Azərbaycanda terror-təxribat törətməkdə ittiham olunan Ermənistan vətəndaşları – Karapetyan Rafik Robertoviç, Qoloyan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşik Merojanoviç, Yeğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrikyan Vahagen Edikoviç, Soğomonyan Setrak Samveloviç, Dilanyan Armen Vazgenoviç, Martonyan Manuk Hovanesoviç, Ambardanyan Mels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç və Qriqoryan Feliks Arşakoviçin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilir.
APress.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilir.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş antiterror əməliyyatı nəticəsində tərksilah edilmiş Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
İstintaq nəticəsində müəyyən edilib ki, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.
Dəstə üzvləri Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunublar.