“Rusiya “İsgəndər” raketlərinə aydınlıq gətirmək istəmir, çünki cinayətini etiraf etməyə həvəsi yoxdur”.
APress.az-ın məlumatına görə, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsini dəyərləndirərkən deyib.
O qeyd edib ki, Kreml Rusiyadakı erməni oliqarxların mülki təyyarələrdə Ermənistana silah daşımasına şərait yaradıb:
“Rusiya mətbuatı Azərbaycana qarşı təxribatçı mövqedən çıxış edərək “İsgəndər” raketinin qalıqlarının guya Suriyadan gətirilərək Şuşada yerləşdirildiyini yazmaqla ermənilərə “informasiya” dəstəyi verib. Rəsmi Bakının əlində “İsgəndər” raketlərinin Şuşaya atılmasıyla bağlı başqa faktlar da var və işin içində yenə Rusiya var.
İlham Əliyev müsahibəsində bir neçə dəfə Rusiya haqqında strateji tərəfdaş ifadəsi işlətdi, ancaq hər dəfəsində əlavəsini də unutmadı: “Tərəfdaşlar bir-biri ilə səmimi davranmalıdırlar”.
Siyasi şərhçi Asif Nərimanlı isə bildirib ki, prezidentin müsahibəsində dediklərindən məlum olur ki, Rusiya “İsgəndər – M” suallarından yayınır:
“Və media üzərindən Azərbaycan və Türkiyəyə qarşı “raket qalıqlarının Suriyadan gətirilərək, Şuşaya qoyulduğu versiyaları” üzərindən kampaniya aparılır. Əliyev bu versiyaların sistemli yanaşma olduğunu deməklə, kampaniyanın sifarişçisinin Moskvanın olduğuna işarə vurur.
Prezidentin iki sətraltı mesajı isə xüsusi diqqət çəkir. Birincisi, “Rusiya sülhməramlı qüvvələri Azərbaycanın razılığı ilə bizim torpağımıza – Qarabağa, Xankəndiyə və ətraf yerlərə gətiriliblər” deməklə, Moskvaya “bu torpaqlar bizimdir, bizim razılığımızla gəlmisiniz, razılığımız olmasa, çıxacaqsınız” mesajını ötürür. İkincisi, “üçtərəfli bəyanat da Azərbaycan tərəfindən tam icra edilib” deməklə, Rusiyaya bəyanatın icra etmədiyi bəndlərini xatırladır. Əsas məqam 4-cü bənd – erməni qoşunların çıxarılmasıdır”.
Siyasi şərhçi qeyd edib ki, bu iki mesajın “İsgəndər – M” məsələsi üzərindən verilməsi kulis danışıqlarında Azərbaycanın tələblərinin nələr olduğunu göstərir:
“Moskva çətin vəziyyətdə qalıb: ya Ermənistana “İsgəndər – E” yox, “İsgəndər – M” verdiyini, bununla beynəlxalq öhdəliyi pozduğunu deməli, ya “İsgəndər – M”in Gümrüdəki bazadan, yaxud Cənub Hərbi Dairəsindən Şuşaya atdıldığını dilə gətirməli, ya da raketlərin qaçaqmalçılıq yolu ilə Ermənistana aparıldığını etiraf etməlidir. Azərbaycanın bildiyi və cavab almaq istədiyi məqamlar məhz bunlardır. Prezidentin “biz bir çox şeyləri bilirik… Belə məlumatlar bizdə çoxdur. Ona görə hesab edirəm ki, bütün tərəfdaşlar bizimlə səmimi davranmalıdırlar…” sözləri də Moskvaya son mesaj hesab oluna bilər”.
A.Nərimanlı həmçinin deyib ki, görünür, mesaj ünvana çatıb və Rusiya baş naziri Mixail Mişustinin Əliyevin müsahibəsindən sonra Azərbaycanın baş naziri Əli Əsədova zəng etməsi də təsadüfi deyil.
Sfera.az