Azərbaycan Respublikası və Portuqaliya Respublikasının Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin ikinci raundu idarə rəisləri səviyyəsində videokonfrans formatında keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən APress.az-a verilən məlumata görə, məsləhətləşmələr zamanı Azərbaycan ilə Portuqaliya arasında ikitərəfli əlaqələr nəzərdən keçirilib, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, təhlükəsizlik, regional və maraq kəsb edən digər məsələlər müzakirə olunub. Portuqaliyanın Avropa İttifaqı Şurasına hazırkı sədrliyini nəzərə alaraq, həmçinin Azərbaycanın Aİ ilə əməkdaşlığı məsələləri üzrə fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı yüksəksəviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin, eləcə də parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra siyasi məsləhətləşmələrin növbəti raundunun əyani şəkildə keçirilməsini razılaşdırıblar.