Deputat Rüfət Quliyev aprelin 28- də Lənkəran şəhərindəki “Deputat otağı”nda karantin qaydalarına tam riayət etməklə 31 seçicini qəbul edib.
Qəbulda iştirak edənlərdən 24 nəfəri 2- ci Qarabağ müharibəsi iştirakçıları, müharibə əlilləri, şəhid ailələrinin üzvləri olub. Qəbulda rayonun digər seçki dairələrindən olan müharibə iştirakçıları və əlilləri də iştirak ediblər.
Görüşü açan professor Rüfət Quliyev ilk növbədə ölkədəki ictimai- siyasi vəziyyət, Prezident cənab İlham Əliyevin və Birinci vitse- prezident Mehriban xanım Əliyevanın həyata keçirdikləri çoxşaxəli fəaliyyət barədə iştirakçılara geniş məlumat verib.
Sonra qəbuldakıları narahat edən problemlər dinlənilib.
Müharibə iştirakçıları və əlilləri əsasən aşağıdakı problemlərini açıqlayıblar:
- Əlillik qruplarının təyini ilə prosedurlar zamanı yol verilən süründürməçiliklər;
- Bəzi hallarda əlillik qruplarının düzgün təyin edilməməsi;
- Əlillərin müalicələri zamanı yol verilən nöqsanlar;
- Əlillərin və müharibə iştirakçılarının və onların ailə üzvlərinin işlə təmin olunmasındakı problemlər;
- Bu kateqoriyadan olanların mənzil- məişət problemləri;
- Maddi- təminat məsələləri;
- Rastlaşdıqları məmur etinasızlığı və laqeydlik halları;
- Şəhər İcra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin fəaliyyətinin təkmilləşdirilməsi, daha da işlək olması və onun bu qəbildən olan şəxslərlə yaxından təmasda olması, problemlərini dərindən öyrənməsi,onların həllində yaxından iştirakının təmin edilməsi.
Ürgə kəndindən olan şəhid atası İbadov Babaəli və digər ağsaqqallar kəndə içməli su xəttinin çəkilməsi məsələsini gündəmə gətirdilər. Deputat bu məsələnin həlli ilə əlaqədar konkret məsləhətlər verib, onu xüsusi diqqətdə saxlayacağını vurğuladı.
Qəbulun digər iştirakçıları ünvanlı sosial yardım, pensiyaların kəsilməsi, ev tikmək üçün torpaq sahəsinin ayrılması, müaliçə, işsizlik məsələlərini qabartdılar.
Hər bir məsələyə həssaslıqla yanaşan deputat onların bəzilərini yerindəcə həll etdi. Həlli vaxt tələb edənlər isə nəzarətə götürüldü. Rüfət Quliyev bildirdi ki, hər bir müraciət dərindən araşdırılacaq və aidiyyəti təşkilatlara müvafiq deputat sorğusu göndəriləcək, qarşıdan gələn 2 həftə ərzində onlayn görüş keçirib görülmüş işlər barədə seçicilərini məlumatlandıracaq.
Qəbulda çıxış edən müharibə iştirakçıları və əlilləri onlara göstərilən qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirdilər.