Avropa Məhkəməsi qərarını elan edib. Hökumət Tofiq Yaqubluya 9000 avro təzminat ödəməlidirbackend
Siyasət
335

Avropa Məhkəməsi qərarını elan edib. Hökumət Tofiq Yaqubluya 9000 avro təzminat ödəməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, iyulun 15-də Müsavat Partiyası təmsilçisi Tofiq Yaqublunun iki şikayəti üzrə qərarını elan edib. Məhkəmə siyasi-ictimai xadimin iddia etdiyi pozuntuların əksəriyyətini tanıyıb.

AİHM hesab edib ki, iki dəfə inzibati məsuliyyətə cəlb edilmiş T.Yaqubluya münasibətdə azadlıq və toxunulmazlıq (Maddə 5.1) və ədalətli məhkəmə araşdırması (Maddə 6.1, 6.3) hüquqlarının pozuntusuna yol verilib.

Qərar qəti olduqdan sonra hökumət T.Yaqubluya mənəvi zərərə görə 8000 avro, xərc və məsrəflərə görə isə 1000 avro təzminat ödəməlidir.

  • Şikayət: AİHM-ə 2013-14-cü illərdə göndərilmiş bu şikayətlər T.Yaqublunun 2012-ci ilin may ayının 24-də və 25-də polislər tərəfindən iki dəfə saxlanılması ilə bağlı idi. Ərizəçi 2012-ci ilin mayın 24-də, müxalif qüvvələrin aksiyasından bir gün əvvəl Suraxanı rayonunda saxlanılıb. Onun inzibati qaydada cərimə edilməsinə (20 AZN) qərar verilib.Ertəsi gün “Sahil” metro stansiyasının yaxınlığında bu dəfə oğlu ilə birlikdə saxlanılan T.Yaqublu bir gün polis bölməsində saxlanılıb. Polisin qanuni əmrinə tabe olmamağa görə təqsirli bilinən ərizəçi yenidən inzibati qaydada 20 AZN cərimə olunub. Ərizəçi hər iki işi milli məhkəmələrdə mübahisələndirib. Lakim onun şikayətləri rədd olunub.

Ərizəçi AİHM-ə şikayətlərində iddia edirdi ki, barəsindəki araşdırmalar və qərarlar onun işgəncəyə məruz qalmamaq (Maddə 3, saxlanılma şəraitinin uyğunsuzluğu), azadlıq və toxunulmazlıq (Maddə 5), saxlanılmanın qanunsuzluğu) və ədalətli məhkəmə araşdırması (Maddə 6) hüquqlarına müdaxilə məzmununda olub.