaktoru və rəyçisi olub. Azərbaycanı müxtəlif beynəlxalq tədbirlərdə (Türkiyədə keçirilən II Beynəlxalq FÜZULİ Şeir Yarışmasında və Türk Dünyası Şeir Festivalında, Krımda keçirilən Türkcəsinin VI Beynəlxalq Şeir Festivalında, III Beynəlxalq Tokat Yeşilırmak Şeir Festivalında, Dünya Türk Gəncləri Birliyinin Rumıniyada keçirilən XI və Türkiyədə keçirilən XII  Qurultaylarında və s.) təmsil edib.

2006-cı ildə KİBATEK və Vektor Beynəlxalq Elm Mərkəzinin “İlin Ədəbiyyat Mükafatı”nı alıb. Azərbaycanı müxtəlif beynəlxalq tədbirlərdə (Türkiyədə keçirilən II Beynəlxalq FÜZULİ Şeir Yarışmasında və Türk Dünyası Şeir Festivalında, Krımda keçirilən Türkcəsinin VI Beynəlxalq Şeir Festivalında, III Beynəlxalq Tokat Yeşilırmak Şeir Festivalında, Dünya Türk Gəncləri Birliyinin Rumıniyada keçirilən XI və Türkiyədə keçirilən XII  Qurultaylarında və s.) təmsil edib.

Türk, rus və ingilis dillərindən tərcümələrin müəllifidir. Şeirləri özbək, qazax, qırğız və Türkiyə  türkçələrinə, rus, ingilis, bolqar, gürcü dillərinə tərcümə olunaraq Türkiyə, Rusiya, İraq, İran, İsveç, Almaniya, Bolqarıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və başqa xarici ölkələrdə çap olunub.

2014-cü ildə ədəbi nailiyyətlərinə görə Qırğızıstan Respublikasının “Coomert Bekenbaev” adına medala və “Altın diplom”a layiq görülüb. 2015-ci ildə Özbəkistanda yayınlanan “Kitab dünyası” Qəzeti tərəfindən Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin yaxşılaşdırılmasındakı xidmətlərinə görə Fəxri Diplomla, 2016-cı ildə Kərkük Kültür Mərkəzinin, 2017-ci ildə Azərbaycan-Qazaxıstan ədəbi əlaqələrinə verdiyi töhfələrə görə Qazaxıstanın Mədəniyyət Nazirinin Fəxri Fərmanları ilə təltif olunub. 2017-ci ildə “Fəzanın cazibəsi” antologiyasının hazırlanmasındakı əməyinə görə Rusiya Yazarlar Birliyinin Arxangelsk Regional Bölməsinin Təşəkkürnaməsini qazanıb. 2018-ci ildə ədəbi sahədəki nailiyyətlərinə görə TÜRKSOY-un “Molla Pənah Vaqif” medalına və Fəxri Fərmanına layiq görülüb. 2020-ci ildə Şahmar Əkbərzadə mükafatına layiq görülüb. Həmin ildə Özbəkistanda keçirilən Beynəlxalq Şeir Müsabiqəsinin qalibi olub. 60 ölkədən 400 şairin iştirak etdiyi “Ədəbi Asiya” şeir müsabiqəsinin 1-cisi olub. Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü olub.

Allah  

Qoyma bu dərdi-kədəri,

Qoyma məni yeyə, Allah.

Mən olmasam bu taleyə,

Kimsə durmaz yiyə, Allah.

Günlərim yanıb solduqca,

Tüstüm gözümə dolduqca,

Ürəyim kabab olduqca,

Qəm yığışır iyə, Allah.

Ömrüm keçir «dad» içində,

Dərdi-qəmim şad, içimdə,

İçim, çölüm od içində,

Üşüyürəm niyə, Allah?

Gözlərəm ay batanadək,

Fələk sayan bitənədək,

Gələcəyəm qu quşu tək,

Nəğmə deyə-deyə, Allah.

Mən bu ağlamalı, mən bu gülməli
dünyaya ağlayıb-gülməyə gəldim.

R.Rövşən

GƏLDİM

Bəyaz buludların üstündə idim,
Rəngli yuxuları yozmaya gəldim.

Eşitdim, torpağın üstü gözəldir,
Mən də yer üzünü gəzməyə gəldim.

Çaşıb yer üzünə gələndən bəri,

Özümü öldürdüm mən diri-diri,

Qəlbimin qanıyla xatirələri,

Ömür kitabına yazmaya gəldim.

Ürəkdən bağlandıq dərdlə, ələmlə,

Sadiq yoldaş olduq kədərlə, qəmlə,

Kağızın üstündə lələk qələmlə,

Özüm öz qəbrimi qazmaya gəldim.

ATAMIN ƏLLƏRİ

…hələ də yadımdadır

nənəmin öldüyü gün.

İlk dəfə onda gördüm

Atamın əllərinin böyüməyini.

Evimizə, bu dünyaya

sığmayan nənəm

Atamın əllərinə sığdı.

Böyüdü Atamın əlləri

torpaq oldu.

Əvvəlcə bacılarımı,

sonra qardaşlarımı saxladı.

Xoş günümüzdə

sevincindən quş kimi uçdu.

Ehtiyac içində olduğumuz anlarda ağladı.

Göz yaşları

damarlarından

axıb yudu

yer üzünün günahlarını.

Qışda

soyuqdan qorudu hərarəti bizi.

Böyüdü Atamın əlləri

Allahlaşdı.

Göylərdən gələn fəlakətlərin

qarşısında sipər oldu.

«HAQQ»ın öldüyü gün

tutdu ayağımızın altından qaçan torpağı.

O vaxtdan bəri

Atamın əlləri saxlayır

təməli uçuq yer kürəsini…

Kədərimlə tapmışam  səni

Mən ki, həsrətinlə görüşməmişdim,

Bəs hardan qəhərin tanışdı mənə?

Sən yanımda ikən uzaq gəzən qəm,

Sən yoxkən isnişib alışdı mənə.

Göndərdim yolları arxanca sənin,

Elə hey yol gedən yolum çatmadı.

Saydım əllərimlə ötən günləri,

Aylarım az oldu, ilim çatmadı.

Gözlərimin yaşı axıb dərdimin,

Qara rəngini də açıb ağartdı.

Dərdin ətəyindən tutub çəkirdim,

O da ki, gör məni hara çıxartdı?…

Hələ həsrətinin yaşı bilinmir,

Ömür tək köhnədir, ölüm tək yeni.

Bir vaxt sevincimlə itirmiş idim,

İndi kədərimlə tapmışam səni.

Dünya

Yorulmusan, a dünya,

Qışın yuxusu gəlir.

Hər tərəfdən burnuma,

Ölüm qoxusu gəlir.

Duyub gedirəm.

Nə qəm var, nə göz yaşı,

Bu ayrılıq anında.

Tənha qalmayacaqsan,

Dərdlərimi yanında

Qoyub gedirəm.

Çevril, üzümə bir bax,

Sənə əlvida edim.

Anamın sinəsindən,

Yetərincə qəm yedim.

Doyub gedirəm.

Özümə yer tapmadım,

Sənin geniş üzündə.

Nə xoşbəxtəm, qəbrimi,

İnsanların gözündə

Oyub gedirəm.

Nə mən sənə bağlandım,

Nə də sən mənə yarsan.

Bir az şıltaq uşağam,

Qayıtmasam yazarsan,

«Qayıb», gedirəm.

Mən xoşbəxt olmağa Doğulmamışam

Aygün Həsənoğluna

Bu dünya qəlbimə, ruhuma dardır,

Üstümdə dağ boyda söz yükü vardır,

Sevincə vurğunam, qəm mənə yardır,

Mən xoşbəxt olmağa doğulmamışam.

Bir qəlbin qapısı bağlı üzümə,

Dünyanın kədəri hopub sözümə,

Gecələr dərdlərim sığmaz dözümə,

Mən xoşbəxt olmağa doğulmamışam.

Gözlərim doyubdur, eh, ruhu acam,

İlahi, su çilə qəlbimə bir cam,

Səhrada göyərən tənha ağacam,

Mən xoşbəxt olmağa doğulmamışam.

İnsanlar anlamaz, daş duyar məni,

Baharlar tanımaz, qış duyar məni,

Torpaq, ağac, çiçək, quş duyar məni,

Mən xoşbəxt olmağa doğulmamışam.

Nə mələk, nə şeytan, nə də insanam,

Rəvamı bir sözün oduna yanam?…

Qara dərdiylə saç ağardan anam,

Mən xoşbəxt olmağa doğulmamışam.

Yanaram ocaqda közün dərdinə,

Ağlaram varaqda sözün dərdinə,

Bilinməz şairin, axı, dərdi nə?

Mən xoşbəxt olmağa doğulmamışam.

BAX

Alma suçsuzun günahın,

Cəzası var hər bir ahın,

Fitnə-fəsadlı timsahın,

Gözlərinin yaşına bax…

Bilinmir fələk nə sayır,

Gəl, ağı-qaradan ayır,

Çaqqallar meydan sulayır,

Zəmanənin işinə bax.

Belə gərdişə nə deyim,

İlanı qızıl don geyir,

Yaxşını bişirib yeyir,

Bu torpağın dişinə bax.

… Bunlara köksün ötürən,

Çox da bədgüman olma, Sən,

İçində çiçək bitirən,

Qayasına, daşına bax…

DƏRD

Satsam da alan tapılmaz,

Kimə verim mən bu dərdi?

«Dağın dərdindən dağ anlar»,

Qoca nənəm hey deyərdi.

(Deyib başına döyərdi)

Gözlərimdən yaş damladı,

Hey axıtdım boşalmadı,

Göy üzündə daş qalmadı,

Fələk özünü öyərdi…

Hünərə bax sən bu qəmdə,
Məni yaxır hər bir dəmdə,
Su səpdilər ürəyimdə,

Yenə də kədər göyərdi…