“İyunun 20-də Ermənistanda növbədənkənar seçkilərdən sonra bu ölkədə yeni bir siyasi mərhələ başlayacaq. Baş nazir Nikol Paşinyanın hakimiyyətdə qalması mümkündür”.
Sfera.az-ın məlumatına görə, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Paşinyan hakimiyyətdə qalacağı təqdirdə, Azərbaycanla əlaqələri hansı istiqamətdə quracağı Ermənistanda əsas müzakirə predmeti olaraq qalır və bura ilk növbədə Azərbaycanla əlaqələrin normallaşdırılması və birgə Bəyannamədən irəli gələn şərtlərin yerinə yetirilməsi daxildir:
“Hazırda Ermənistanda aralıq bir dövr yaşanır. Baş nazir Nikol Paşinyan seçkilərdə qələbəsini təmin etmək və daxili siyasi qüvvələri özünə qarşı neytrallaşdırmaq üçün gedişlər edir. Məhz bu fonda Azərbaycanla kommunikasiyaların açılması və Qarabağla bağlı təxribatçı ritorikaya əl atması mümkündür. Halbuki, 10 noyabr Birgə Bəyannamədə nə status məsələsi, nə də Dağlıq Qarabağ termini var. Paşinyanın bu səpkidə açıqlamaları daxili auditoriyaya hesablansa da, seçkidən sonra addımları atması gözlənilmir. Ona görə də imza atılan Bəyannamə atəşkəs və sülhə aparan bir yol xəritəsidir. Ermənistanın bu Bəyannamədən çıxması gözlənilmir”.
Politoloq qeyd edib ki, Ermənistan tərəfi seçkilərdən sonra Türkiyə və Azərbaycanla əlaqələrin bərpasını irəli sürəcəksə, rəsmi Bakı Yerevandan bir neçə şərtə əməl edilməsini tələb etməlidir:
“Birinci, Azərbaycan ərazisində erməni separatçıları dəstəklənməməlidir. İkinci, Ermənistan öz ərazisindən xarici ölkə rəsmilərinin və nümayəndə heyətlərinin Qarabağa girişinə şərait yaratmamalıdır. Üçüncü, “Artsax Respublikası” adı ilə beynəlxalq müstəvidə təbliğata son verməlidir. Əgər Ermənistan hakimiyyəti bu şərtləri qəbul etməyəcəksə, bu ölkə ilə normal əlaqələrin qurulmasına gedilməməlidir”.