Deputat Rüfət Quliyev iyun ayının 7- də Lənkəran şəhərindəki “Deputat otağı”nda karantin qaydalarına tam əməl olunmaqla hər dəfədə 8 nəfər formatında 23 nəfər seçicinin növbəti qəbulunu keçirib.
Görüşü açan professor Rüfət Quliyev ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse – prezident Mehriban xanım Əliyevanın, Milli Məclis rəhbərliyinin ölkənin hərsahəli inkişaf etdirilməsi, beynəlxalq aləmdə nüfuzunun daha da yüksəlməsi istiqamətində həyata keçirdikləri yorulmaz fəaliyyətdən ətraflı bəhs etdikdən sonra, seçisilərlə keçən dəfəki görüşündən ötən günlərdə gördüyü işlər barədə də məlumat verib.
Daha sonra qəbul iştirakçılarının qaldırdıqları məsələlər gündəmdə olub. Bunlar Ürgə kəndinin içməli su probleminin həllinin vəziyyəti, Sütəmurdov kəndində Kapital Bankın bankomatının quraşdırılması, ev tikmək üçün torpaq sahəsinin verilməsi, qonşuların torpaq münaqişəsi, Qarabağ müharibəsi iştirakçısı olan qadının iş və mənzil problemi, işə bərpa, təqaüdçüyə istirahət və müalicə üçün sanatoriyaya yollayışın ayrılması, işsizlik, mənzil təmiri, maddi yardım göstərmək və s. məsələləri əhatə edib.
Bu məsələlərin bəzilərini deputat yerindəcə həll edib. Ürgə kəndinin içməli su məsələsinə toxunan deputat bildirib ki, o, bununla əlaqədar Azərsu ASC -yə məktub göndərib və nəticəsini gözləyir. Cavabın nəticəsindən asılı olaraq növbəti addımlar atılacaq.
Sütəmurdov kəndində bankomatın quraşdırlması məsələsini isə yaxın günlərdə Kapital Bankın rəhbərliyi ilə danışıb həll etməyə çalışacaq.
Qəbulda qaldırılan və həlli vaxt tələb edən məsələləri aidiyyəti qurumlarla həll etmək məqsədilə deputat nəzarətə götürüb. Həlli deputat səlahiyyətlərindən kənara çıxan məsələlər barədə isə müəlliflərinə müfəssəl izahat və məsləhətlər verilib.
Görüş xoş əhval – ruhiyyə şəraitində başa çatıb.