“Bəli, o əraziləri minalamışıq. Yaxşı da etmişik. Laçın və Kəlbəcər rayonlarına 17 yük maşını mina basdırmışıq. Piyada əleyhinə minalar, tank əleyhinə minalar”.
Ermənistan Silahlı Qüvvələrinin polkovniki Koryun Qumaşyan İrəvandakı “Noyan Tapan” agentliyinə verdiyi müsahibəsində belə deyib.
APress.az Milli.az-a istinadən bildirir ki, iyunun 4-də ermənilər tərəfindən Kəlbəcər rayonundakı Susuzluq kəndinin yaxınlığında yola basdırılmış tank əleyhinə minanın partlaması nəticəsində azərbaycanlı jurnalistlər – AzərTAC-ın əməkdaşı Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışov şəhid olublar.
Bu baxımdan Koryun Qumaşyanın sensasion açıqlaması əslində Ermənistan Müdafiə Nazirliyinin hərbçilərinin Azərbaycanı işğaldan azad edilmiş ərazilərində terrorizm və diversiyalarla məşğul olmalarının etirafıdır.
Koryun Qumaşyan “Noyan Tapan”ın studiyasında əsla çəkinmədən hərbi cinayətlərini etiraf edir:
“Laçınla Kəlbəcərə tam 17 yük maşını mina basdırmışıq. Bu minalar səbəbindən orada kimsə nə isə edə bilməz. İşimizi görmüşük, özü də yaxşı görmüşük. Azərbaycan əsirlərimizi qaytarsın, mən də minaladığım ərazilərin xəritələrini verim”.
Polkovnik K.Qumaşyanın açıqlaması Ermənistanın mahiyyətini bir daha sübut edir. Azərbaycan ordusunun antiterror əməliyyatları qarşısında duruş gətirə bilməyən düşmən terror və diversiya taktikasını seçib. Belə əməllər isə hərbi cinayətlər kimi yox, aşkar terrorçuluq kimi dəyərləndirilir.
Beynəlxalq təşkilatlar Ermənistanın bu azğın, terrorçu fəaliyyətini sonucda görməli, törədilənlərə müvafiq qiymət verməlidir.