Ermənistanın Müdafiə Nazirliyi Qarabağın hazırda Rusiyanın sülhməramlı missiyasının nəzarətində olan ərazilərindən hərbçilərinini çıxarmağa başlayıb. Amma…
Rəsmi İrəvanın yerli mediayaya sızdırdığı məlumatlara görə, Qarabağda yalnız yerli ermənilərdən ibarət hərbi hissələr olacaq: “Ermənistan vətəndaşı olan hərbi çağırışçılar bundan sonra Qarabağa hərbi xidmətə göndərilməyəcəklər. Lakin Qarabağda xidmət etmək istəyənlər bunu könüllü şəkildə edə bilərlər. Yollardan biri müqavilə əsasında xidmət etməkdir”.
Ermənistan Müdafiə Nazirliyindəki mənbələrin dediklərinə görə, “bundan sonra Qarabğadakı ermənilərin təhlükəsizliyi yalnız rusiyalı sülhməramlılardan, habelə yerli sakinlərən və Ermənistandan olan könüllülərdən ibarət ordudan asılı olacaq”.
Qarabağdak terrorçu xuntanın “Təhlükəsizlik Şurasının katibi”, əslində rusiyalı sülhməramlıların nəzarətindəki ərazilərdə qalmış erməni hərbçilərə komandanlıq edən Vitali Balasanyan da bu xəbəri təsdiqləyib.
“Bəli, Ermənistan vətəndaşları könüllü əsaslarla ordumuzda xidmət edə bilərlər. Yeni struktur dəyişikliklərə görə, Ermənistan vətəndaşları buraya gələrək Qarabağ vətəndaşları kimi qeydiyyatdan keçmək və ordumuzda xidmət etmək imkanlarına malikdir. Hazırda Ermənistanın Müdafiə Nazirliyi buraya əsgər yollamır. Lakin onu da deməliyəm ki, Ermənistanın buradakı hərbçiləri çıxarılmır. Bu barədə yayılan xəbərlər yalandır”, – V.Balasanyan söyləyib.
Göründüyü kimi, V.Balasanyan Qarabağda “yeni ordu” yaradılmasından bəhs edir.
Balasanyan, habelə deyib: “Qarabağ məsələsi həll olunmayıb. Əminəm ki, ən azı Dağlıq Qarabağ Muxtar Vilayətinin əvvəlki sərhədlərini bərpa edəcəyik. Heç zaman Azərbaycanın tərkibində olmayacağıq”.
Söhbət hansı “ordu”dan gedir?
ABŞ-ın Beynəlxalq Respublika İnstitutu (International Republican Institute, İRİ) bu yaxınlarda Ermənistanda sorğu keçirib. Sorğuya qatılanların 70 faizi bildirib ki, İrəvan heç bir halda noyabrın 9-da Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatdan çıxmamalıdır. Respondentlərin 80 faizi Ermənistanın bu anlaşmanın bütün şərtlərinə şəksiz əməl etməsinə tərəfdar olduğunu deyiblər.
Rəyi soruşulanların 97 faizi isə deyib ki, Ermənistan indi bütün diqqəti iqtisadi və sosial probelmlərin həllinə, habelə siyasi stabilliyin təminatına yönəltməlidir. Respondentlərin fikrincə, Ermənistanın əsas problemi Qarabağ yox, iqtisabi böhran, işsizlik və siyasi qeyri-stabillikdir.
Baş nazir Nikol Paşinyan hakimiyyəti üçün bu, faktiki “yol xəritəsi”dir. Paşinyan iyunda keçiriləcək növbədənkənar parlament seçkilərində qalib gəlmək istəyirsə, buyursun, vətəndaşların istədiklərini etsin və xalq onu dəstəkləyəcək.
Lakin İrəvandakı elitalar tam tərsini edirlər.
Ermənistan hakimiyyətinin qeyri-adekvatlığı, hətta yerli isteblişmentin abdallığı və sarsaqlığı sərhəd tanımır.
Qarabağdakı erməni silahlıların hələğdə çıxarılmaması, sosial şəbəkələrdə ermənilərin “Qarabağda partizan savaşı”na çağırışların sayının artması, Ermənistan Müdafiə Nazirliyində “revanş” arzusu ilə yaşayan yüksək rütbəlilərin çoxluğu və Baş Qərargahdakı generallar arasında “yeni müharibə” ssenarisini real sayanların az olmaması narahatlıq doğurmaya bilməz.
Görünən budur ki, erməni revanşistlər Qarabağda qanlı provokasiyalar hazırlayır, işğaldan azad edilmiş ərazilərimizdə terror aktları planlaşdırırlar.
Ermənistan vətəndaşlarının tam əksəriyyəti sülh istəyir. Amma Paşinyan hakimiyyətindəki revanşistlər üçün sülh, stabillik əl vermir: onlar maliyyə mənbələrindən, gəlirlərindən məhrum ola bilərlər.
Üstəlik, Ermənistanda hakimiyyətə gəlməyə çalışan revanşistlərlə irqçi-millətçilər də vəziyyəti gərginləşdirirlər.
Nikol Paşinyan istəsə belə, bu revanşist düşərgənin qarşısını tam ala bilməyəcək.
Ermənistanın Müdafiə Nazirliyinin Qarabağa “könüllülər” qismində çağırışçıları yollamaq istəyi əslində Qarabağda vəziyyəti həddən ziyadə ağırlaşdırmaq cəhdidir.
Rusiya bunu anlamalı, dərk etməli və İrəvanın çox təhlükəli məramlarının qarşısını almalıdır.
V.Balasanyanın açıqlaması, zatən, İrəvanla qarabağlı separatçıların niyyətlərini ortaya qoyur.
Beynəlxalq hüquqa görə, Ermənistanın heç bir vətəndaşı Azərbaycan ərazisi olan Qarabağa yollanaraq orada “hərbi xidmət”də ola bilməz. Eyni zamanda, Ermənistanın hansısa vətəndaşının Azərbaycanın tərkib hissəsi olan Qarabağa gələrək buradakı terrorçu xuntanın “vətəndaşlığını” qəbul etməsi, üstəlik “könüllü” qismində “ordu”da xidmət etməsi yolverilməzdir və hərbi cinayətdir.
Qarabağ separatçılarının hərbi birləşmələrinə “könüllü” və ya istənilən başqa adla qatılan, əlinə silah alan Ermənistan vətəndaşı beynəlxalq hüquqa görə, avtomatik olaraq muzdlu sayılır.
Noyabrın 9-dan 10-da keçən gecə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərini çox kobud şəkildə pozmağa çalışan İrəvan anlamır ki, bununla da Azərbaycanın yeni antiterror əməliyyatına başlamasına tam hüquqi zəmin yaradır.
Üstəlik, Ermənistan hərbi çağırışçıları “könüllülər” qismində Qarabağa yollarsa, onlar potensial terrorçu və diversant sayılırlar. Azərbaycan Ordusu bu şəxsləri yaxaladıqda isə həmin individlər heç bir halda hərbi əsir statusuna malik olmayacaqlar.
Ən nəhayət, qarabağlı ermənilərin “yeni ordu yaratmaq”la bağlı bəyanatları absurd və marazmdır.
Hazırda Qarabağın rusiyalı sülhməramlıların nəzarətində olan ərazisi ilə Ermənistanı sadəcə, Laçın dəhlizi birləşdirir. O dəhlizlə isə iriçaplı atıcı silahlar, artilleriya qurğuları, zirehli texnika, zenit-raket kompleksləri, reaktiv artilleriya sistemləri və s.-ni Ermənistandan Xankəndinə daşımaq mümkün deyil.
Belədə, ermənilər hansı “ordu”dan bəhs edirlər?!