Son günlər Ermənistan hakimiyyəti öz pafoslu və revanşist açıqlamaları ilə gündəmə gəlir.
Sabiq prezident Robert Köçəryanın sözlərinə görə silahlı qüvvələrin yenidən bərpası üçün 3 milyard dollar vəsait lazımdır.
Amma Qarabağ müharibəsində acı məğlubiyyətə baxmayaraq Ermənistan yenidən öz çirkin əməllərini icra etməyə çalışır.
Ölkənin ərazi idarəçiliyi və infrastruktur naziri Sürən Papikyan bildirib ki, yeni nüvə elektrik stansiyası tikmək niyyətindədirlər.
Bəs müharibədən sonra ağır durumda olmasına baxmayaraq bu cür fikirlər səsləndirmək həqiqəti əks etdirirmi?
Politoloq Elxan Şahinoğlu AZXEBER.COM-a açıqlamasında deyib ki, Ermənistan hakimiyyətinin bu cür fikirləri yalnız reklam məqsədi daşıyır:
“Bu cür açıqlamalar reklam məqsədi daşıyır. Onların böyük büdcəsi də yoxdur ki, belə layihələr icra etsinlər. Sadəcə Azərbaycandan geri qalmadıqlarını göstərmək üçün, ölkənin ağır vəziyyətində xalqı ruhlandırmaq üçün cəfəng fikirlər səsləndirirlər.
Onlar guya ki, hansısa ölkələrlə layihələr icra edəcəklər. Nəzərə alsaq ki, ölkədə mövcud xaos vəziyyəti hökm sürür, belə vaxtda heç bir ölkə Ermənistana yatırım etməz. Müharibə zamanı düçar olduqları ağır məğlubiyyətdən sonra yaranan iqtisadi böhran və s. amillər onları absurd fikirlər səsləndirməyə vadar edir”.
Politoloq bildirib ki, Hazırda məğlub orduya sahib olan Ermənistandan fərqli olaraq, Azərbaycan öz ordusunu daha da gücləndirmək istiqamətində işlər aparır. Bu səbəbdən orduda yeni təlimlərə də start verilib:
Orduda təlimlərin təşkil edilməsi müharibədən xəbər vermir, bu, ordunun gücünü daha da artırmaq və yeni modern silahlarla təmin etmək üçündür. Azərbaycan ordusu müharibədən sonra müxtəlif təlimlər keçirib. Təlimlər Azərbaycan ordusunun daha güclü olması, müasir silahlarla təchiz edilməsi üçündür. Dövlət başçısının da qeyd etdiyi kimi Azərbaycan ordusu Türkiyə ordusunun kiçik modelinə çevrilməlidir. Təbii ki, ehtiyac yaranarsa, ordu yenə də öz sözünü deyəcək, amma Ermənistan Azərbaycanla yenidən müharibə aparmaq gücündə deyil”.