Laçını kimlər satdı, kimlər aldı: Azərbaycan nələrdən keçdi?backend
Siyasət
399

Laçını kimlər satdı, kimlər aldı: Azərbaycan nələrdən keçdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən “Erməni Milli Konqresi” partiyasının sədr müavini Levon Zurabyan Ermənistandakı hazırkı mənzərənin siyasi portretini çəkməyi bacardı:

“Suverenliyin itirilməsi, pərt və qəzəbli xalq, kollapsa yuvarlanmış, amma hakimiyyət uğrunda mübarizə aparan dəhşətli siyasi elita, fəlakətli məğlubiyyət…”.

Erməni siyasətçi sanki 1992-ci ilin xaos bumunda bütün yaşam imkanlarını itirən Azərbaycan haqqında danışırdı. Bu, düzgün müqayisədirmi? O, 44 günlük müharibə zamanı Ermənistanın məğlubiyyət səbəblərindən danışarkən çıxışını belə bir məntiqi sonluqla yekunlaşdırır: “Bu alçaldıcı məğlubiyyətin başlıca günahkarı, başlıca arxitektoru erməni Elçibəydir, Nikol Paşinyan ermənilərin Elçibəyidir”.

Levon ter-Petrosyanın ittihamları isə Zurabyanın iddialarını daha da betonlaşdırmış oldu: “Məğlubiyyətin yekununu Nikol Paşinyan özünün “Qarabağ Ermənistandır, nöqtə” bəyanatı ilə elan etdi və bu, Ermənistan üçün də, Qarabağ üçün də son oldu”.

1992-ci ildə Azərbyacana rəhbərlik edən Əbülfəz Elçibəy gündəlik təcavüzə, işğala məruz qalan Azərbaycan torpaqlarını azad etmək əvəzinə “Hindistandan Balkan yarımadasına qədər” uzanan böyük Azərbaycan dövlətinin yaradılmasından danışırdı. Bakıda oturduqları binanın – Prezident Aparatının qapısının açılıb-bağlanmasına nəzarət edə bilməyənlər Azərbyacan üçün bütün qonşu qapılardan – Rusiyadan, İrandan da yeni düşmən cəbhələr açdılar. Daha böyük Azərbaycanın mövcudluğunu kim istəmir ki? Amma…

Amma və lakin sıravi vətəndaş öz çıxışlarının pafos və populizm sərhədlərini müəyyənləşdirməyə bilər, dağılmaqda olan ölkə rəhbərinin, hər addımbaşı siyasi  və ictimai ölümə sürüklənən dövlət başçısının, öz siyasi komandasını belə bir çətir altında yığa bilməyən liderin reallıqdan uzaq çıxışları, addımları elə Azərbaycanın da məğlubiyyətinin ən əsas və açıq açarlarından biri, bəlkə də birincisi idi.

Bütün hökumət binaları intriqa yuvasına çevrilmişdi, vəzifələrə təyinat silahlı qruplaşmaların, məmurların cinayətkar dəstələrinin hərbə-zorbası ilə həyata keçirilirdi. Şəksiz, Elçibəy fikir, ideya adamı idi, amma siyasət reallıqları, situativ və taktiki addımları, mükəmməl idarəçilik prinsiplərini sevir. Pafos – aldadıcı siyasətdir, amma siyasi səbatsızlığın da əsas göstəricisidir.  Ordusu, büdcəsi olmayan dövlətin başçısının hava şarı qədər partlamağa və sonda ani gülüşə səbəb olan çıxış və davranışları, bəyanatları həm də Azərbaycan üçün əcəl zəngini xatırladırdı.

Laçın necə işğal olundu?

1992-ci ilin mart ayının 6-da ölkənin ilk prezdenti Ayaz Mütəllibov istefa verdi. Əslində ölkədə çevriliş baş vermişdi, Bakıda AXC-nin rəhbərliyi ilə silahlı qruplaşmalar Azərbaycanın məğlubiyyət abu-havasında özləri üçün müxtəlif bəhanələr də uydurmuşdular: “Xalq cəbhəçiləri tələb edir”. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 26 iyun 2018-ci ildə Silahlı Qüvvələrin 100 illliyi münasibətilə keçirillən paradda çıxışı zamanı 1992-ci ildə Xalq Cəbhəsi və Müsavat partiyasının dövlət çevrilişi həyata keçirdiyini və bunun nəticəsində ölkədəki vəziyyətin daha da ağırlaşdığını xüsusi vurğulamışdı.

A.Mütəllibov günahkar idi, amma Azərbaycan Xalq Cəbhəsi də hakimiyyəti zorla qəsb etdi, silahlı yolla ələ keçirdi. A.Mütəllibov 1992-ci ildə “Komsomolskya apravda” qəzetinə verdiyi müsahibəsində martı 6-da baş verən hjadisələri çevriliş adlandırdı. Bəli, may ayının 14-də A.Mütəllibovun istefa qərarı ləğv edilsə də, bu, onu xilas etmir. O, öz prezidentlik səlahiyyətlərini icra edəcək gücə, iradəyə sahib deyildi. Buna görə də, A.Mütəllibov cəmi 2 gün sonra Moskvaya qaçır. Neçə ki 1993-cü ildə Ə.Elçibəy Kələkiyə qaçdı. Artıq bütün dövlət qurumları işğal edilmişdi, Azərbaycan Xalq Cəbhəsinin silahlı birləşmələri ölkədə hakimiyyətsizliyə nail olmuşdular, bütün ölkə AXC başda olmaqla, Elçibəyi prezident görmək istəyənlərin döyüş və söyüş meydanına çevrilmişdi.

Qarabağda baş verənlər AXC-Müsavat üçün heç bir əhəmiyyət daşımırdı. Təsadüfi deyil ki, Şuşanın işğalından sonra (8 may) ermənilər Laçına doğru irəliləyən zaman Laçın alayının komandirlərinin Bakıya edilən bütün zəngləri heç bir nəticə vermədi.

Laçının işğalı… Ermənilər tərəfindən çəkilən görüntülər…

AXC hələ bir neçə gün əvvəl Laçın alayını başsız qoyuaraq, müdafiə alayını pərən-pərən salmışdı. Mərkəzlə bütün rabitəsi itən rayon  may ayının 18-də işğal olunur. Ölkədə faktiki çevriliş həyata keçirib paytaxtla Qarabağın bütün əlaqələrini qıran AXC Laçın rayonun işğalının üstündən səssizcə keçdi.

AXC-Müsavat hakimiyyəti dönəmində Müdafiə naziri vəzifəsində işləyən Rəhim Qazıyev müsahibələrinin birində deyir: “

“Gördüm Əbülfəz Elçibəy tribunada çıxış edir. Təsəvvür edin ki, bir tərəfdə Şuşa, Laçın gedib, digər tərəfdə isə hakimiyyət uğrunda mübarizədə Əbülfəz Elçibəyin tərəfdarları qalib gəlib bayram edirdi. Elçibəyin əlindən mikrafonu alıb dedim ki, nəyi bayram edirsiniz? Dedim ki, Laçın, Şuşa gedib, bəs bura 4000-4500 silahlı adamı kim gətirib? Sual verdim ki, axsı siz Bakıda kimi-kimdən qoruyursunuz? Axı torpaqsız hakimiyyət kimə lazımdır? Əbülfəz Elçibəy mənə cavab verdi ki, o da lazımdır, bu da lazımdır. Cəbhə bölgəsinə topladığım hərbiçiləri Bakıya gətirib yığmışdılar. Şuşanın, Laçının getməsində Əbülfəz Elçibəyin rolu olub”. 

Laçını kim və necə qaytardı?

1993-cü ilin iyun ayından etibarən Azərbaycan siyasi meydanından xalqın tələbləri və kütləvi çağırışları ilə süpürülüb tarixin arxivinə göndərilən hakimiyyət qəsbkarları bu günə qədər də öz günahlarını etiraf etməkdə acizlik göstərirlər. Şuşanı, Laçını ermənilərə təhvil verən hakimiyyət bu rayonlar da başda olmaqla, Qarabağı erməni işğalından azad edən hakimiyyət haqqında primitiv ruhlu” yeni” hədyanlar uydurmaqda davam edir.

İlham Əliyev Laçın dəhlizində… 

Qarabağın gec-tez işğaldan azad ediləcəyi ümummili lider Heydər Əliyevin qurduğu yeni dövlət modelinin inkişaf istiqamətlərindən bəlli idi, bunu cəbhəçilər də, bu günə qədər onların ayaqları altında “suda batmaz” dəniz tanrısı qədər bütləşdirdikləri “Poseydon timsallı” liderləri də başa düşürdü. İlham Əliyevin ilk dəfə prezident seçilməsindən sonra dərin depressiya simptomlarının daşıyıcısına çevrilən “milli cəbhəçi həlqələr” hələ də öz arzu-istəklərinin ətrafında dolanmaqdadırlar. Azərbaycan ordusu isə İlham Əliyevin komandanlığı altında Laçını da işğal azad etdi.

Əsl həqiqətlər isə bunlardır:

Laçın – 28 il sonra yenidən Azərbaycan Respublikasının nəzarətinə keçdi, işğaldan azad edildi

Laçın – Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında işğaldan azad edilən rayon kimi tarixə düşdü

Samir Feyruzov