Müəssisələrin qiymətləndirilməsi üzrə Milli Reyestr yaradılsın – TƏKLİFbackend
Müsahibə

Müəssisələrin qiymətləndirilməsi üzrə Milli Reyestr yaradılsın – TƏKLİF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müəssisələrin qiymətləndirilməsi investisiya mühitinin daha şəffaf və etibarlı formalaşdırılması baxımından prioritet istiqamətlərdən biridir. Hesab edirəm ki, ölkədə qiymətləndirilmiş müəssisələr üzrə vahid elektron Milli Reyestr yaradılmalı, iri biznes subyektlərinin qiymətləndirmə hesabatları müəyyən dövriliklə yenilənməlidir”.

Bu fikirləri İqtisadiyyat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) üzvü, “PRİCE EXPERT” qiymətləndirmə şirkətinin təsisçisi və direktoru Hüseyn Talıbov səsləndirib.

Onun sözlərinə görə, OECD ölkələrinin əksəriyyətində, hansı ki, dünyanın 38 inkişaf etmiş və inkişaf etməkdə olan dövlətini birləşdirir, eləcə də Böyük Britaniya, Sinqapur və Avstraliyada korporativ əməliyyatlar zamanı beynəlxalq qiymətləndirmə standartlarına əsaslanan müstəqil biznes qiymətləndirilməsi investorların əsas etibar mexanizmlərindən biri hesab olunur: “PwC və “Deloitte”nin qlobal araşdırmaları göstərir ki, iri şirkətlərin bazar dəyərinin 80 faizdən çoxunu qeyri-maddi aktivlər təşkil edir. Bu isə o deməkdir ki, müəssisənin real dəyəri yalnız balans göstəriciləri ilə deyil, gələcək pul axınları, intellektual kapital, bazar mövqeyi və idarəetmə keyfiyyəti əsasında müəyyən edilməlidir.

Azərbaycanda könüllü deyil, iqtisadi təhlükəsizlik baxımından vacib hesab edilən bəzi əməliyyatlarda müstəqil müəssisə qiymətləndirilməsinin tətbiqi məqsədəuyğun olardı. Xüsusilə iri birləşmə və satınalma əməliyyatları, dövlət iştiraklı müəssisələrin transformasiyası, strateji özəlləşdirmə layihələri və xarici investisiyaların cəlb olunduğu sövdələşmələrdə beynəlxalq standartlara uyğun qiymətləndirmə rəyi əsas sənədlərdən biri olmalıdır. Bu, həm investoru, həm də dövləti mümkün maliyyə risklərindən qoruyacaq. Ölkədə müəssisələrin qiymətləndirilməsi üzrə etalon maliyyə göstəricilərini özündə əks etdirən anonimləşdirilmiş məlumat bazasının formalaşdırılması da bazarın inkişafına ciddi təkan verə bilər”.

Ekspert qeyd edir ki, belə platforma qiymətləndiricilərə daha dəqiq bazar müqayisələri aparmağa, banklara kredit risklərini düzgün hesablamağa, investorlara isə obyektiv qərar verməyə imkan yaradacaq: “Bu model artıq bir sıra inkişaf etmiş ölkələrdə uğurla tətbiq edilir və bazarda qiymətləndirmə dəqiqliyini əhəmiyyətli dərəcədə artırır.

Müəssisələrin qiymətləndirilməsi iqtisadiyyatın köməkçi xidməti deyil, kapital bazarının və investisiya mühitinin strateji infrastrukturudur. “Bu istiqamətdə beynəlxalq standartlara əsaslanan institusional islahatlar həyata keçirilərsə, Azərbaycanın investisiya cəlbediciliyi və biznes mühitinin rəqabət qabiliyyəti yeni mərhələyə yüksələ bilər” – Hüseyn Talıbov vurğulayıb.