Xəbər verdiyimiz kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.
Dövlət başçısı Zəngilan rayonunda olarkən bildirib: “Zəngilan rayonu coğrafi baxımdan şərqi Zəngəzur mahalında yerləşir. Şərqi Zəngəzuru qərbi Zəngəzurla birləşdirib Naxçıvana dəmir yolu, həmçinin avtomobil yolu açacağıq”.
Digər tərəfdən prezidentin bundan əvvəl “Zəngəzura qayıdacağıq” açıqlamasından sonra Ermənistan Baş naziri Nikol Paşinyan bölgəyə gəldi və müharibədən sonra ilk dəfə dövlət sərhədinin Zəngilan istiqamətində təxribat hücumu edildi.
Maraqlıdır, ölkə başçısının məhz bu hadisələrdən sonar Şərqi Zəngəzura gəlişi hansı mesajı daşıyır?
Sfera.az-ın məlumatına görə, siyasi icmalçı Asif Nərimanlı bununla bağlı danışarkən qeyd edib ki, Əliyevin Zəngilana getməsinin arxasında üç mesaj var:
“Birinci mesaj, Azərbaycanın mövqeyindən geri çəkilməməsidir. İkincisi, bütün təxribatlara rəğmən, Zəngəzur dəhlizini reallaşdıracağıq və növbəti mesaj Zəngilanın yerləşdiyi Şərqi Zəngəzur Qərbi Zəngəzurla birləşəcək.
İlham Əliyevin “Zəngilan rayonu coğrafi baxımdan Şərqi Zəngəzur mahalında yerləşir” sözlərini də hədəflərin məhz Zəngəzur torpaqlarından elan edilməsidir”.
Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Arzu Nağıyev isə saytımıza açıqlamasında bildirib ki, ölkə başçısının məhz həmin bölgəyə səfəri mühüm əhəmiyyət kəsb edir:
“Ermənilər tərəfindən Zəngəzur ətrafında çox böyük söz-söhbətlər var. Eyni zamanda orada müəyyən iğtişaşlar oldu. Onlar atəşkəsi pozmağa cəhd göstərdilər. Lakin buna nail ola bilmədilər, çünki Azərbaycan sərhədçiləri, ordusu daim öz yerindədir və bizim ərazi bütövlüyümüzü tam şəkildə qoruyurlar”.
Millət vəkili bildirib ki, ölkə başçısı bir müddət əvvəl də Zəngəzur məsələsi ilə bağlı bəyanat vermişdi: “O qeyd etmişdi ki, biz Zəngəzura qayıdacağıq, dəhlizi də bərpa edəcəyik, hansısa dövlətin haqqımızda nə fikirləşməsindən asılı olmayaraq, regionda sülhün bərqərar olması üçün əlimizdən gələni edəcəyik.
Düşünürəm ki, həm Şərqi Zəngəzur, həm Qərbi Zəngəzur məsələsi bu gün gündəmdədir. Bizim heç kimin ərazisində iddiamız yoxdur. Lakin bizə məxsus olan nə varsa, hamısını qaytarmaq iqtidarındayıq”.