Parlamentdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tənqid edildibackend
Parlament
373

Parlamentdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tənqid edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndində göstərilib ki, torpaq üzərində hüquqlar – müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Bu maddədə istisna halı göstərilsə də, vətəndaş 11 ay müddətinə torpağı icarəyə götürmək istədikdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən problemlər yaradılır”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı deputat Jalə Əhmədova deyib.

Deputat bildirib ki, Salyan rayonunda 2017-ci ildə Prezident İlham Əliyevin göstərişi ilə 3 hektar ərazidə inşa edilmiş Pambıq Tədarükü Məntəqəsinə bu günə kimi çıxarış verilməyib: “Baxmayaraq ki, çıxarış üçün dövlət rüsumu belə ödənilib. Digər məsələ, vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların, habelə onlar üzərində istifadə və icarə hüquqlarının bilavasitə satılması zamanı, satan şəxsin borc öhdəliyinin araşdırılmadan rəsmiləşdirilməsidir ki, bu da təbii, bələdiyyələr üçün problem yaradır. Hesab edirəm ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmamışdan öncə notariat hərəkətlərini aparan orqan tərəfindən satanın borc öhdəliyi mütləq qaydada araşdırılsın və daha sonra alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edilsin. Bilirik ki, bələdiyyə maliyyəsinin iqtisadi əsaslarını bələdiyyə əmlakı, bələdiyyə torpaqları, yerli büdcə və büdcədənkənar fondlar, bələdiyyənin istehsal, xidmət və digər iqtisadi fəaliyyəti təşkil edir. Kənd bələdiyyələrinin büdcəsini əsasən torpaq və əmlak vergisi təşkil etdiyini nəzərə alsaq 1 hektar torpaq sahəsi üçün ödənilən 4.50 AZN torpaq vergisinin cüzi bir məbləğ olduğunu görərik”

J.Əhmədova hesab edir ki, Azərbaycanda Türkiyə Bələdiyyələrinin təcrübəsindən yararlanmaq və Türkiyə modelini tətbiq etmək, həmçinin Azərbaycan telekanallarında bələdiyyələrin fəaliyyətini əhatə edən verilişlər hazırlamağın vaxtı çatıb.