Qırx dörd günlük Vətən müharibəsində Ermənistanın hərbi məğlubiyyətini rəsmiləşdirən 10 noyabr tarixli üçtərəfli Birgə Bəyanat imzalandıqdan bir gün sonra, ötən il noyabrın 11-də hərbçilərimizlə görüş zamanı Ali Baş Komandan İlham Əliyev bəyan etmişdi ki, qənimət götürülmüş və məhv edilmiş düşmən texnikasının nümayişi üçün xüsusi planı var. Həmin texnikanın bir qismi Zəfər paradında göstərildikdən sonra dövlətimizin başçısı Hərbi Qənimətlər Parkının salınması ilə bağlı təşəbbüs irəli sürmüşdü. Prezident İlham Əliyev aprelin 12-də bu vədini də reallaşdırdı.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Ülvi Quliyev deyib.
Deputat bildirib ki, hərbi məğlubiyyətin ağrı-acısını yaşayan Ermənistan siyasətçiləri, hətta revanşa meyilli olan bəzi təmsilçiləri növbəti dəfə cildlərini dəyişib bəyan edirlər ki, guya keçmiş Dağlıq Qarabağ ətrafındakı rayonlar onlar üçün “bufer zonası” rolunu oynayıb. Həmin şəxslər vərdişlərinə uyğun şəkildə yenidən siyasi riyakarlıq edərək ictimai müzakirələrə uydurma bir mövzunu sırımağa cəhd göstərirlər. Təlqin etməyə çalışırlar ki, guya onlar 30 il boyunca davam edən danışıqlarda imitasiya ilə məşğul olmayıblar və guya “bufer zonası” adlandırdıqları əraziləri status müqabilində nə zamansa Azərbaycana qaytara bilərdilər. Heç şübhəsiz ki, bu, ağ yalandır, erməni siyasətinə xas olan hiyləgərliyin və həqiqətləri utanmazcasına təhrifetmənin növbəti iyrənc formasıdır. Hərbi Qənimətlər Parkında Ermənistanın işğal etdiyi ərazilərimizdə 30 il ərzində qurub-yaratdığı mühəndis-maneələr sistemini əks etdirən əyani mənzərə bir daha sübut edir ki, düşmən öz xoşu ilə torpaqlarımızın bir qarışını da geri qaytarmaq fikrində olmayıb. Təsəvvür edin, düşmənin mühəndis istehkamları on səddən ibarət olub:5 metr enində,3-4 metr dərinlikdə tank əleyhinə xəndək, mina sahəsi, tank əleyhinə beton dirəklər, metal kirpilər, alçaq dirəklər üzərində tikanlı məftildən tor, hündür dirəklərdən məftilli tor, piyada əleyhinə mina sahəsi, az nəzərə çarpan və üçcərgəli lent tipli məftil maneələri, səngər üzərində lent tipli məftil maneələr, üstəlik videomüşahidə qurğuları. Əsgərlərimiz döyüşlə azad etdikləri bütün ərazilərdə bu cür sədləri canları və qanları bahasına dəf etdilər. Belə istehkamları yaradan düşmən iddia edə və heç kimi inandıra bilməz ki, nəyi isə guya xoşluqla etmək fikrində olub. Amma Ermənistanın bütün dövrlərdəki hərbi-siyasi rəhbərlikləri bir məqamı nəzərə almadılar və ala da bilməzdilər. Onlar haradan biləydilər ki, son 17 il ərzində ölkəmizin iqtisadi gücü yalnız qələbəyə köklənən, vətənpərvər Azərbaycan Ordusunun yetişdirilməsinə və onun ən müasir silahlarla təchiz olunmasına yönəldiləcək. Düşmən haradan biləydi ki, 30 ildən sonra “Bayraktar” və “HAROP”la silahlanan cəsur Azərbaycan Ordusu ona qənim kəsiləcək, bütün şəhidlərimizin qisasını artıqlaması ilə alacaq…
Qeyd olunub ki, Hərbi Qənimətlər Parkında sərgilənən düşmənin döyüş texnikası ilə yanaşı, bir neçə kompozisiya xüsusi diqqət çəkir və 30 ildən sonra hər bir azərbaycanlının milli qürur hissinin düşmənə qalib gəldiyini təcəssüm etdirir. Məlumat verildiyi kimi, Parkdakı oturacaqların alt hissəsi qənimət götürülmüş mərmi yeşiklərindən düzəldilib, işıqlandırma sistemi mərmilərin ərintilərindən, tullantı yeşikləri isə tank mərmisinin barıt atıcısının futlyarından hazırlanıb. Düşmənə göz dağı verən həm də erməni əsgərinin yeri boş qalan kaskaları və hərbi maşınlarının nömrə nişanlarından hazırlanan lövhədir. Prezident İlham Əliyevin məhz həmin lövhənin önündə dediyi bu sözlər bir daha göstərdi ki, düşmənin Birinci Qarabağ savaşında etdiyi, xalqımızın aşağılanmasına hesabladığı heç bir əməli unudulmayıb və bu gün onların layiqli cavabı verilir: “Birinci Qarabağ müharibəsindən sonra ermənilər azərbaycanlıların şəxsi maşınlarının nömrələrini götürüb işğal edilmiş torpaqlarda nümayiş ertdirirdilər… Ermənilər bu lövhəni xarici turistlərə nümayiş etdirərək öz ordusunun gücünü göstərməyə, mif yaratmağa çalışırdılar ki, guya Ermənistanın məğlubedilməz ordusu var…Biz bunu unutmamışıq və bu lövhə erməni fərariliyinin təzahürüdür. Çünki bu nömrələr hərbi yük maşınlarının nömrələridir”.
ANAMA tərəfindən Şuşada aşkar edilmiş və artıq Hərbi Qənimətlər Parkında sərgilənən “İsgəndər-M” raketinin qalıqları qarşısında Prezident İlham Əliyev dünya ictimaiyyətinə çox mühüm mesajlar verdi və ünvan sahibinə yönəlik kəskin suallar səsləndirdi: “Haradandır bu raketlər Ermənistan ordusunda? Bu raketlər olmamalı idi…Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik. Amma alacağıq”. Prezident xüsusi olaraq vurğuladı ki, səsləndirdiyi suallara hələ cavab alınmayıb. Bu, o deməkdir ki, həmin suallar ünvanına çoxdan verilib, lakin göründüyü kimi, mürəkkəb suallara məntiqli cavab vermək və həqiqəti inkar etmək çox çətin məsələdir. Ləngimə və susqunluq da elə bununla bağlıdır.
Ü.Quliyev bildirib ki, Hərbi Qənimətlər Parkı ilə tanışlıqdan sonra Ali Baş Komandan İlham Əliyevin təltif olunan hərbi qulluqçular qarşısında söylədiyi nitq də həm cəmiyyətimizə, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan mühüm bəyanat və mesajlarla zəngin idi. Təntənəli mərasimin yeri və vaxtı təsadüfən seçilməmişdi. Dövlətimizin başçısının təşəbbüsü ilə təsis edilmiş ali dövlət təltiflərinin- “Vətən müharibəsi qəhrəmanı” ulduzunun, “Zəfər” və “Qarabağ” ordenlərinin hazırlanması, Hərbi Qənimətlər Parkının ərsəyə gətirilməsi, şübhəsiz ki, zaman tələb edirdi. Pandemiya bu tədbirin açıq və əlverişli hava şəraitində keçirilməsini zəruri edirdi. Ən başlıcası, Prezident təntənəli mərasimi hərbçilərimizin qəhrəmanlığının və yüksək döyüş qabiliyyətinin əyani nümayişi olan Hərbi Qənimətlər Parkında keçirməyi lap əvvəldən nəzərdə tutmuşdu. Ali Baş Komandanımız çıxışına şəhidlərimizin əziz xatirəsini anma mərasimi ilə başladı və daha sonra bu sözləri dedi: “Şəhidlərimizin qanı yerdə qalmadı. Həm İkinci, həm də Birinci Qarabağ müharibəsinin şəhidlərinin qanını döyüş meydanında aldıq, o cümlədən günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamını düşməndən döyüş meydanında aldıq. Biz döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq”. Prezident öz çıxışında düşmən üzərindəki qələbəmizi şərtləndirən amillərə xüsusi diqqət çəkdi: “Yenilik, inkişaf, güc-bunlar əsas amillərdir. Bir də Vətən sevgisi”. Dövlətimizin başçısı mərasimin keçirildiyi məkana-yeni bulvara işarə edərək əlavə etdi: “Çünki bax, bu bulvarın ərsəyə gəlməsində, bunun təməlində də Vətən sevgisidir”. Qələbə düsturunu şərtləndirən bu amillərin hər birinin təməlində məhz ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət, Prezident İlham Əliyevin iqtisadi müstəqilliyimizin təmin olunmasına yönəlmiş dövlətçilik məfkurəsi və sarsılmaz siyasi iradəsi, ordu quruculuğuna sərf etdiyi illərin zəhməti dayanıb. Ən əsası, bu xidmət Prezidentlə xalqımız arasında günü-gündən möhkəmlənən qarşılıqlı inama və bir də əsl Vətən sevgisinə söykənib.
Prezidentin çıxışı onu da göstərdi ki, bu yol heç də hamar olmayıb, dövlətimiz ötən illər ərzində çox hissəsi hələ də ictimailəşdirilməyən təzyiq və təhdidlərlə üzləşib. Bu təhdidlər və zorakı üsullara cəhdlər təkcə öz içərimizdən qaynaqlanmayıb, təhlükə həm də xaricdən gəlib. Dövlət başçısı bunu da açıq şəkildə ifadə etdi: “Ona görə bəzi xarici paytaxtlarda qərar verildi ki, İlham Əliyevi devirməliyik…Yenə də xalq arxamda durdu. Yenə də xalq müstəqil siyasəti dəstəklədi. Bütün təzyiqlərə, bütün cəhdlərə,-ondan sonra da cəhdlər olmuşdu, – baxmayaraq, Qarabağ məsələsində bir faiz güzəştə getmədim”.
Deputat vurğulayıb: “Bu mühüm açıqlama bir daha onu göstərir ki, Qarabağın düşməndən azad olunmasına və milli qürurumuzun xilas edilməsinə aparan yolun 30 il sürməsi təsadüfi olmayıb. Bunu arzulamayan, bunu görmək istəməyən çox böyük güclər olub və Ermənistan danışıqları imitasiya edərkən məhz onlara güvənib. Elə həmin səbəbdən, Prezident İlham Əliyev çıxışında bu açıqlamanı da verdi: “Bunu da hər kəs bilsin, bir çoxları bilmir. Müharibə gedə-gedə bizə qarşı sanksiyalar tətbiq etmək istəyirdilər. Biz öz torpağımızda vuruşuruq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik. Bizə qarşı sanksiyalar tətbiq etmək ədalətsizlikdir, vicdansızlıqdır. Kim idi bunları təşkil edən? Minsk qrupuna həmsədrlik edən ölkələr. Kim bunun qarşısını aldı? Bizə dost olan ölkələr, Qoşulmama Hərəkatına üzv olan ölkələr”.
Dövlətimizin başçısı bu açıqlaması ilə dünya ictimaiyyətinə və xaricdəki siyasi ünvanlara açıq şəkildə çatdırdı ki, 28 il davam edən danışıqların səmimiliyinə inanmamaqda, Ermənistanın imitasiya oyunlarına vasitəçilərin rəvac verdiyini düşünməkdə Azərbaycan xalqı haqlı olub. Elə buna görə, Prezident İlham Əliyev müharibədən xeyli əvvəl Ermənistan rəhbərliyinə çağırış edib belə deyirdi: “Gəl, bizimlə təkbətək vuruş”.
“Sözsüz ki, dövlətimizin başçısı bu illər ərzində üzləşdiyi təzyiq və təhdidlərin az bir hissəsini ictimailəşdirdi. Lakin Prezidentin çıxışı göstərdi ki, xaricdən idarə olunan bu cür iyrənc təşəbbüslərə öz içərimizdən alət olanlar və ya şüurlu şəkildə onlara qoşulanlar da var. Əməlləri ilə özü-özünü Vətəndən didərgin salan hansısa azərbaycanlı iddia edirsə ki, guya şəhər və rayonlarımız hələ Birinci Qarabağ savaşında hərbi toqquşmalar nəticəsində dağıdılıb, yaxud hələ də iddia edirsə ki,10 noyabr Bəyanatı Ermənistanın kapitulyasiya aktı deyil və ya deyirsə ki, qardaş Türkiyə masada olmayıb, indi də yoxdur, ya da məqsədli şəkildə iddia edirsə ki, Qoşulmama Hərəkatına üzvlük Azərbaycana lazım deyil, belələri düşmən və onun himayədarları üçün “günahsız yem” hesab oluna bilməzlər”, – deyən deputat diqqətə çatdırıb ki, bu gün sinəsinə əl qatan AXC-Müsavat cütlüyünün qalıqları ona görə haray-həşir salırlar ki, illərlə sui-istifadə etdikləri Qarabağ kartı artıq əllərindən çıxıb. Dünənə qədər “İlham Əliyevin rəhbərliyi dövründə torpaqlarımızın bir qarışı da işğaldan azad olunmayacaq” söyləyənlərin siyasi varlıqlarını qorumaq üçün məntiqli arqumentləri də bitib. Onlara qalan seçim yalnız budur: gücü ya pafosa, boşboğazlığa vermək, ya da kimlərinsə, xüsusən xarici dairələrin əlində könüllü surətdə aşkar alətə çevrilmək. Amma bilməlidirlər ki, birincisi mənasız, ikincisi isə təhlükəli seçimdir. Onu da bilməlidirlər ki, qələbəmizlə milli qürurumuzun xilas duyğusunu yaşayan Azərbaycan xalqı bu gün dünənkindən daha artıq Prezident İlham Əliyevin arxasındadır. Belələri Hərbi Qənimətlər Parkında seyr etdikləri mənzərəni, qəhrəman hərbçilərimizin qürurlu, Ali Baş Komandan İlham Əliyevə fəxarət və sədaqətlə dolu baxışlarını, etdikləri çıxışları unutmamalıdırlar. Bunu Ermənistanda revanşa meyilli olan qüvvələr və onlara himayədarlıq edənlər də görüb nəticə çıxarmalıdırlar. Bilməlidirlər ki, ulu öndər Heydər Əliyev Sovet İttifaqının Siyasi Bürosundan uzaqlaşdırıldıqdan cəmi iki həftə sonra erməni separatçılığının necə və kimlərin dəstəyi ilə baş qaldırdığını Azərbaycan xalqı unutmayıb. Xalqımız artıq bilir və əmindir ki, dövlətimizi xarici təhdidlərdən və öz içərimizdəki bədxahlardan hifz etməyin yeganə yolu Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməkdən keçir. Ermənistan və onun himayədarları, bədxahlar, nəhayət, başa düşməlidirlər ki, Azərbaycan xalqı qədirbilən xalqdır və özünün qalib Sərkərdəsini, qəhrəman Ordusunu, müharibədə əldə etdiyi Zəfərini bundan sonra da qorumağa qadirdir!