Pandemiya səbəbindən Azərbaycanda bir sıra obyektlər bağlanıb, insanlar iş yerlərini itiriblər. Əgər əvvəllər işsizlər heç olmasa gündəlik iş tapa bilirdilərsə, sərt karantin dövründə bu imkan da əldən çıxıb. Bu baxımdan ölkədə işsiz əhalinin sayının kifayət qədər artdığını deyə bilərik.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Naqif Həmzəyev Sfera.az-a açıqlamasında pandemiyanın bütün dövlətlərə, o cümlədən Azərbaycana da zərər vurduğunu deyib. Onun sözlərinə görə, buna baxmayaq 2020-ci ildə ölkəmiz pandemiya ilə mübarizəni ən az itkilərlə həyata keçirib:
“Azərbaycan sosial təminat sahəsində sosial yönümlü layihələri qətiyyən dayandırmadı, əksinə, bu sahəyə ayrılan vəsaitlər artırıldı, sahibkarlara, həm də muzdlu çalışan vətəndaşlara birdəfəlik yardımlar oldu. Buna baxmayaraq, istər-istəməz müəyyən iş yerləri bağlandı. Məsələn, əvvəllər toy sənayesində müxtəlif sahələrdən insanlar çalışırdı. Son bir ildir, ümumiyyətlə, toy yoxdur və iş yerlərində də müəyyən dərəcədə azalma var. Ancaq düşünürəm ki, bu təzadlar pandemiya başa çatandan sonra aradan qaldırılacaq, yaranmış problem öz həllini tapacaq.
İş yerlərinin azalması dedikdə, rəsmi müqavilə əsasında işləməyən şəxslərdən söhbət gedir. Hansı ki, həmin şəxslər restoranlarda və ya digər hazırda fəaliyyətini dayandıran yerlərdə günəmuzd çalışırdılar. Demək olar ki, onlar iş yerlərini itiriblər. Qaldı ki, digər sahələrə, müəyyən dərəcədə azalma mövcuddur. Fikrimcə, bu, təbii prosesdir. Dövlət vətəndaşlara dəymiş ziyanı qarşılayıb, müəyyən güzəştlər olunub. Pandemiya bitəndən sonra qısa müddətdə yeni iş yerlərinin açılacağını, işsizliyin aradan qaldırılması üçün aidiyyatı qurumların xüsusi layihələr həyata keçirəcəyini düşünürəm”.
Deputat həmçinin qeyd edib ki, pandemiyaya görə bir il ərazində çox şey itirmişik: “Ən əsası odur ki, vətəndaşların sosial və psixoloji problemləri yaranıb. Hər kəs əvvəlki həyata qayıtmaq istəyir. Ancaq əvvəlki dövrdən fərqli olaraq hazırda ölkəmizdə yanvar ayından başlayaraq vaksinasiya həyata keçirilib. Risk qrupuna daxil olan insanların demək olar ki, əksəriyyəti vaksinasiyadan istifadə ediblər. Bu, müəyyən dərəcədə bizi rahatladır. Bununla yanaşı, unutmamalıyıq ki, pandemiya ilə mübarizə başa çatmayıb. Əksər Avropa, MDB ölkələri qapanmalara gedir. Biz istəməzdik ki, yenidən qapanma olsun.
Bildiyiniz kimi Azərbaycanda yeni tipli modul xəstəxanalar açılıb, indi əvvələ nisbətə pandemiyaya daha hazırlıqlıyıq. Aidiyyatı qurum real vəziyyəti düzgün araşdırdıqdan sonra daha dəqiq qərar verə bilər. Bu da təbii ki, xəstələrin, xüsusilə ağır xəstələrin sayından asılıdır. Boş çarpayıların nisbətində qadağaların olub olmayacağı bilinəcək. İstənilən halda, tam qapanma gözlənilmir, buna ehtiyac yoxdur. Çünki mağazalar, restoranlar , məktəblər yeni açılıb, yavaş-yavaş normal həyata qayıdırıq. Qapanma olarsa, sahibkarlara, vətəndaşlara ikinci ağır zərbə ola bilər. Bu baxımdan zərurət yaranmayacağı, kritik vəziyyət olmayacağı təqdirdə qapanma olmayacaq”.
Müsahibimizin fikrincə, ölkədə peyvəndlənmə uğurla həyata keçirilərsə və pandemiya ilə bağlı müəyyən irəlilərişlər əldə edilərsə, may ayının ikinci 15 günlüyündən sonra hətta toylara müəyyən say limiti tətbiq edilməklə icazə verilə bilər: “Çünki sosial sifariş budur, hər kəs toyların bərpa olunmasını istəyir”.