Azərbaycanın mədəniyyət paytaxtı elan olunan Şuşa şəhərində may ayının 12-13-də tarixi “Xarıbülbül” musiqi festivalı keçirildi. Məlumat üçün qeyd edim ki, 1989-cu ildən başlayaraq keçirilməyə başlayan Şuşada “Xarıbülbül” festivalı vaxtilə dünyanın diqqət mərkəzində olub və 1992-ci ilə qədər hər ilin may ayında böyük dövlətlərinin iştirakı ilə keçirilib. Festival 32 il sonra bərpa olundu. Ancaq bunu təkcə tarixi-mədəni hadisə kimi qiymətləndirmək doğru olmazdı. Prezident İlham Əliyevin tapşırığı və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festival ciddi siyasi-iqtisadi əhəmiyyətə malikdir.
Öncə bundan başlayaq: Şuşa niyə Mədəniyyət paytaxtı elan olundu? Prezidentin hədəfi nədir?
Müxtəlif dövlətlər öz ərazilərində unikallığı və tarixiliyi ilə seçilən hər hansı bir şəhəri mədəniyyət paytaxtı elan edirlər. Daha sonra nə baş verir? Mədəniyyət paytaxtı elan olunan şəhər bütün dünyanın məcburən qorumalı olduğu bir məkana çevrilir. Dünyanın böyük mədəniyyət tədbirləri həmin şəhərdə keçirilir, şəhər daha çox incəsənət beşiyinə çevrilir. Məsələn, Böyük Britaniyanın mədəniyyət paytaxtı kimi məşhurlaşan Mançester şəhəri incəsənət və idman sahəsində dünyanın əsas istinad nöqtələrindən birinə çevrilib. Əgər sabah Mançestrə hər hansı bir təcavüz olarsa, bu, məcburən bütün dünyanın Böyük Britaniyaya dəstəyi ilə nəticələnəcək. Belə nümunələr çoxdur. Məsələ bundadır ki, mədəniyyət paytaxtı elan olunan şəhərlər ixtisaslaşmış şəhərlərdir.
Məncə, Prezident İlham Əliyevin hədəfləri içərisində bu amil əsas xətt təşkil edir. Onun Şuşaya olan sonsuz diqqəti, həssas və kövrək münasibəti Şuşanın gələcək perspektivində, bütün dünya üçün mühüm əhəmiyyət kəsb etməsində əvəzsiz rol oynayacaq. Ölkə başçısının hədəfi də elə budur: bir daha heç bir təcavüzə məruz qalmamaq üçün – min il sonrakı tarix üçün də Şuşanı toxunulmaz bir əraziyə çevirmək. Şuşa hər hansı sahə üzrə tam ixtisaslaşmış şəhərə çevrilə, xüsusilə də incəsənət, servis, təhsil, turizm sahəsində əvəzsiz layihələrlə dünyanın ən həssas nöqtələrindən biri ola bilər.
Hələ 1903-cü ildə Tiflisdə nəşr olunmuş “Vestnik Kavkaza” jurnalında Şuşanın üstün mövqeyindən bəhs olunurdu: “Şuşanın görünüşü orta əsr Avropa şəhərlərini xatırladır”.
Şuşanın strateji, hərbi-siyasi əhəmiyyəti
1805-ci il mayın 14-də imzalanan Kürəkçay müqaviləsinə əsasən Qarabağ xanlığı Rusiyanın tərkibinə daxil oldu. Bundan sonra Qarabağda çarizmin mövqeyini möhkəmlətmək üçün ermənilərin bura köçürülməsinə başlandı. 1750-1751-ci illərdə salınan Şuşa qalası tarixən Qarabağ xanlığının paytaxtı olub. XIX əsrdə avropalıların Şuşaya olan hədsiz marağı bu ərazinin əhəmiyyətini daha da artırmışdı. Tarix boyu coğrafi, təbiəti və strateji baxımdan Şuşa tamamilə fərqlənib. Şuşanın sahibi kimdirsə, ümumilikdə Qarabağın da sahibi odur. Ermənilərin Şuşa ilə heç bir tarixi bağlılığı olmadığına görə, onlar 28 il işğal altında saxladıqları bu şəhərdə möhkəmlənə də bilmədilər. 1992-ci ildə işğal olunana qədər Şuşada 25 məktəb, 31 kitabxana, 17 klub, 8 mədəniyyət ev, 4 texnikum, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatr, 5 mədəniyyət, istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxana və Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi var idi.
Bu illər ərzində Ermənistan rəhbərliyi Şuşa ilə bağlı yalnız iki addım ata bildi:
– Paşinyan Şuşada yallı getdi (Bunun da nəticəsi ağır oldu)
– Qondarma rejim öz parlamentini Şuşaya köçürəcəyini bəyan etmişdi (Bu da tarixə gömüldü)
44 günlük Vətən Müharibəsi zamanı işağldan azad olunan bu şəhər haqqında Prezident İlham Əliyevin “Əziz Şuşa…” deyə müraciəti tarixi köklərə, milli-mental dəyərlərə bağlılığın gəstəricisi idi. O, bundan əvvəl – 1982-ci ildə, həmin vaxt Azərbaycan KP MK-nın 1-ci katibi olan Heydər Əliyevlə birlikdə Şuşada olmuşdu. Bu dəfə isə qalib Ali Baş Komandan kimi tarixi ədaləti bərpa edərək Şuşaya geri döndü.
Ermənilərin sərsəm bəyanatları
Şuşa işğaldan azad ediləndən sonra ermənilərin sərsəm bəyanatlarının da ardı-arası kəsilmir. Xüsusilə də, Hadrut və Şuşanı geri qaytaracaqları ilə bağlı gülünc iddialar ortaya qoyan ermənilər yeni reallıqları qəbul edə bilmirlər. İ.Əliyevin Şuşa səfərləri, onun bu səfər zamanı etdiyi çıxışlar Ermənistan cəmiyyətini nokauta salır. Ermənistanın ikinci prezdenti Robert Koçaryanın iyun ayının 20-də keçiriləcək seçkilərdə qələbə qazanacaqları ilə bağlı çıxışları seçkiöncə daxili auditoriyaya hesablanmış addımdır. Seçkidə iştirak edəcək “Hayastan” blokuna Koçaryan rəhbərlik edəcək. Məsələ bundadır ki, bu bloka “Daşnaksütyun” və “Dirçələn Ermənistan” partiyaları daxildir. “Daşnaksütyun” isə erməni terror təşkilatı olan ASALA-nın dəstəklədiyi siyasi partiyadır. ASALA həmişə özlərini “Qarabağ klanı” adlandıran killerləri müdafiə edib. Ermənistanda revanş – qisas bəyanatlarının arxasında duran əsas faktorlardan biri də budur. Ancaq bu, heç bir nəticə verməyəcək, Koçaryan sadəcə seçkini udmaq üçün Ermənistanı böhranlı vəziyyətdən yalnız mən çıxara bilərəm” bəyanatını verir. Vaxtilə Qarabağ işğal edənlər Ermənistanda yenidən hakimiyyətə qayıtmaq istəyir. Amma şərtlər tamamilə başqadır, Azərbaycan əvvəlki dövlət deyil və Ermənistanın gələcək taleyi də Azərbaycanın verəcəyi regional əhəmiyyətli qərarlardan asılı olacaq. Bunu Koçaryan yaxşı başa düşür.
İşğaldan sonra Şuşada nə baş verdi?
– Azərbaycan əsgəri Şuşadadır
– Azərbaycan hüquq-mühafizə orqanları Şuşada fəaliyyətə başlayıb
– Prezident Şuşaya mütəmadi səfərlər edir
– Şuşada infrastruktur tikintisinə başlanılıb, tarixi abidərlə bərpa olunur
– Şəhərin planı hazırlanır
– Şuşada nəqliyyat, kommunikasiya sürətlə bərpa olunur
– Şuşada elektrik yarımstansiyansının açılış oldu
– Şuşada 960 yerlik 1 saylı tam orta məktəbin təməli qoyuldu
– Şuşada tarixi “Xarıbülbül” festivalı keçirildi və s.
Çox qısa bir müddətdə həyata keçirilən bu işlər Prezident İlham Əliyevin Şuşa ilə bağlı görəcəyi işlərin ilk qaranquşlarıdır. Görünür, daha böyük tədbirlər qabaqdadır. Təsəvvür edin, 1873-cü ildə Vyana şəhərində açılmış beynəlxalq sərgidə Şuşanı təmsil edən nümayəndələr də iştirak etmişdi. Yəni, Şuşanın dirçəldilməsi, onun dünyaya yeni mədəniyyət mərkəzi kimi təqdimatı dövlət üçün əsas prioritetdir.
Region və dünya üçün YOL XƏRİTƏSİ: İlham Əliyev Şuşa səfərləri ilə hansı mesajları verir?
– Azərbaycan sülhün-əmin-amanlığın tərəfindədir. Şuşada ilk olaraq tarixi-mədəni tədbirlərin keçirilməsi həm də buna işarədir
– Diplomatik müstəvidə də Ermənistana heç bir güzəşt olmayacaq
– Ermənistan ayağa qalxmaq istəyirsə, işğalçılıq niyyətindən tamamilə əl çəkməli, qonşu dövlət kimi inkişaf xəttini tutmalıdır və bunun üçün ilk olaraq Azərbaycanın diktə etdiyi real şərtləri, tələbləri qəbul etməlidir
– Ermənistanın “himayə” edən dövlətlər öz siyasətlərində ciddi korrektələr aparmalıdırlar, əks halda onlar da öz siyasi kimliklərini itirmiş olacaqlar
– Azərbaycan öz torpaqlarında tarixi ədaləti bərpa edib və siyasi iradə, qətiyyət varsa, regionda və dünyada ədalət tam şəkildə bərpa etmək mümkündür. Qarabağın azadlığı buna bariz nümunədir
– Erməni xalqı şovinist-erməni birləşmələrinin burulğanından çıxaraq sivil yaşam tərzinə qədəm qoyması üçün öz iradəsini ortaya qoymalı, bütün qisasçı qüvvələri siyasi meydan çıxdaş etməlidir
– Hər hansı ölkənin rəsmi şəxsinin (deyək ki, Lavrovun) Qarabağdakı vəziyyətlə bağlı Azərbaycana səfərləri Azərbaycanın mövqeyində heç bir dəyişiklik yaratmayacaq, yarada da bilməz. Naxçıvana səfər edən İ.Əliyev ardınca Lavrovla görüşür, daha sonra Şuşaya səfər edir. Şuşa səfərinin Lavrovla görüşdən sonraya salınması o deməkdir ki, heç kəs bizim qətiyyətli qərarlarımıza, Qarabağla planlarımza mane ola bilməz, heç bir korrektədən, yumşalmadan söhbət gedə bilməz və s.
Samir FEYRUZOV,