Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun Moldovanın nüfuzlu “Noi.md” xəbər portalında “Азербайджан переживает свои лучшие времена, благодаря президенту Ильхаму Алиеву” (“Prezident İlham Əliyev sayəsində Azərbaycan ən yaxşı vaxtlarını yaşayır”-red.) başlıqlı məqaləsi dərc olunub.
Səfir məqaləsində bu gün Azərbaycanın özünün ən yaxşı dövrünü yaşadığını, tarixdə heç vaxt bu qədər güclü olmadığını bildirib.
“Bu gün Azərbaycan Prezident İlham Əliyev sayəsində ölkənin həm siyasi -iqtisadi gücü, xalq-hökümət birliyi, həm də hərbi gücü bölgədə müsbət rol oynayır. Bunların hamısı Dağlıq Qarabağdakı Vətən müharibəsi zamanı bütün dünyaya açıq şəkildə göstərildi və bu şanlı qələbə tarixdə əbədi qalacaq”, – deyə azərbaycanlı diplomat bildirib.
Səfir, müharibə bitdikdən sonra yenidənqurma dövrünün başladığını və Azərbaycan nəinki azad edilmiş şəhər və kəndləri bərpa etməyə, eyni zamanda bütövlükdə ölkə iqtisadiyyatını gücləndirməyə, fərqli bir siyasi sistem qurmağa, milliyyətindən asılı olmayaraq bütün vətəndaşların ölkədə yaxşı yaşamaları üçün sosial əhəmiyyətli layihələrin həyata keçirilməyə davam edildiyini də vurğulayıb:
“Son 15 ildə Azərbaycanda həm xarici, həm də yerli investisiyaların ümumi həcmi təxminən 230 milyard dollar təşkil edib. Azərbaycan iqtisadiyyatı isə son 10 ildə 300% -dən çox artıb. Yoxsulluq və işsizlik sürətlə azalıb. Hazırda yerli istehsalın inkişafı gündəmdədir. Son 10 ildə Azərbaycanın demək olar ki, bütün infrastrukturu modernləşdirilib. Yeni yollar salınıb, 6 beynəlxalq hava limanı tikilib, Xəzər dənizində isə ən böyük dəniz limanı tikilir. Eləcə də 26 elektrik stansiyası, 3000 məktəb, 600-dən çox xəstəxana istifadəyə verilib. İşğaldan azad edilən Qarabağ ərazisində artıq Füzuli hava limanı və Şuşaya gedən avtomobil yolunun inşasına başlanılıb. Həmçinin Naxçıvan Muxtar Respublikasını Azərbaycanla birləşdirəcək və qonşu ölkələr üçün də faydalı olacaq yeni bir yolun inşası, eləcə də digər layihələrin tətbiqi planlaşdırılır. Bu barədə Azərbaycan Prezidenti martın 4-də İƏT sammitindəki çıxışı zamanı bildirib. Ancaq rəsmi İrəvan, Bakının bölgədəki əməkdaşlıq və irəliləyişə dair mövqeyinə qarşı mənfi şərhlər edir, bu da Ermənistanın Azərbaycana da müdaxilə etməyə hazır olduğunu göstərir”.
Qüdsi Osmanova bildirib ki, Ermənistan rəhbərliyi bu gün hərbi, siyasi, iqtisadi və demoqrafik cəhətdən qüvvələr nisbətini düzgün qiymətləndirməli və doğru qərar verməlidir:
“Bizim gücümüz əhali də daxil olmaqla yalnız artacaq. Ermənistan isə əməkdaşlıq olmadan sadəcə zəifləyəcək”.
Diplomat, bu gün Azərbaycanda baş verən hər şeyin təməlini ümummilli lider Heydər Əliyevin qoyduğunu vurğulayıb:
“Məhz onun hakimiyyəti illərində siyasi islahatlar başladı və çoxpartiyalı sistem yaradıldı. Biz beynəlxalq blokadadan çıxdıq. Azərbaycan artıq hörmətə layiq bir ölkə kimi tanınmağa başladı. Ölkəmizə böyük investisiyalar cəlb edildi. Ordu quruculuğuna başlanıldı. Qeyd edim ki, bundan əvvəl nizami bir ordumuz yox idi. Kadrların maarifləndirilməsi üçün vacib addımlar atıldı. Bu gün ölkəmizdə həyatın müxtəlif sahələrinə töhfə verən Azərbaycan diplomatları həmin kadrlardır.
Ulu öndər, eyni zamanda Azərbaycanın neft və qaz sahəsində zəngin enerji mənbələrinə sahib olduğunu yenidən xatırlatdı. Beləliklə son 10 ildə ölkə bu sahədə böyük iqtisadi sıçrayış və inkişaf etdi. Azərbaycan gənc və müstəqil bir dövlətdən davamlı iqtisadi inkişafa sahib bir ölkəyə çevrildi. Bütün bunlar Heydər Əliyev sayəsində də mümkün oldu. Daha sonrakı siyasi və iqtisadi islahatların təməli olan və “Cənub Qaz Dəhlizi” kimi nəhəng bir layihənin həyata keçirilməsinə başlayan neft strategiyasını təyin edən də ulu öndər idi. Layihə 31 dekabr 2020-ci ildə tam istifadəyə verildi. Onun son seqmenti olan TAP-ın tikintisi tamamlandı və tarixdə ilk dəfə olaraq Azərbaycan qazı Avropaya çıxarıldı”.
“Bu, bizim tarixi nailiyyətimizdir. Çünki biz Cənub Qaz Dəhlizinin təşəbbüskarı olduq. Həmçinin əsas maliyyə yükünü də öz üzərimizə götürdük. Bir çox ölkəni bir-birinə bağlayan layihə, bu ölkələrlə digər ölkələr arasında yeni bir əməkdaşlıq formatının da əsasını qoydu. Beləliklə, Azərbaycan önəmli bir təbii qaz istehsalçısı və bu qazın Avropaya ixracatçısı oldu”, – deyə Qüdsi Osmanov bildirib.
Diplomat, bu gün Azərbaycan iqtisadiyyatının təkcə neft və qaz hesabına inkişaf etmədiyinə də diqqət çəkib:
“Qeyri-neft sektorunun və kənd təsərrüfatının yüksək göstəriciləri dövlət siyasətinin böyük uğuruna çevrilib. Pambıqçılıq və fındıqçılıq da sürətlə inkişaf edir. Bundan əlavə, tütünçülük, çayçılıq və sitrus bitkilərinin əkimi də inkişaf edən təsərrüfatlardır. Ölkədə unudulmuş yağ istehsalı və arıçılıq da bərpa edilir.
Ölkənin turizm sektoru sürətlə inkişaf edir. Paytaxtla yanaşı, Bölgələrdə də müasir turizm və istirahət obyektləri, otel kompleksləri tikilib. Son bir neçə ildə dünyanın ən məşhur beşulduzlu otel markaları Azərbaycanda fəaliyyətə başlayıb. Turizmin inkişafı bu sahənin qeyri-neft sektorundakı xüsusi əhəmiyyətini bir daha təsdiqləyir. Azərbaycana gələn turistləri sabitlik, təhlükəsizlik, qonaqpərvərlik, müasir infrastruktur, tarixi abidələr və turizm sahəsindəki dövlət dəstəyi, habelə beynəlxalq tədbirlər cəlb edir. Bunu nüfuzlu beynəlxalq qurumlar, xüsusən də dünyanın ən nüfuzlu təşkilatlarından biri olan Davos Dünya İqtisadi Forumu da qeyd edir. Forumun statistik hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti baxımından dünyada 37-ci yeri tutur. Hökumətin uzunmüddətli strategiyasına görə, Azərbaycandır 10-cu yerdədir. Hökumət tərəfindən siyasi sabitliyin təmin edilməsi üzrə 11-ci yerdə, magistral yolların keyfiyyətinə görə 24-27-ci yerdədir. Həmçinin ölkənin son bir ildə üzləşdiyi bütün çətinliklərə (müharibə, koronavirus pandemiyası, qlobal maliyyə böhranı) baxmayaraq, Azərbaycan hərtərəfli inkişaf indeksində üçüncü yerdə qərarlaşıb.
Həmçinin, Azərbaycan Respublikası xarici tərəfdaşlarla möhkəm əlaqələr qurur. Bu il Avropa Birliyinin 9 üzv dövləti ilə strateji tərəfdaşlıq sənədləri imzalanıb. Bakı İslamabadla hərbi-texniki əməkdaşlığın davam etdirilməsində maraqlıdır. Bununla yanaşı, Pakistanla iqtisadi və nəqliyyat əməkdaşlığı inkişaf etməyə başlayacaq. Bundan əlavə, Türkiyə ilə ikitərəfli münasibətlərin möhkəm inkişafı müxtəlif sahələrdə, xüsusən də hərbi sahədə davam edəcək. Prezidentin son mətbuat konfransında dediyi kimi, türk ordusu modelinin yaradılması planlaşdırılır. Azad edilmiş ərazilərdə nəqliyyat marşrutlarının tikintisi qonşu ölkələrlə: Rusiya, İran, Türkiyə, bəlkə istəsə və layihələrin həyata keçirilməsinə müdaxilə etməsə Ermənistan üçün tərəfdaşlığa zəmin yaradacaq. Eynilə Cənub Qaz Dəhlizi və bir çox başqa layihələr əməkdaşlıq üçün möhkəm bir platformadır”.
“Bütün bunlar Azərbaycan üçün Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində mümkün olan böyük bir uğurdur və hər şey gələcəkdə daha da yaxşılaşacaq. Çünki ölkə rəhbərliyinin məqsədi uzunmüddətli davamlı inkişafı təmin etməkdir. Həmçini müstəqilliyin əbədi olmasına, dövlətimizin gücünün və təsir imkanlarımızın artmasına və Azərbaycan xalqının ata-baba torpağında təhlükəsizlik şəraitində daimi yaşamasının təmin edilməsi üçündür”, – deyə Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri qeyd edib.