Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
“Apress.az” xəbər verir ki, silsilə tədbirlərdə nazirliyin Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssisləri də iştirak edib.
Tədbirlər Bakı Regional Mərkəzi tərəfindən Bakı Reabilitasiya Mərkəzində, Yasamal rayonunda yerləşən 39 nömrəli Şəhər Poliklinikasında, Sabunçu rayon 169 və Yasamal rayon 336 nömrəli tam orta məktəblərində, Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron-Xızı Regional Təhsil İdarəsində, Sumqayıt şəhər 6 nömrəli və Abşeron rayon, Fatmayı kənd tam orta məktəblərində, Aran Regional Mərkəzi tərəfindən Mingəçevir şəhər Y.Muradov adına 11 və Zərdab rayon 4 nömrəli tam orta məktəblərində, Qarabağ Regional Mərkəzi tərəfindən Bərdə rayonu, Qarayusifli kənd və Ağdam rayon 1 nömrəli tam orta məktəblərində, Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz şəhər 7 və Siyəzən şəhər 2 nömrəli tam orta məktəblərində, Cənub Regional Mərkəzi tərəfindən Lənkəran rayonu, Velədi kənd ümumi orta məktəbində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Qəbələ şəhər N.Apayev adına 4 nömrəli tam orta məktəbində və Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzində, Muğan Regional Mərkəzi tərəfindən Hacıqabul şəhər 2 nömrəli tam orta məktəbində keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.