Standartlar, şəffaflıq və etimad: AQP bazarı necə dəyişir?backend
Müsahibə

Standartlar, şəffaflıq və etimad: AQP bazarı necə dəyişir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın qiymətləndirmə bazarında şəffaflıq və peşəkar standartların yüksəldilməsi istiqamətində mühüm islahatlar həyata keçirilir. Bu prosesdə Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) İntizam Komissiyası da fəal iştirak edir. Komissiya sadəcə cəza mexanizmi funksiyasını həyata keçirən qurum kimi deyil, sahənin strateji inkişaf mühərriki kimi çıxış edir. Komissiyanın tətbiq etdiyi yeni iş metodu olan hər bir qiymətləndiriciyə fərdi yanaşma prinsipi peşəkar mühitdə ciddi maraq doğurub.

Mövzu ilə bağlı suallarımızı Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) İntizam Komissiyasının sədri Nahid Həsənov cavablandırır.

– Hazırda Azərbaycan Qiymətləndiricilər Palatasının İntizam Komissiyasının fəaliyyətində köklü dəyişikliklər müşahidə olunur. Fəaliyyətinizin fəlsəfəsi nədən ibarətdir?

– Bu gün Azərbaycanın qiymətləndirmə bazarı keyfiyyət baxımından yeni mərhələyə qədəm qoyur. İntizam Komissiyası olaraq biz fəaliyyətimizi yalnız baş vermiş pozuntuların sanksiyalaşdırılması üzərində deyil, həmin pozuntuların kökündə duran səbəblərin aradan qaldırılması üzərində qururuq. Bizim əsas fəlsəfəmiz “nəzarətdən inkişafa” keçiddir. Hesab edirik ki, hər bir qiymətləndirmə şirkəti özünəməxsus təşkilati struktura və metodoloji yanaşmaya malikdir. Bu səbəbdən şablon nəzarət mexanizmləri əvəzinə, qiymətləndircilərlə fərdi dialoqa üstünlük veririk. Məqsədimiz intizam tədbirlərini qorxuducu faktor deyil, peşəkar təkmilləşməyə xidmət edən bir alətə çevirməkdir.

– Qeyd etdiyiniz “fərdi yanaşma” praktiki olaraq necə icra edilir və qiymətləndiricilər üçün hansı faydaları vəd edir?

– Bu gün Palata tərəfindən 200-ə yaxın qiymətləndirici reyestrə alınıb ki, onlar öz fəaliyyətlərini 126 qiymətləndirici təşkilatda davam etdirirlər. Praktiki müstəvidə bu şirkətlərin iş prosesini dərindən öyrənirik. Bu, yalnız kağız üzərində aparılan bir yoxlama deyil. Biz şirkətin peşəkar boşluqlarını, metodoloji çatışmazlıqlarını və kadr potensialını təhlil edirik. Nəticədə hər bir şirkətə öz fəaliyyətini beynəlxalq standartlara uyğunlaşdırması üçün konkret tövsiyələr paketi təqdim olunur. Bu yanaşma vicdanlı bazar iştirakçılarını stimullaşdırır. Qiymətləndirici təşkilatlar artıq bizi “təftişçi” kimi deyil, onların keyfiyyət artımında maraqlı olan peşəkar tərəfdaş kimi görürlər. Bu da öz növbəsində hesabatların keyfiyyətinin yüksəlməsinə birbaşa təsir göstərir.

– Qiymətləndirmə hesabatlarının keyfiyyəti birbaşa ölkənin investisiya mühiti ilə əlaqələndirilir. Komissiyanın fəaliyyəti bu sahədə hansı boşluqları doldurur?

– Qiymətləndirmə hesabatı investor üçün qərarvermə bazasıdır. Əgər hesabat əsassızdırsa və ya metodoloji səhvlərlə doludursa, bu, bütövlükdə investisiya mühitinə kölgə salır. İntizam Komissiyası olaraq biz obyektivlik, peşə etikası və şəffaflıq prinsiplərini ön plana çəkirik. Mürəkkəb obyektlərin qiymətləndirilməsi zamanı yol verilən yanlışlıqları analiz edərək, vahid standartların formalaşmasına çalışırıq. Komissiyamızın fəaliyyəti sayəsində bazarda məsuliyyət hissi və əsaslandırılmış qərarvermə mədəniyyəti formalaşır. Bu, həm yerli, həm də xarici investorlar üçün Azərbaycan bazarının etibarlılığını artıran mühüm faktordur.

– Uzunmüddətli perspektivdə İntizam Komissiyasının bu strateji fəaliyyəti Azərbaycan Qiymətləndiricilər Palatasının institusional nüfuzuna necə təsir edəcək?

– Bizim hədəfimiz AQP-nin institusional rolunu maksimum gücləndirməkdir. İntizam Komissiyasının bu yeni modeli qiymətləndirmə praktikasının standartlaşdırılmasına və peşəkar dərinliyin artmasına xidmət edir. Gələcəkdə biz bu yanaşmanın nəticəsi kimi tam şəffaf, yüksək etik dəyərlərə malik və beynəlxalq səviyyədə rəqabətədavamlı bir qiymətləndirmə camiəsi görəcəyik. Komissiya sadəcə “cəza verən” tərəf deyil, sahənin intellektual və peşəkar mərkəzi kimi çıxış edəcək. Bu da Palatanın həm dövlət qurumları, həm də biznes strukturları qarşısında nüfuzunu sarsılmaz edəcək.