Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev olimpiya və dünya mükafatçıları Rövşən Bayramov, Hacı Əliyev, Həsən Əliyev, Cəbrayıl Həsənov, Əlisa Abbasov, həmçinin bir qrup fəal gənclə görüş keçirib.
Pravda.az-ın məlumatına görə, vitse-spiker ölkədə bədən tərbiyəsi və idman siyasətinin, habelə gənclərlə bağlı aparılan işlərin daim ön planda olmasından, bu sahədə Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, habelə Milli Məclisin Gənclər və idman komitəsinin fəaliyyətindən danışıb, ölkə başçısının idmançılara diqqət və qayğısından məmnunluğunu ifadə edib.
Görüşdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatla ölkə tarixində yeni səhifə açılmasından, hazırda işğaldan azad edilmiş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün görülən işlərdən danışılıb.
Adil Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) qurultayında ölkə başçısının şəhid ailələrinin və qazilərin daim diqqət mərkəzində saxlanması barədə fikirlərini yada salaraq, bu sahədə aparılan işlərdə hər kəsin səfərbər olmasının vacibliyini vurğulayıb.
Söhbət zamanı vitse-spiker Yay Olimpiya Oyunlarının mükafatçısı Rövşən Bayramovu YAP İdarə Heyətinin üzvü təyin edilməsi münasibətilə təbrik edərək, idmançıların ölkənin ictimai-siyasi həyatında da yaxından iştirakını yüksək qiymətləndirib.
Gənclərin idmana marağının artırılması, bu amilin gənclərdə vətənpərvərlik hissinin formalaşmasına təsiri və onların zərərli vərdişlərdən uzaq olmasında rolu barədə fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Azərbaycanı beynəlxalq yarışlarda uğurla təmsil edən idmançılara, habelə Vətən müharibəsində xidmətlər göstərən bir qrup şəxsə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri Fərmanı təqdim edilib.