Qeyri-iş günlərində və həftəsonlarında ictimai nəqliyyatın fəaliyyətinin bərpası məqsədəuyğun olardı.
Publika.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib.
Deputat bildirib ki, hələlik heç bir ölkədə və eləcə də elmi araşdırmalarda qeyri-iş günlərində, həmçinin həftəsonlarında ictimai nəqliyyatın işləməməsinin yoluxma sayına təsirlərini ölçə bilən konkret metodlar yoxdur: “Digər tərəfdən, oxşar praktikadan, yəni ictimai nəqliyyatın fəaliyyətinə icazə verilməməsindən bu il Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində də istifadə olunub. Amma qeyri-iş günlərindən sonra biz ölkəmizdə yoluxma sayının artmasını müşahidə etdik. Bu baxımdan, qeyri-iş günlərində və həftəsonlarında ictimai nəqliyyatın fəaliyyət göstərməsi məqsədəuyğun olardı”.
V.Bayramovun sözlərinə görə, bir sıra inkişaf etməkdə olan ölkələrin praktikasını nəzərə alsaq, pandemiya dövründə qeyri-iş günlərində ictimai nəqliyyat fəaliyyətini dayandırmır, sadəcə müddəti qısa olur: “Xüsusən də günün aktiv saatlarında nəqliyyatın işinin bərpası daha məqsədəuyğun olardı. Bu, qeyri-iş günlərində müşahidə olunan nəqliyyat probleminin həllinə gətirib çıxara bilər”.
Qeyd edək ki, bazar günü saat 00:00-dan 16 may saat 06:00-dək ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.
Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib. Bununla da Ramazan bayramı günləri də daxil olmaqla, mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq.
İş mayın 16-dan başlayacaq.