Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) inzibati binasında qiymətləndirici təşkilat rəhbərlərinin iştirakı ilə qiymətləndirmə fəaliyyətində rəqəmsal transformasiya, elektron xidmətlərin genişləndirilməsi və elektron portalın funksional imkanlarına həsr olunan seminar keçirilib.
Palatadan Apress.az-a verilən məlumata görə, seminarda giriş nitqi söyləyən Azərbaycan Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov bildirib ki, rəqəmsallaşma müasir dövrün əsas inkişaf istiqamətlərindən biri olmaqla idarəetmədə çevikliyin, xidmət keyfiyyətinin və şəffaflığın artırılmasında mühüm rol oynayır. Onun sözlərinə görə, bu gün istənilən sahədə dayanıqlı inkişafın təmin olunması rəqəmsal texnologiyaların tətbiqi ilə bilavasitə bağlıdır.
Sədr qeyd edib ki, rəqəmsallaşma Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. O vurğulayıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Rəqəmsal İnkişaf Şurasının yaradılması ölkədə rəqəmsal transformasiyaya verilən strateji önəmin göstəricisidir.
N. İbrahimov bildirib ki, Azərbaycan Qiymətləndiricilər Palatası da bu istiqamətdə ardıcıl fəaliyyət göstərərək elektron portalın imkanlarını davamlı şəkildə genişləndirir. Portal qiymətləndirmə proseslərinin daha operativ və səmərəli təşkilinə, sənəd dövriyyəsinin optimallaşdırılmasına, hesabatların etibarlılığının artırılmasına və xidmətlərin vahid rəqəmsal platforma üzərindən həyata keçirilməsinə imkan yaradır.
Seminarda elektron portalın funksional imkanları, rəqəmsal həllərin qiymətləndirmə fəaliyyətinə inteqrasiyası, qiymətləndirmə hesabatlarının QR-kod vasitəsilə təsdiqlənməsi mexanizmi, məlumatların təhlükəsizliyi, şəffaflığın gücləndirilməsi, habelə elektron xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində görülən işlər ətrafında geniş müzakirələr aparılıb.
Tədbirdə çıxış edən qiymətləndirici təşkilatların rəhbərləri elektron portalın funksionallığının artırılması, istifadəçi imkanlarının genişləndirilməsi və rəqəmsal həllərin tətbiqinin sürətləndirilməsi ilə bağlı təkliflərini səsləndiriblər.





