Prezident İlham Əliyevin Naxçıvan səfəri Azərbaycan üçün siyasi, iqtisadi-sosial əhəmiyyətindən başqa, həm də mühüm regional və qlobal əhəmiyyət daşıyır. Səfər zamanı İ.Əliyevin Dövlət Televiziyasına verdiyi müsahibə Onun indiyə qədərki çıxışlarının qətiyyətli və məntiqi davam idi. Bu, Prezidentin Naxçıvana 15-ci, səfəri idi, amma ilk dəfə idi ki, mayın 10-da Naxçıvana səfər etmişdi.
Bəs müsahibə zamanı o, hansı mesajları verdi? Prezidentin çıxışına istinad etsək, Azərbaycanın və Ermənistanın gələcək taleyini necə görmək olar?
Birincisi, bu səfər Naxçıvanın müdafiə və təhlükəsizlik potensialının möhkəmlənməsinə hesablanmış addımdır, hərbi aerodromun və hərbi hospitalın açılışı da bunun əsas göstəricilərindəndir.
İkincisi, Zəngəzur dəhlizinin açılacağı ilə bağlı məsələ daha da netləşdi və İ.Əliyev bununla bağlı növbəti bəyanatını Bakıdan yox, bu dəfə çox qısa bir məsafədən vermiş oldu – 50 km-lik məsafədən. Müsahibədən sitat: “Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır. Bildiyiniz kimi, 10 noyabr tarixli birgə Bəyanatda bu, təsbit edilib. Ondan sonra fəaliyyət göstərən Azərbaycan-Ermənistan-Rusiya Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupunun keçirilmiş iclaslarında da artıq bu məsələ ilə bağlı çox ciddi addımlar atılır. Əminliklə deyə bilərəm ki, dəmir yolu dəhlizi açılacaqdır”. Deməli, Ermənistan tərəfinin bütün cəhdlərinə baxmayaraq, Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələni artıq bitmiş hesab etmək olar.
Üçüncüsü, İ.Əliyev “Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb” deməklə, Minsk qrupu dövlətlərinin rəhbərlərinə – Rusiya prezidenti Putinə və Fransa prezidenti Makrona net mesajını verdi. Xüsusi qeyd: bu ilin aprelin 26-da Putinlə Fransa prezidenti Makron arasında telefon danışığı olmuşdu. Onların telefon danışığından yayılan açıqlamada deyilirdi: “Makron və Putin yaxın zamanlarda Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu çərçivəsində yeni təşəbbüslər hazırlayacaqlar”. Prezidentin müsahibəsində sitat: “Əgər bu münaqişə həll olunmayıbsa, onda bu münaqişənin həlli necə olmalıdır? O deməkdir ki, noyabrın 10-da imzalanmış Bəyanat qüvvəsini itirib? Yəni, mən bunu belə başa düşə bilərəm. Noyabrın 10-da faktiki olaraq – de-fakto münaqişənin həlli ilə bağlı sənəd imzalandı. Bu, təkcə atəşkəs haqqında sənəd deyil, bəziləri bunu belə qələmə vermək istəyirlər. Açsınlar gözlərini baxsınlar, orada neçə maddə var. Atəşkəs haqqında sənəddə bir maddə olur – atəşkəs, vəssalam. Burada bir çox maddələr var. Bir çox məsələləri əhatə edən maddələr var, o cümlədən kommunikasiyaların açılması. Münaqişə həll olunmayıbsa, hansı kommunikasiyaların açılmasından söhbət gedə bilər?”.
Dördüncüsü, İ.Əliyev Fransa senatının İrəvana səfəri zamanı “biz Dağlıq Qarabağı tanıyacağıq” bəyanatının məsuliyyətini bir daha şərh etdi, Fransa hökumətini ayıq olmağa səslədi.
Beşincisi, Prezident Hərbi Qənimətlər Parkı ilə bağlı aparılan kampaniyanın miqyasını və bununla bağlı konkret ünvanlar göstərdi: “Fransa muzeyində Əlcəzair Milli Müqavimət Hərəkatının öldürülmüş öndərlərinin kəllələri nümayiş etdirilir. Bir gedin baxın, güzgüyə baxın, neçə dəfə mən bunu deməliyəm”.
Altıncısı, Dağlıq Qarabağın status ilə bağlı məsələ heç vaxt müzakirə mövzusu olmayacaq və Prezident ermənilərə status vermək istəyənlərə daha optimal variant təklif edir: “… əgər kimsə bizim ərazimizdə yaşayan ermənilərə status vermək istəyirsə, mən etiraz etmirəm, amma öz ölkəsində onlar üçün yaxşı bir yer seçsin. O yerlər artıq çoxdan erməni diasporu tərəfindən zəbt edilib. Orada bir muxtariyyət versin, ya müstəqillik versin. Amma Azərbaycanda yox. Azərbaycanda bu, olmayacaq”. Bəli, Fransa və Rusiyada erməni diasporu tərəfindən zəbt edilən böyük ərazilər var, əgər ermənilərin status məsələsi Rusiya və Fransa üçün bu qədər “milli” məsələdirsə, o zaman öz ölkələrində bunu edə bilərlər.
Yeddincisi, Ermənistanda seçkilər ərəfəsində populist siyasətçilərin “Şuşanın geri qaytaracaqları” ilə bağlı sərsəm bəyanatlarına ən effektiv cavab belə ola bilərdi: “Əgər onlar bu bəyanatlardan hansısa praktiki əməllərə keçsələr, dərhal məhv olunacaqlar. Heç kim onları müdafiə edə bilməz. Ermənistanda həm iqtidar, həm də müxalifət, demək olar ki, siyasətlə məşğul olan bütün ünsürlər Şuşanın qaytarılması ilə bağlı, Hadrutun qaytarılması ilə bağlı fikirlər səsləndirirlər. Biz hələ ki, təmkin göstəririk. Amma odla oynamasınlar. Onlar bizim yumruğumuzu görüblər. Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz. Əgər biz zərrə qədər təhlükə görsək, – zərrə qədər, – onları dərhal məhv edəcəyik”.
Samir FEYRUZOV