ABŞ dövlət katibi Prezident İlham Əliyevə zəng edibbackend
Siyasət
333

ABŞ dövlət katibi Prezident İlham Əliyevə zəng edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 28-də ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

APress.az xəbər verir ki, ABŞ-ın dövlət katibi Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafına toxunaraq əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini bildirib, enerji təhlükəsizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlığı qeyd edərək Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsinin əhəmiyyətini vurğulayıb, Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirib.

Telefon zənginə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Azərbaycan-ABŞ əlaqələrinin zəngin tarixə malik olduğunu qeyd edib, Cənub Qaz Dəhlizi layihəsinin icrasına verilən dəstəyə görə ABŞ hökumətinə bir daha təşəkkür edib. Regional təhlükəsizlik sahəsində əməkdaşlığa toxunan Prezident İlham Əliyev Əfqanıstanda sülhməramlı missiyanın fəaliyyətə başladığı ilk mərhələdən Azərbaycanın oradakı iştirakının önəmini vurğulayıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan müharibəsindən sonrakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini çatdırmış, ölkəmizin ermənilər tərəfindən dağıdılan ərazilərində bərpa işlərinin həyata keçirildiyini qeyd edib.

Prezident İlham Əliyev, eyni zamanda, regionda kommunikasiyaların açılmasının önəmini vurğulamış və uzun müddətli sülhün təmin edilməsi ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırıb. Prezident İlham Əliyev və ABŞ dövlət katibi ATƏT-in Minsk qrupunun gələcək fəaliyyəti ilə bağlı da fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı tərəflər Azərbaycanda demokratik proseslərin inkişafı, insan haqlarının təmin olunması, siyasi pluralizmin qorunması və təmin edilməsinin önəmini vurğulayıblar.

Entoni Blinken bu il də “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin müvəqqəti dayandırıldığını qeyd edib.

Prezident İlham Əliyev bununla bağlı minnətdarlıq bildirib.

Azərbaycan Prezidenti, eyni zamanda, bu günlərdə ABŞ Prezidentinin dırnaqarası erməni soyqırımı ilə bağlı bəyanatı ilə əlaqədar qeyd edib ki, Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir, postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayır və ABŞ Prezidentinin bu açıqlaması Azərbaycan rəhbərliyi və ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanıb.