Azərbaycan torpaqlarının işğaldan azad edilməsi regional və qlobal müstəvidə ölkələrarası münasibətlərin yeni aspektlərinə də güzgü saldı. Bəllidir: qonşu İranın ziqzaqvari, anlaşılmayan, kölgəli mövqeyi, teokratik idarəçilik sisteminin Azərbaycana qarşı çılpaq və ütüsüz siyasəti dini və dünyəvi dəyərlərdən min kilometlərlə uzaqlıqdadır. İran dövlət televziyasının tarixə “ekskurs” edərək, Dağlıq Qarabağı “erməni torpağı” adlandırması əslində müharibə öncəsi teokratik-fars sisteminin Azərbaycana qarşı əsl niyyətini ortaya qoymuşdu. Hazırda İrandan səslənən iddialar təəccüblü görünməməlidir. İran mətbuatında bu gün də Azərbaycan əleyhinə “şərh”lərin yer alması, fars parlamentinin və diplomatiyasının önəmli simalarının ölkəmizə qarşı sürüşkən ifadələri, Ermənistana dəstək addımları belə bir təsəvvür yaradır:
“İran Azərbaycan torpaqlarının işğaldan azad edilməsini özünə təhdid hesab edir”.
Hələ 30 il öncə – Azərbaycanın müstəqilliyi elan olunan zaman İranın Azərbaycana qarşı əsas təhdidlərindən biri bu idi: “Müstəqilliyini elan edən əraziyə faktiki coğrafi ad verilməsin”. Əslində isə müstəqil dövlətin elan olunması həm də faktiki coğrafi konturlara əsaslanmalı idi. 1991-ci ildə müstəqilliyini elan edən dövlətimiz “Şimali Azərbaycan Respublikası” adlandırılmalı idi. Bu ideya Azərbaycanın hansısa ərazilərə iddiasını da ortaya qoymurdu və əslində faktiki ərazimizin müstəqil dövlət şəklində siyasi-coğrafi ifadəsinə çevrilə bilərdi. Heç şübhəsiz, Qarabağ münaqişəsinin həllinin 28 il ləngiməsində İranın Qərbin müəyyən dairələri və Ermənistan üzərindən əldə etdiyi dividentlərin ciddi rolu var idi. O zaman İranın indiki konkretlikdən uzaq, mövsümə uyğun dəyişkənliyindən təəccüblənməyə gərək qalmır.
Bəs İran Ermənistana niyə dəstək verir?
İranın Qərbdə müəyyən dövlətlərlə əlaqələri onu Azərbaycana qarşı dəyişkən mövqe sərgiləməyə vadar edir. O dövlətlərlə ki, onlar Ermənistanı birmənalı şəkildə müdafiə edirlər. Məsələn, Fransa ilə. İrana qarşı sanksiyaların yumşaldılmasında əsas aktiv ölkə Fransa idi, hətta 2019-cu ildə Fransaya dəvət olunan İran XİN rəhbəri C.Zərif Makronla görüşdən uğurlu “paket”lə geri dönmüşdü. Təsadüf deyil ki, Fransa İran böhranının yumşalmasına nail ola bilmişdi, teokratik sistem maliyyə blokadasından qismən xilas olmuşdu. Qərbin İrana qarşı güzəştsiz mövqeyi olsa da, Fransa bu gün də İranla münasibətlərdə ciddi əməkdaşlıq əlaqələrini və İrana yardım resurslarını qoruyub saxlayır. Yəni, İranın Ermənistana olan dəstəyinin bir ucu Fransaya gedib çıxır. Görünən budur ki, İran Ermənistana dəstək verməklə, Fransadan xeyli dividentlər əldə edir və Qərbin, xüsusilə də ABŞ-ın İrana olan basqılarında Fransa yeganə nəfəslik rolunu oynayır.
İran Ermənistanla sərhədlərin demarkasiyası, Zəngəzur və Qaragöl ətrafında baş verən hadisələrdən dəhşətli narahatlıq keçirir.
Əgər Azərbaycanın əraziləri bu şəkildə bərpa ediləcəksə, guya gələcəkdə İran sərhədləri üçün təhlükə yaranacaqmış. İran parlamentinin deputatı Möjtaba Zonnur çıxışında bunu açıq şəkildə dilə gətirir. Sanki Azərbaycandan zəmanət almaq istəyir ki, Ermənistanla sərhədlərin demarkasiyasından sonra İranla sərhəddə hətta yüz il sonra belə heç bir təhlükə olmayacaq.
Əsas sual isə budur: Zonnurun fikirləri – Ermənistanı öz ərazilərini bərpa etməyə çağırış etməsi, tarixi Azərbaycan torpaqlarını Ermənistan ərazisi kimi təqdim etməsi İran dövlətinin mövqeyidirmi?
Məncə, İran qorxmamalı və narahatlıq keçirməməlidir: İrandan fərqli olaraq, Azərbaycanın mövqeyini Prezident İlham Əliyev aydın formada ortaya qoyub:
İlham Əliyev İranla sərhədi dostluq sərhədi adlandırdı.
Heç bir dövlət, eləcə də İran Azərbyacan diplomatiyasının müxtəlif dövlətlərlə münasibətdə riyakar mövqeyini görməyib, görə də bilməz. Bizim möqveyimiz aydındır, İran ortaya son mövqeyini qoymalı, müxtəlif şəxslərin dili ilə Ermənistanı növbəti təxribata, ərazi iddialarına sövq etməməlidir.
Teokratik-fars sistemini ən çox narahat edən məsələ Azərbaycanla olan münasibətlərin böyük inkişafı fonunda İranda yaşayan soydaşlarımızın milli birlik, milli şüur və milli özünüdərk məsələlərinin daha ciddi şəkildə baş qaldıracağı ilə bağlı olan məsələlərdir.
İranda müxtəlif səlahiyyətli şəxslərin həm müharibədən öncə, həm müharibə dövründə, həm də müharibədən sonra aqressiv, Azərbaycana təhdid yaradan fikirləri də bu narahatlığın tərkib hissəsidir.
Bu məsələnin ictimai müzakilərə, daha çox kütlə psixologiyasına hesablanan tərəfləri də var.
Məsələn, tez-tez işlədilən “Azərbaycan İsrailə dəstək olursa, İran da Ermənistana dəstək olmalıdır” tezisi uğursuz yanaşma olsa da, amma diqqətçəkməmiş də deyildir. İranın işğalçı dövlətə dəstəyini “İranın düşməni İsraildirsə, Azərbaycanın da düşməni Ermənistandır” prizmasından yanaşmaq, məsələnin əsl mahiyyətindən də yayınmaqdır. Əvvəla, Azərbaycan həmişə beynəlxalq hüququnun tərəfində olduğunu dəfələrlə bəyan edib və özünün təhlükəsizlik məsələlərini, dövlət maraqlarını öndə tutub. Prezident İlhma Əliyevin üç gün öncə Fələstinlə bağlı dedikləri bütün sualların cavabıdır. Azərbaycan Qoşulmama Hərəkatının əsas güclərindən biri kimi həmrəyliyi önə çəkir. Qeyd edim ki, dünyada münaqişə ocaqlarını qızışdırmaq, bir tərəfə dəstək verib, digər tərəfi haqsız əzilməyə məruz qoymaq Azərbaycan dövlətinin konsolidasiya olunmuş mövqeyinə uyğun deyil. Çünki Azərbaycan özü 30 il beynəlxalq hüququn icra olunmamasından əziyyət çəkib. Bütün dövlətlərlə, eləcə də İranla dostluq münasibətlərinə söykənən əməkdaşlıq əlaqələrinin qurulması bizim üçün əsas prioritetdir.
Digər tərəfdən, Azərbaycanın Cənubi Qafqazda əsas mərkəzə çevrilməsi, regional və qlobal layihələrdəki söz sahibliyi bölgədə yeni bir gücün yaranmasına gətirib çıxarır.
Söhbət yeni güc mərkəzindən – Azərbaycan gedir… Xüsusilə də, torpaqlarını işğaldan azad edən Azərbaycanın bundan sonrakı inkişaf konturları açıq görünür. Regionda işğalçı dövlətin saxlanılması, ona müxtəlif yardımların edilməsi İranın nəyinə lazımdır? Bəlkə İranın Ermənistana edilən yardımlarının sərhəd imkanları qısalır, ona görə?
Bundan başqa, teokratik sistemin Azərbyacandakı radikal dini “dayaq”ları öz işləkliyini tamamilə itirməkdədir.
Söhbət ölkədə dini azadlıqların boğulmasından yox, din pərdəsi altında ictimai fikri işğal etməyə cəhd edən, müxtəlif anarxist meylli qüvvələrin gələcək fəaliyyətlərinin bloklanmasından gedir. Azərbaycan dinindən, irqindən, cinsindən asılı olmayaraq, bütün insanların sivil şəraitdə yaşadığı ölkədir, dini dəyərlərə hörmət, insanların inanclarına verilə qiymət və dərin ehtiram Azərbaycanı istənilən dövlət üçün nümunəyə çevirib.
İran 28 il işğal altında saxlanılan Qarabağdakı qazancından məhrum oldu.
Şəksiz, Ermənistan Qarabağı poliqon və qanunsuz malların daşınması üçün dəhliz kimi istifadə edirdi. Rusiya bu maraqlardan imtina etmək məcburiyyətində qalsa da, İran hələ də bunu həzm edə bilmir. Qarabağda baş verən proseslərin fonunda Azərbaycanın diqqətini cənuba fokuslaşdırmaq uğursuz addım olsa da, qismən psixoloiji gərginlik də yaradır.
Azərbaycan-Türkiyə münasibətlərinin tarixdə heç vaxt olmadığı qədər yaxınlığı dövətimizin regional və qlobal müstəvidə gücünü daha da artırır. İki dövlət arasındakı qardaşlıq münasibətləri təkcə siyasi-istisadi intibahı özündə ehtiva etmir.
Bu, həm də dünyada sürətlə aktuallaşan Azərbaycançılıq – Türkççülük ideologiyasının yeni və real istiqamətlərini formalaşdırır.
Nəzərə almaq lazımdır ki, Azərbaycanda atılan bütün addımların mahiyyətində dövlətçilik maraqları dayanır.
İran öz dövlət maraqlarını qorumaq üçün bütün Qərb dünyasını “şeytan” elan etsə də, Fransanı mələk cildində görür. Lakin dövlət maraqları da ədalət, hüquq və beynəlxalq qanunlar müstəvisində qorunmalıdır. İşğalçıya dəstək ədalətə də, hüquqa da, İslam dəyərlərinə də ziddir. Və bu şəkilə “dövlət maraqları”nın qorunması da İrana yaxşı heç nə vəd etmir. Regionda haqqı əlindən alınan dövlət Azərbaycan idi, əgər haqqımızı geri almışıqsa, hər kəs buna hörmət etməyi bacarmalıdır. Neçə ki biz hər bir dövlətin sərhədlərinə, ərazi bütövlüyünə hörmət edir, hər kəslə münasibətlərin dostluq çərçivəsində davam etdirilməsinin tərəfdarıyıq.