Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev martın 19-da Vətən müharibəsinin iştirakçısı, habelə müharibə dövründə arxa cəbhədə xidmət göstərən şəxslər, ölkəmizi beynəlxalq yarışlarda təmsil edən idmançılar və fəal gənclərlə xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq növbəti dəfə görüşlər keçirib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşlərdə parlament sədrini müavini Vətən müharibəsində əldə edilən Zəfərdən söhbət açaraq, bu Qələbəni Azərbaycan tarixində ən böyük hadisələrdən biri kimi qiymətləndirib. Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Ordumuz tərəfindən qazanılmış bu tarixi Qələbənin bütün Azərbaycan xalqının böyük sevinc və fəxarətlə qeyd etdiyini bildirib.
Adil Əliyev uzun illərdir düşmən işğalı altında qalmış Vətən torpaqlarının azad edilməsinə diqqət çəkərək xalqımızın ölkə başçısının ətrafında sıx birləşdiyini, istər döyüş meydanında, istərsə də arxa cəbhədə göstərdiyi xidmətlərin misilsiz rolunu bir daha vurğulayıb. Vətəndaşlarımızın müharibə dövründə ön cəbhədə vuruşan hərbçilərimizi daim dəstəklədiklərini deyən parlament sədrinin müavini, bunun xalqımızın böyüklüyünün bariz nümunəsi olduğunu söyləyib.
Bildirilib ki, Ordumuzun müasir silah-sursatla təmin olunması ilə yanaşı, hərbi qulluqçularımızın fiziki hazırlığı da yüksək səviyyədədir. Bunun əldə edilməsində vaxtı ilə Ulu Öndər tərəfindən idmanda kütləviliyin artırılması ilə bağlı aparılan siyasət böyük rol oynayır.
Bədən tərbiyəsi və idmanın gənc nəslin həyatındakı rolundan danışan Adil Əliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən rəşadətli Ordumuzun maddi texniki bazası, hərbçilərimizin fiziki hazırlığı, bu istiqamətdə keçirilən təlimlər barədə fikirlərini bölüşüb. Bildirib ki, ölkəmizin qazandığı tarixi Qələbədə istifadə edilən taktiki gedişlər dünyanın hərbi mütəxəssislərinin marağına səbəb olub.
Sonda Vətən müharibəsinin iştirakçılarına, arxa cəbhədə xidmət edən fəallara, ictimai fəal gənclərə və ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edən idmançılara Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri fərmanı təqdim edilib.