Ekspert: “İnvestor milyonları aktivə yox, onun dəyərini təyin edən sistemə yatırır”backend
Müsahibə

Ekspert: “İnvestor milyonları aktivə yox, onun dəyərini təyin edən sistemə yatırır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İnvestor milyonlarla dolları yalnız bir əmlaka, biznesə və ya layihəyə yatırmır. O, ilk növbədə həmin aktivin dəyərini müəyyən edən sistemə, bu sistemi təmsil edən peşəkarlığa və müstəqilliyə etibar edir. Məhz buna görə peşəkar qiymətləndirmənin müstəqilliyi təkcə peşə prinsipi deyil, iqtisadi etimadın və investisiya təhlükəsizliyinin əsas şərtidir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) üzvü, əmlak eksperti Hüseyn Talıbov söyləyib.

Onun sözlərinə görə, müasir iqtisadiyyatda qiymətləndirmə hesabatı sadəcə rəqəmlər toplusu deyil, maliyyə qərarlarının, investisiya axınlarının və bazar etimadının formalaşmasında həlledici rol oynayan fundamental sənəddir: “Dünya iqtisadiyyatında qiymətləndirmənin əhatə dairəsi və təsir imkanları son dərəcə böyükdür. Hazırda qlobal daşınmaz əmlak aktivlərinin ümumi dəyəri 380 trilyon ABŞ dollarından artıq qiymətləndirilir. Bu rəqəm dünya üzrə səhmlərin və borc qiymətli kağızlarının ümumi həcmindən daha böyükdür. Belə nəhəng aktivlərin bazar dəyərinin müəyyən edilməsində əsas rol məhz peşəkar və müstəqil qiymətləndirməyə məxsusdur. Çünki qiymətləndirməyə olan etimad zəiflədikdə, risk təkcə bir aktivə deyil, bütövlükdə maliyyə sisteminə sirayət edir.

Müsahibimiz vurğulayıb ki, beynəlxalq təcrübə müstəqil qiymətləndirmənin iqtisadi sabitlik üçün nə qədər vacib olduğunu dəfələrlə sübut edib: “ABŞ-da ipoteka bazarının həcmi 13 trilyon dollardan çoxdur və bu bazarın fəaliyyətinin əsas dayaqlarından biri müstəqil qiymətləndirmə institutudur. Banklar kredit qərarları qəbul edərkən, investorlar aktiv alarkən, sığorta şirkətləri riskləri qiymətləndirərkən məhz obyektiv və qərəzsiz qiymətləndirmə hesabatlarına istinad edirlər. Əgər qiymətləndirmə müstəqil deyilsə, risklərin düzgün hesablanması da mümkün olmur. Bu isə bütöv maliyyə sistemində etimadın azalmasına gətirib çıxara bilər”.

Ekspert qeyd edir ki, dünyanın aparıcı iqtisadiyyatları qiymətləndirmə institutunun müstəqilliyini qanunvericilik və beynəlxalq standartlarla qoruyur: “Bu gün Beynəlxalq Qiymətləndirmə Standartları 100-dən çox ölkədə tətbiq olunur. Həmin standartların əsas fəlsəfəsi qiymətləndiricinin yalnız faktlara, bazar məlumatlarına və peşəkar mülahizəyə əsaslanaraq qərar qəbul etməsidir. Qiymətləndirici heç bir maraq qrupunun, sifarişçinin və ya kənar təsirin deyil, obyektiv bazar reallıqlarının tərəfdarı olmalıdır. Məhz buna görə müstəqillik qiymətləndirmə peşəsinin ən vacib prinsipi hesab edilir.

Qlobal investisiya mühitində etimadın formalaşması üçün ilk növbədə qiymətləndirmə institutuna etimad mövcud olmalıdır. İnvestor üçün ən böyük risk bazarın dəyişməsi deyil, dəyərin düzgün müəyyən edilməməsidir. O, milyonlarla dolları aktivə deyil, həmin aktivin dəyərini müəyyən edən sistemə etibar edərək yatırır. Buna görə də qiymətləndiricinin imzası bəzən bir aktivdən daha böyük dəyər yaradır və bazarın etimadını formalaşdırır”.

Ekspert hesab edir ki, rəqəmsal texnologiyaların və süni intellektin sürətlə inkişaf etdiyi müasir dövrdə belə peşəkar mülahizə, etik məsuliyyət və müstəqil qərarvermə qiymətləndirmənin dəyişməz prinsipləri olaraq qalır: “Texnologiyalar hesablama sürətini artırır, məlumatların emalını asanlaşdırır. Lakin obyektiv qərar, etik yanaşma və peşəkar məsuliyyət alqoritmlərlə əvəz edilə bilməz. Məhz buna görə gələcəyin ən güclü qiymətləndirmə sistemi texnologiya ilə insan peşəkarlığının vəhdətinə əsaslanacaq.

Azərbaycanda qiymətləndirmə fəaliyyətinin beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi, peşə etikasının möhkəmləndirilməsi və institusional müstəqilliyin təmin olunması ölkənin investisiya cəlbediciliyinin artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Qiymətləndirmə sadəcə aktivin qiymətini müəyyən etmir. O, iqtisadi münasibətlərdə etimadın səviyyəsini müəyyən edir” – Hüseyn Talıbov bildirir.

Əlavə edir ki, müstəqil qiymətləndirmə varsa, investor özünü təhlükəsiz hiss edir, sahibkar gələcəyini daha inamla planlaşdırır, maliyyə sistemi isə daha dayanıqlı olur: “Buna görə də peşəkar qiymətləndirmənin müstəqilliyi iqtisadi inkişafın görünməyən deyil, ən etibarlı dayaqlarından biridir”.