1994-cü ilin may ayında Qarabağda atəşkəsi nəzərdə tutan “Bişkek” protokolunun imzalanması Azərbaycan üçün mühüm tarixi hadisə oldu. Bunun ölkəmiz üçün böyük siyasi və iqtisadi əhəmiyyəti var idi və təsadfi deyil ki, elan olunan atəşkəsdən sonra qəbul edilən qərarlar Azərbaycanın gələcək inkişafının qarantı oldu. Əgər atəşkəs əldə olunmasa idi, “Əsrin müqaviləsi” imzalana bilərdimi? Qətiyyən! Ərazisində müharibənin davam etdiyi dövlətlə heç kəs bu müqaviləni imzalamazdı.
Atəşkəsdən bir neçə ay sonra – sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi”ndə 8 böyük dövlətin 13 nəhəng neft şirkəti iştirak etdi. Müqavilənin iqtisadi-siyasi, beynəlxalq əhəmiyyəti o qədər böyük idi ki, həqiqətən də Azərbaycanın növbəti minillikdə – XXI əsrdə ən əhəmiyyətli ölkələrdən birinə çevrilməsi ilə nəticələndi.
Atəşkəs sülhün, neft müqaviləsi isə Azərbaycanın inkişafının qarantına çevrildi.
Bəs Heydər Əliyevin hakimiyyətinin ikinci ilində imzalanan atəşkəs və “Əsrin müqaviləsi” Azərbaycana nə verdi?
– Atəşkəsdən sonra Qarabağda hərbi əməliyyatlar dayandı, bu, Azərbaycanın güclənməsi üçün atılan tarixi və strateji addım idi. Azərbaycanın güclənməsi və torpaqlarını işğaldan azad etməsi üçün isə güclü iqtisadiyyat, peşəkar ordu qurmaq lazım idi. “Əsrin müqaviləsi” ilə dünyanın bütün diqqəti Azərbyacana yönəldi, zamanla ölkəyə milyardlarla pul kütləsi daxil oldu, aparılan müdrik siyasət Azərbaycan iqtsiadiyyatının inkişafına, milli ordunun möhkəmlənməsinə, sənayeninin tərəqqisinə gətirib çıxardı. Və bütün bu tarixi hadisələrin kökündə təbii ki, yenə də mühüm şəxsiyyət amili dayanırdı – Heydər Əliyev!
– Azərbaycan neftdən gələn gəlirlərlə ölkədə sosial-iqtisadi layihələrə start verdi, 90-cı illlərin əvvəllərində “talon”larla növbədə dayanmağa məhkum edilən xalq bu dəfə rahat bazar şəraiti, pensiya, iş və maaşla təmin edildi.
– Məcburi köçkünlərin problemlərinin həlli əsas prioritet kimi götürüldü, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət proqramlar qəbul edərək realllaşdırıldı.
– Azərbaycan ordusu ən müasir silahlarla təchiz edildi, beynəlxalq qurumların reytinq cədvəlində ordumuz peşəkarlığına və döyüş qabiliyyətinə görə ilk yerlərdə qərarlaşırdı.
– Paytaxt və rayonlar tamamilə öz simasını dəyişdi, ölkədə yüzlərlə park açıldı, minlərlə məktəb tikildi – təmir edildi, məscidlər və məədniyyət abidlərimiz dövlətin xüsusi həssas nöqtəsinə çevrildi.
– Azərbaycanda yüz minlərlə iş yeri açıldı, yeni zavod və fabriklər, istehsalat müəssisələri fəaliyyətə başladı.
– Qeyri-neft sektorunun payı çoxaldı, Azərbaycan neft ölkəsindən sənaye ölkəsinə çevrildi, büdcənin neftdən asılılığı riski minimuma endirildi.
– Azərbaycan Ermənistanın işğalçı dövlət kimi tanınmasına tamamilə nail oldu, bütün beynəxalq təşkilatlarda ən yüksək tribuna əldə etdi, dünyanın ən böyük idman və mədəniyyət tədbirləri Bakıda keçirildi.
– Xalq-dövlət birliyi sosial-iqtisadi və siyasi-ideoloji rakursda daha da möhəmləndirildi.
Və artıq nəticə ortadadır: 1994-cü ildə atəşkəs əldə edən, “Əsrin müqaviləsi” ilə böyük imkanlar qazanan Azərbaycan 2020-ci ildə öz torpaqlarını işağldan da azad etdi. Əsas məsələ nə idi?
Yuxarıda sadalanan bütün addımların həyata keçirilməsinə Heydər Əliyev zamanında başlanılmışdı. Məhz onun sayasində Azərbyacan növbəti dəfə parçalanmaqdan xilas ola bilmişdi, elə dünya dövlətlərinin Azərbaycana olan müsbət münasibətini də o formalaşdırmışdı. O zamana qədər H.Əliyevi bütün dünya liderləri tanıyırdı, ən azı onun təcrübəsi, gördüyü işlər haqqında eşitmişdilər, oxumuşdular. Buna görə də dünya liderləri başa düşürdülər ki, H.Əliyevin zəmanəti ilə reallaşan layihələr perspektivli olacaq. Belə də oldu – H.Əliyevin siyasəti İlham Əliyev tərəfindən daha müasir, çevik və funksional şəkildə davam etdirildi.
Heç şübhəsiz ki, Azərbaycanın uğurlu inkişaf strategiyasının təməlində “Əsrin müqaviləsi” dayanır. Ancaq heç bir uğurlu layihə tarixi şəxsiyyət amili olmadan uğurla nəticələnə bilməz.
Samir Feyruzov