Tamam Cəfərova seçicilərin müraciətlərini hökumətin diqqətinə çatdırıbbackend
Parlament
395

Tamam Cəfərova seçicilərin müraciətlərini hökumətin diqqətinə çatdırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı Tamam Cəfərova parlamentin plenar iclasında hökumətin hesabatına dair bir sıra təkliflərini Milli Məclis katibliyinə təqdim edib.

APress.az-ın məlumatına görə, deputat bildirib ki, builki hesabat qalib dövlətin hökumətinin hesabatıdır: “Yola saldığımız 2020-ci il Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, Ermənistanın uzun sürən işğalçılıq siyasətinə son qoyuldu. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət və dərin islahatlar, uzun illər ərzində yaradılmış iqtisadi və hərbi potensial 2020-ci ildə Vətən müharibəsində Müzəffər Ordumuzun düşmən qüvvələri üzərində parlaq qələbə çalmasına şərait yaratdı.”

Tamam Cəfərova qeyd edib ki, 2020-ci il bütün dünyada COVID-19 pandemiyası ilə mübarizə şəraitində keçib: “Koronavirus infeksiyasına qarşı mübarizənin səmərəli və çevik təşkil edilməsi istiqamətində Operativ Qərargah tərəfindən Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ardıcıl və operativ tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər ölkəmizdə koronovirus (COVID-19) pandemiyasının neqativ təsirlərini minimallaşdırmağa imkan verdi. 2020-ci ildə ölkəmizin sosial-iqtisadi həyatının bütün istiqamətlərində pandemiyanın mənfi təsirlərinə baxmayaraq, mühüm nailiyyətlər əldə olunub. Dövlət başçısının tapşırığı ilə bütün istiqamətlər üzrə hökumət tərəfindən həyata keçirilən tədbirlər ölkənin sosial-iqtisadi həyatında önəmli rol oynayıb. Dünyada gedən proseslər, bölgədə mürəkkəb vəziyyət və digər problemlər fonunda torpaqlarımızın işğaldan azad edilməsi, pandemiya şəraitində bu nəticələrin əldə olunması, doğrudan da, Azərbaycan üçün mühüm nailiyyətdir.”

Deputat bildirib ki, hesabat dövründə əldə olunan bütün naliyyətlər cənab Prezident İlham Əliyevin müdrik, qətiyyətli rəhbərliyi altında Azərbaycan hökumətinin çevik, professional, hərtərəfli fəaliyyəti nəticəsində mümkün olub.

Millət vəkili, eyni zamanda təmsil etdiyi 85 saylı Şamaxı seçki dairəsi üzrə vətəndaşları narahat edən bir sıra problemləri hökumətin diqqətinə çatdırıb: “2019-cu ildə baş verən zəlzələdən ziyan çəkmiş evlərin əksəriyyəti cənab Prezidentin birbaşa göstərişləri və rəhbərliyilə təmir və bərpa edilsə də, hələ də təmiri və bərpası yarımçıq qalan evlər var. Bu vəziyyət vətəndaşların narahatlığına və narazılığına səbəb olur. Seçiciləri narahat edən problemlər sırasında dağ kəndlərinin qazlaşdırılmasının başa çatdırılması və Şamaxının şəhərdaxili yol infrastrukturunun yaxşılaşdırılması xüsusi qeyd edilib.”

Tamam Cəfərova Nazirlər Kabinetindən bu məsələlərin nəzərə alınmasını xahiş edib.

İki sahil