Paşinyan növbəti dəfə biabır oldu – Düşmənin siyasi şousu baş tutmadıbackend
Siyasət
338

Paşinyan növbəti dəfə biabır oldu – Düşmənin siyasi şousu baş tutmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın 44 günlük II Qarabağ müharibəsindən qalib ayrılması bu gün bir çox güc mərkəzlərini rəsmi Bakı ilə hesablaşmağa vadar edir. Buna misal olaraq Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın Fransa səfərinin ardından Brüsselə səfər edib Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşə hazırlaşması ərəfəsində mötəbər qurumun rəhbərinin Prezident İlham Əliyevə zəng etməsi faktını göstərmək kifayət edir. Aİ Şurasının prezidenti Şarl Mişelin Azərbaycan Prezidentinə zəngi Fransanın dövlət başçısı Emanuel Makronun Nikol Paşinyanla görüşdə səsləndirdiyi reallıqdan uzaq, qərəzli fikirlərinin böyük ölçüdə neytrallaşdırılmasına, ali qurumun balanslı mövqeyinin rəsmi Bakının diqqətinə çatdırılmasına da xidmət edə bilər.

Qlobal güc mərkəzi olan Avropa İttifaqının Azərbaycanın ən vacib tərəfdaşlarından biri olması, Aİ-yə üzv dövlətlərin üçdəbir hissəsi ilə Azərbaycan Strateji Tərəfdaşlıq adlanan sənədləri və bəyannamələri imzalaması, ölkəmizin ticarət dövriyyəsinin yarısından çoxunun Aİ-nin payına düşməsi faktorları isə rəsmi Bakı ilə bu qurum arasında etimadın yüksək səviyyədə olmasından xəbər verir. Avropa İttifaqı həmişə Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etməsi, ölkəmizlə əlaqələrin inkişafına Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində dəstək verməsi bunun növbəti sübutu sayıla bilər.

Şarl Mişelin telefon danışığı zamanı Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin, iki ölkə arasında etimad quruculuğu tədbirlərinin başlanmasına dəstək verməyə hazır olduğunu bildirməsi isə müharibədən qalib ayrılan Azərbaycanla ehtiyyatlı davranmalı olduqlarını anladıqlarını göstərir.

Eyni zamanda Aİ-nin prezidentinin bu sözləri mayın 20-də Prezident İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələrdə çıxışı zamanı dediyi “Avropa İttifaqı regionda münaqişədən sonrakı inkişafda çox mühüm rol oynaya bilər, çünki Cənubi Qafqazın üç ölkəsi ilə Avropa İttifaqının çox geniş əməkdaşlıq gündəliyi var” fikirlərə cavab da hesab etmək olar.

Çünki o çıxışda Avropa İttifaqının regionda dinc inkişafa verəcəyi dəstəyin çox vacib olduğunu qeyd edən Prezident İlham Əliyev, bununla Aİ-ni regionda yaranan yeni reallıq çərçivəsində postkonflikt dövrünün tələblərinə uyğun olaraq sülhün və əməkdaşlığın inkişafı istiqamətində mühüm pay sahibi ola biləcəyi mesajı vermişdi: “Hesab edirəm ki, Avropa İttifaqı regionda münaqişədən sonrakı inkişafda çox mühüm rol oynaya bilər, çünki Cənubi Qafqazın üç ölkəsi ilə Avropa İttifaqının çox geniş əməkdaşlıq gündəliyi var”.

Eyni zamanda, Birləşmiş Ştatlar, Rusiya, Çin və Türkiyə ilə yanaşı, Avropa İttifaqı dünyada aparıcı beynəlxalq iştirakçılardan biridir. Avropa İttifaqı dünyanın müxtəlif hissələrində təsir potensialına malik beş aparıcı beynəlxalq iştirakçılar, ölkələr və təsisatlar sırasındadır. Aİ prezidentinin açıqlamaları Azərbaycan Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirilən müzakirələrində Avropa İttifaqı ilə Azərbaycan arasında daha fəal əməkdaşlıq görmək istədiyi yönündə dediklərinə verilən müsbət reaksiya idi.

Fransa Avropa İttifaqının ərazisinə görə birinci, əhalisinin sayına görə isə ikinci dövləti olsa da, Avropa İttifaqı Şurası prezidentinin Aİ-nin vahid strategiyasına uyğun hərəkət etdiyi şübhə doğurmur. Avropa İttifaqının balanslı siyasəti qoruyub saxlamaq cəhdi, habelə 44 günlük müharibə dövründə neytral mövqe tutması, ərazi bütövlüyü ilə bağlı məsələlərə həssas və beynəlxalq hüququn prinsipləri çərçivəsindən yanaşması da, məhz bu vahid strategiyanın ayrılmaz hissəsi kimi dəyərləndirilə bilər.

Ümumilikdə, Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın Brüsselə səfərə hazırlaşdığı və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüş planlaşdırdığı bir vaxtda Aİ rəhbərinin Bakını araması və etdiyi açıqlamalar rəsmi İrəvanın növbəti fiaskosu kimi də qəbul edilə bilər. Eyni zamanda Şarl Mişelin Paşinyanla müzakirə ediləcək, danışılacaq məsələlərlə bağlı Azərbaycan Prezidentinin öncədən mövqeyini və qərarlarını öyrənmək istəyi bir daha Prezident İlham Əliyevin dünyada artan şəxsi nüfuzundan xəbər verir.