Ermənistan sülhə məcbur edildi, indi müqaviləyə (sülh müqaviləsinə) məcbur edilməlidir. Birinci hərbi əməliyyatlar nəticəsində baş tutdu, ikincisi diplomatik müstəvidə, beynəlxalq təşkilatların təşviqi ilə reallaşmalıdır.
Qarabağ münaqişəsinin bircə həll yolu var idi: düşməni sülhə məcbur etmək! Təsadüfi deyil ki, 2020-ci il sentyabr ayının 27-də başlayan Qarabağ döyüşləri Ermənistanı sülhəməcburetmə əməliyyatı adlandırılır. Azərbaycanın əks-hücum əməliyyatlarını həyata keçirməsində əsas məqsəd torpaqları işğaldan azad etmək və Ermənistanı sülh-danışıq masasına oturtmaq idi. Belə də oldu: sülhəməcburetmə əməliyyatları noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş naziri arasında razılaşma bəyanatının imzalanması ilə nəticələndi.
Bu bəyanat təkcə Azərbaycanın şəksiz qələbəsini və Ermənistanın acınacaqlı məğlubiyyətini özündə ehtiva etmir, həm də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün əsas baza rolunu oynayır. 10 noyabr sazişinin üstündən isə 6 aydan artıq vaxt keçib. Sülh müqaviləsinin imzalanması üçün Azərbaycan lazım olan bütün addımları atıb və atmaqdadır.
Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında hərbi qarşıdurmaların tamamilə aradan qaldırılması və sülh müqaviləsinin hazırlanması üçün ortaya kifayət qədər ciddi mövqe qoyub. Azərbaycan bu məqsədlə humanitar, iqtisadi və kommunikasiya xarakterli jestlər etsə də, hələki Ermənistandan bir xəbər yoxdur, rəsmi İrəvanın başı isə daha çox daxili siyasi çəkişmələrə və revanşist qüvvələrin nağıllarına qarışıb.
Sülh müqaviləsinin bağlanması dünyada üçün hansı nümunələr var?
Yaxın tarixdə baş verən Ərəb-İsrail müharibələrinin kökləri xeyli əvvələ – ən azı XIX əsrin ortalarında ərəb-yəhudi münaqişələrinin başladığı dövrə qədər gedib çıxır. Neçə ki ermənilərin azərbaycanlılara qarşı “tarixi plan”larından danışarkən, ən azı XIX əsrin əvvələrinə qayıtmaq lazımdır. Ötən əsrdə ərəb dövlətləri ilə İsrail arasında bir neçə müharibələr olmuşdu, ancaq nəticədə 1978-ci il sentyabrın 17-də Misir və İsrail arasında Kemp-Devid müqaviləsi imzalandı. Bu, İsrailin tarixdə bir ərəb dövləti ilə bağladığı ilk müqavilə idi. Hər kəsin öhdəlikləri, üzərinə götürdüyü şərtlər var idi. Məsələ bundadır ki, Kemp-Devid müqaviləsi 6 ay sonra -1979-cu il mart ayının 26-da iki dövlət arasında bağlanan sülh müqaviləsinin əsas təməli rolunda çıxış etdi. Məhz bundan sonra Misir və İsrail arasında normal münasibətlər sistemi formalaşmağa başladı: Misir İsrailə neft satışına start verdi, 1980-ci ilin martında hava nəqliyyatı açıldı, iqtisadi-ticarət əlaqələri quruldu. Hətta məsələ o həddə çatdı ki, dünyada sülhün qorunması üçün atdığı addımlara görə İsrail və Misir rəhbərləri Nobel sülh Mükafatı da qazanmış oldular.
Sülh müqaviləsi əsasında:
– Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanımalı, ərazi iddialarından birdəfəlik əl üzməlidir
– Ermənistanla Azərbaycan arasında olan münaqişəyə həmişəlik son qoyulmalıdır
Heç şübhəsiz, işğal faktının aradan qaldırılması sərhədlərin delimitasiyası istiqamətində tədbirlərə başlanmasını da zərurətə çevirəcək. Çünki işğalçı siyasəti ucbatından on illər boyu iki ölkə arasında sərhədlərin delimitasiyası mümkün olmayıb. Delimitasiya prosesi isə Azərbaycanla Ermənistan arasında bağlanmalı olan sülh müqaviləsinin tərkib hissəsi kimi reallaşmalıdır.
Əgər Ermənistan ağıllı qərar qərarlar qəbul edərək sülh müqaviləsinə imza atacaqsa, o zaman:
– Ermənistanla iqtisadi-humanitar əlaqələrin qurulmasından,
– İqtisadi-sosial böhranla üz-üzə duran Ermənistanın inkişafından,
– Ermənistanın regional layihələrdə hər hansı formada iştirakçılığından,
– Ermənistanla Azərbaycan arasında qarşılıqlı əməkdaşlıq mühitinin formalaşmasından və s. söhbət gedə bilər.
Eyni zamanda, Azərbaycan bütün bu addımların həyata keçirilməsi və sülh müqaviləsinin imzalanması üçün hüquqi prinsipləri, beynəlxalq normaları və qanunların aliliyini əsas götürür. Buna görə də, uzun illər Azərbaycan-Ermənistan arasındakı münaqişəyə səssiz qalmaqla, öz nüfuzlarını zərbə altına qoyan beynəlxalq qurumlar, xüsusilə də, BMT, ATƏT və digərləri sülh müqaviləsinin imzalanması üçün öz təşəbbüslərini ortaya qoymalıdırlar. Əks halda, rəzil sosial partlayışlar fonunda məhv olan Ermənistan bundan sonra da region üçün əsas təhlükə mənbəyi kimi qalacaqdır.
Sülh müqaviləsinin imzalanması Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsinə, daha bir işğalçının zərərsizləşdirilməsinə və onun sivil, normal münasibətlər müstəvisinə çıxarılmasına, regionda və dünyada iqtisadi-siyasi əlaqələrin daha intensiv şəkildə reallaşdırılmasına xidmət edəcək.
Əslində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması hazırda tarixi zərurətə çevrilib. Bu şansı Ermənistan tərəfinin daha çox dəyərləndirməsi olduqca vacibdir. Əgər Ermənistan sülh müqaviləsi imzalamayacaqsa, o zaman gələcəkdə onu gözləyən fəlakətləri də gözə almalıdır. Neçə ki uzun illər regioanl layihələrdən, normal qonşuluq münasibətlərindən məhrum olan Ermənistan müharibə zamanı öz gücsüzlüyünü, heç bir ciddi resursa sahiblənmədiyini və dünyanın bir parçası olmadığını bir daha sübut etmiş oldu. Azərbaycan isə öz qətiyyətli yolundadır. Seçim sizindir!
Samir FEYRUZOV