Milli Məclisin deputatı Elnur Allahverdiyev facebook səhifəsində Bakının məşhur “Sovetski” məhəlləsində aparılan abadlıq işləri barədə seçicilərinə məlumat verib.
Apress.az millət vəkilinin hesabat xarakterli müraciətini təqdim edir:
“17 saylı Yasamal üçüncü seçki dairəsinin böyük bir qismi tarixi Bayır şəhər, yaxud çoxlarımızın bildiyi “Sovetski” ərazisinə düşür. “Sovetski” deyərkən gözlərimiz önünə ilk olaraq nə gəlir? Dar küçələr, dalanlar, ümumi həyətlər. Bu küçə və evlər şəhərsalma planına əsasən sökülməli, yerində yeni, müasir binalar tikilməlidir. Amma pandemiya tikinti sektoruna da ziyan vurduğundan, özəl sektorun fəaliyyət sahəsinə düşən bu ünvanlarda işlərin nə zaman başlayacağı bəlli deyil.
Bizə edilən müraciətlər arasında sakinlər həyətlərinin asfalt örtüyünün aşınmış olduğunu və narahatlıq yaratdığını bildirirlər. Bu problemi biz Yasamal Rayon İcra Hakimiyyəti ilə tez-tez müzakirə edirik. Nəticə olaraq qərara gəlindi ki, həmin həyətlərdə sakinlərin rahatlığını təmin etmək məqsədilə asfalt örtüyünün yenilənməsi həyata keçirilsin.
İlk işimiz Murtuza Muxtarov küçəsi, 94 ünvanından başladı. Fotolardan da göründüyü kimi, həyətin asfalt örtüyü xeyli müddətdir yenilənmir. İndi isə bu problem aradan qalxdı. Xeyirli olsun!
Təşəbbüsümüzə dəstək verdiyi üçün Yasamal Rayon İcra Hakimiyyətinə təşəkkür edirik. Biz birlikdə güclüyük!”