Bu sözləri Sfera.az-a açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrovun mayın 5-6-da İrəvana, mayın 10-11-də isə Bakıya səfərinin məqsədlərini dəyərləndirərkən, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Politoloq qeyd etdi ki, Lavrovun Azərbaycana səfərləri heç zaman xeyrimizə olmayıb: “Rusiyalı diplomatın bütün təşəbbüsləri ziyanımıza olub. 2016-cı ilin aprelində təcili Bakıya gəldi və inandırdı ki, münaqişənin nizamlanması ilə bağlı “həll planı” işə düşəcək. İşğalçıya qarşı əks-hücumu dayandırdıq. Ancaq Lavrov Bakını tərk etdikdən sonra Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması vacibliyini arxa plana keçirdi”.
Rusiya XİN rəhbərinin iki ölkəyə olacaq səfərləri arasında bir neçə günlük fasilə də politoloqun diqqətini çəkib: “Lavrov mayın 5-6-da Ermənistanda, mayın 10 və 11-də isə Azərbaycanda olacaq. Belə çıxır ki, Lavrov mayın-5-də İrəvana gedəcək, mayın 6-da Moskvaya qayıdacaq, 4 gün keçdikdən sonra yenidən bölgəyə – Azərbaycana gələcək. Nədən Lavrov birbaşa İrəvandan Bakıya gəlmir?”
E. Şahinoğlu düşünür ki, bu səfərlə Lavrov hər iki tərəf qarşısında müəyyən “sürpiz” təkliflərlə çıxış edəcək: “Bilirsiniz ki, bu günlərdə Rusiya Prezidentilə Fransa Prezidenti arasında telefon danışığı olub. Bu danışıqdan sonra yayılan açıqlamada bildirilirdi ki, Makron və Putin yaxın zamanlarda Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu çərçivəsində yeni təşəbbüslər hazırlayacaqlar. Görünür, Lavrovun bölgəyə səfərində məqsədi həmin “sürpriz” təşəbbüsləri tərəflərin diqqətinə çatdırmaqdan ibarət olacaq”.
Həmsöhbətimizin fikrincə, Lavrov bu səfərilə həm də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı qabaqlamaq istəyir: “Ərdoğan daha əvvəl bəyan etmişdi ki, Ramazan bayramında, yəni mayın ortalarında Şuşaya gəlmək istəyir. Bakı və Ankara bu səfərə hazırlıqlara başlayıb. Moskva narahatdır.
Kreml Ərdoğanın Şuşaya səfəri zamanı irəli sürəcək təkliflərdən ehtiyat edir. Ərdoğanın aprelin 24-də azərbaycanlı həmkarı İlham Əliyevlə telefon danışığından sonra “birgə addımlar atacağıq” açıqlaması da Kremli narahat edib”.
Mərkəz rəhbəri onu da vurğulayıb ki, Lavrov Bakıya hansı təkliflə gəlirsə-gəlsin, Kremlin növbəti hiyləsinə aldanmamalıyıq: “Rusiyanın Qarabağdakı hərbçiləri Xankəndidə parad keçirəcək və bundan bir gün sonra Lavrov Bakıya gəlib, bizi sakitləşdirməyə və “balanslı xarici siyasəti” qorumağa çağıracaq. Rusiya ilə Türkiyə bizim üçün eyni ola bilməz. Bunu Lavrova da anlatmağın zamanıdır”.