Ermənistan növbədənkənar parlament seçkilərinə hazırlaşır.
APress.az xəbər verir ki, Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanla keçmiş prezident Robert Koçaryan arasında rəqabət gərginləşib. Onlar bir-birlərinə ağır ittihamlar səsləndirirlər.
Politoloq Elxan Şahinoğlu Redaktor.az-a açıqlamasında bildirib ki, Ermənistandakı seçkilərlə bağlı bir neçə ssenari var. Ehtimal olunur ki, N.Paşinyan az fərqlə qələbə qazanacaq:
“Dağlıq Qarabağ müharibəsində məğlubiyyətdən sonra N.Paşinyanın reytinqinin 80% aşağı düşdüyü deyilir. Bu baxımdan bir çoxları da onun qələbə qazana bilməyəcəyini deyirlər. Bu, ikinci ssenaridir.
Üçüncü ssenaridə isə N.Paşinyan qələbə qazansa da, təkbaşına hökuməti qura biləyəcək. Burada seçkilərdə məğlub olacağı təqdirdə R.Koçaryanın hərbi yolla hakimiyyətə gəlmək cəhdini də nəzərə almaq lazımdır.
Ermənistanda hakimiyyətə kimin gəlməyindən asılı olmayaraq 10 noyabr bəyannatının bəndlərini yerinə yetirməlidir. Bunu etməsələr, biz öz işimizi görməliyik. Ümumiyyətlə, Azərbaycan Ermənistandakı seçkinin nəticələrini gözləmədən iş görməlidir. Sərhədləri tam olaraq öz nəzarəti altına almalıdır. Çünki Rusiya minalanmış ərazilərin xəritəsinin bizə verilməsi istiqamətində və digər mövzularda kömək etmir”.
E.Şahinoğlu yeni müharibənin başlaması ehtimalından da danışıb:
“Bizimlə yenidən müharibə aparmaq üçün gücləri yoxdur, Ermənistan Qarabağ müharibəsində xeyli gənc hərbiçisini itirib. Son 4-5 ay ərzində isə ölkəni 80 min insan tərk edib. Onlar 10 milyonluq Azərbaycan qarşısında dayana bilməzlər”.