Türkiyəli və azərbaycanlı jurnalistlərin “Saxta erməni soyqırımının gerçək üzü” adlı birgə konfransı keçirilib.
APress.az xəbər verir ki, “Global Journalism Council” tərəfindən təşkil edilən konfransın moderatoru təşkilatın beynəlxalq məsələlər üzrə sədr müavini Elşad Eyvazlı olub. Tədbirdə “Council”ın sədri Mehmet Ali DİM, Azərbaycan və Türkiyənin 30-a yaxın jurnalisti, ekspertlər iştirak ediblər.
Onlayn şəkildə təşkil edilən konfransa ”Global Journalism Council”ın sədr müavini İsmail Bayazıt, İdarə Heyətinin üzvü Aynur Tattersall, Ənənəvi Media Məclis sədri Buse Biçer Xarici Media Məclis sədrinin müavini Benan Kepsutlu, Məsləhətləşmə Şurasının üzvü Hakan Akbaş, qurum üzvləri Ahmet Coşkunaydın və Canan Ekici ilə yanaşı, tanınmış təhsil eksperti, Sosial Media, Elektron Təhlükəsizlik və Təhsil Araşdırma Dərnəyi (SODİMER) sədri, professor Levent Eraslan da qatılıblar.
Deputat, fəlsəfə üzrə fəlsəfə doktoru Cavanşir Feyziyev və Anadolu Universitetinin professoru Levent Eraslan çıxış edərək, tədbir iştirakçılarını erməni yalanlarının, saxta erməni soyqırımının tarixi kökləri haqqında məlumatlandırıblar.
C.Feyziyev tarixi faktlara əsaslanaraq, ermənilərin iddialarının əsassız olduğunu vurğulayıb. Deputat sosial şəbəkələrdə bununla bağlı görülməli işlərə xüsusi diqqət ayrılmalı olduğunu qeyd edib.
O, həmçinin Xocalı soyqırımı ilə bağlı filmlərin çəkilməsi, ən yüksək səviyyədə soyqırımının dünyaya tanıdılması üçün silsilə addımların tərəfdarı olduğunu deyib.
Levent Eraslan isə gənclərin qondarma erməni soyqırımının ifşası istiqamətində görə biləcəyi işlər, sosial mediada bununla bağlı atılmalı addımlar haqqında fikirlərini bölüşüb.
Toplantıda hər il 24 aprel ərəfəsində Türkiyənin, Azərbaycanın və ümumilikdə Türk dünyasının Amerika Birləşmiş Ştatlarının rəhbər strukturlarında aparılan müzakirələrə fokuslandığı diqqətə çatdırılıb. Bununla bağlı hər il bu tarixdə qabaqlayıcı işlərin görülməli olduğu bildirilib. Qərara alınıb ki, bu istiqamətdə sistemli şəkildə işə başlansın.
Tədbirdə bu məsələ ilə bağlı azərbaycanlı və türkiyəli jurnalistlərin daha böyük heyətdə müzakirələr aparması, davamlı görüşlərin keçirilməsi, xarici jurnalistlərin cəlb olunması qərara alınıb.
Konfrans Türkiyənin “DİM” Televiziyası və “MediaTürk TV”nin efirində canlı yayımlanıb.