YAP-a qoşulan partiya sədrləri: “Bizimlə maraqlanan yoxdur”backend
Siyasət
492

YAP-a qoşulan partiya sədrləri: “Bizimlə maraqlanan yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rafiq Turabxanoğlu: “Partiyada rolumuz və yerimiz bəlli deyil”

Vüqar Oruc: “Hakim partiya yenilənməlidir və bu, partiya sədrinin də əsas istəyidir”

Məmməd Məmmədov: “YAP-la sonuncu təmasım qurultay zamanı olub”

Bu ilin martında keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayında altı partiya hakim partiyaya qoşulmaqla bağlı qərar verdi. Qurultay zamanı partiyaların birləşmə məsələsini gündəliyə təklif edən Prezident İlham Əliyev bildirdi ki, YAP-a qoşulan partiyaların nümayəndələri YAP-ın fəaliyyətində aktiv iştirak etməlidir. Eyni zamanda hakim partiyanın inkişafı üçün yeni proqramın hazırlanması üçün YAP rəhbərliyinə üç ay vaxt verildi.

 

Qeyd edək ki, YAP-a qoşulma qərarını verən Azərbaycan Demokratik Sahibkarlar Partiyasının qurucu sədri Mahmud Məmmədov olub. O, “Günay Bank”ın sahibi və sonradan fəaliyyətinə xitam verilən ilk özəl televiziyalarından birinin – “BMTİ TV”-nin də təsisçisi idi. Partiyanın son sədri isə Qasım Qasımov olub.

 

YAP-a qoşulmaqla bağlı qərar verən digər partiyanın – Azərbaycan Kəndli Partiyasının sədri Məmməd Məmmədov olsa da, bu partiyanın qurucusu  Baş nazirin səlahiyyətlərini icra etmiş Feyruz Mustafayev olub.

 

Azərbaycan Xalq Demokratik Partiyası da hakim partiyaya birləşib. Bu partiyanın sədri Rafiq Turabxanoğlu 1992-ci ildə keçirilən prezident seçkilərində namizəd olub. Onun rəqibi və seçkilərin qalibi Əbülfəz Elçibəy mətbuata açıqlamasında demişdi ki, o, özünə deyil, Rafiq Turabxanoğluna səs verib.

 

YAP-a qoşulan Milli Qurtuluş Partiyasının sədri Vüqar Oruc bu partiya sədrliyinə gələnə qədər ölkənin ən böyük gənclər təşkilatlarından olan “Türk Millətçi” Gənclər Təşkilatına rəhbərlik edib. Ardınca 10 partiyanı öz ətrafında birləşdirən “Bizim Azərbaycan” blokunun sədri olub.

 

Yurddaş Partiyası Azərbaycan müxalifətinin ən fəal partiyalarından olub. Partiyanın sədri Mais Səfərli 33 saylı Xətai seçki dairəsindən Milli Məclisin deputatı olub. Ötən il koronavirus səbəbindən dünyasını dəyişib və partiyanın başına bacısı gətirilib. Bu partiya da hakim siyasi qüvvəyə birləşib.

 

Nəhayət, Milli Hərəkat Partiyasının sədri Samir Cəfərov müxtəlif iqtidaryönlü siyasi birliklərdə təmsil olunub və müstəqil partiya rəhbəri olsa da, əsasən iqtidarı müdafiə etməklə diqqət çəkib – Ana Vətən, Sosial Rifah, Demokratik Maarifçilik və s. partiyalar kimi.

 

AYNA hakim partiyaya qoşulmaqla bağlı qərar verən partiyalardan bəzilərinin sədrləri ilə həmsöhbət olub. Onlar YAP-dakı fəaliyyətləri, təmsilçilikləri və digər məsələlər ətrafında fikirlərini bölüşüblər.

No description available.

Azərbaycan Xalq Demokratik Partiyasının sədri Rafiq Turabxanoğlunun sözlərinə görə, kollektiv şəkildə partiyaya üzv olmaqla bağlı qərar versələr də, YAP-ın fəaliyyətində faktiki olaraq iştirak etmirlər: “Bilirsiniz ki, Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi zəfər qazandı. Bu zəfəri müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu əldə etdi. Bizim xəyalımız gerçəyə çevrildi. Zatən, Azərbaycan Xalq Demokratik Partiyasının əsas hədəfi də elə bu idi. Tam səmimiyyətimlə deyirəm ki, İlham Əliyev fitri istedada malik siyasətçidir. O, böyük siyasətdə necə davranmağı, uğura aparan yolu hamıdan yaxşı bilir”.

 

“Bu səbəbdən hesab etdik ki, onun liderliyi altında fəaliyyət göstərmək daha məqbuldur. Növbədənkənar qurultayda cənab Prezident bizi salamladı və YAP-a qoşulan partiya üzvlərini partiyanın siyasi həyatında aktiv iştirak etməyə səslədi. Lakin bu gün bizim partiyada rolumuz və yerimiz bəlli deyil. Qurultaydan sonra bu məsələ bitdi. Gələcəkdə necə olacaq – bu suala biz yox, partiya rəhbərliyində təmsil olunan və bu məsələyə məsul şəxslər cavab versə, daha yaxşı olar”, – deyə siyasətçi bildirib.

 

75 yaşı tamam olan Turabxanoğlu hakim partiyadan onu təbrik etmədiklərini deyib: “Əslində, mən ad günü, yubiley və bu kimi tədbirlərin keçirilməsinə tərəfdar deyiləm. Ömrümüzün çoxu siyasi fəaliyyətdə keçib. Şüurlu fəaliyyətimizi bu sahəyə, millətçiliyin təbliğinə həsr etmişik. Yeni Azərbaycan Partiyasından zəng edib, məni təbrik edən olmayıb. Heç incimirəm də. Ümumiyyətlə, qurultaydan sonra bizim partiyada fəaliyyətimiz yox dərəcəsindədir. Bizimlə hər hansı müzakirələr də aparılmayıb”.

Vüqar Oruc: “Əmlak bazarında böyük canlanma yaranacaq”

Milli Qurtuluş Partiyasının sədri Vüqar Oruc YAP-a qoşulmaqla bağlı verdikləri qərarı zamanın tələbi sayır: “Rəhbəri olduğum partiya mövcud siyasi reallığı nəzərə alaraq bu qərarı verdi. Hesab edirəm ki, bu, tamamailə düzgün və düşünülmüş qərar idi. Bundan sonrakı proseslər və məsələnin ağırlığı qoşulduğumuz partiya rəsmilərinin üzərindədir. Onların atacağı addımlar, verəcəyi qərarlar, üzvlərimizin potensilından istifadə edib-etməyəcəkləri ilə bağlı gəldiyi nəticələr onlara bağlı məsələlərdir. Bu baxımdan hər hansı şərh vermək etik olmazdı”.

 

Həmsöhbətimizin dediyinə görə, YAP-a birləşmə qərarı verərkən cəmiyyətdə böyük əks-səda yaranıb: “Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan tarixi zəfərə və islahatlar prosesinə dəstəyimizi ifadə etdik. Bu, tarixi zərurət idi. Hesab edirəm ki, hakim partiya yenilənməli və partiyada islahatlar davam etdirilməlidir. YAP-ın fəaliyyəti partiya sədrini qane etsəydi, o zaman növbədənkənar qurultaya ehtiyac olmazdı. Bir halda ki, partiyanın siyasi lideri islahatlar anonsu verib, şübhəsiz ki, o mütləq həyata keçiriləcək. İnanıram ki, yaxın gələcəkdə biz hakim partiyanın fəaliyyətində ciddi yeniliklərin şahidi olacağıq”.

No description available.

Azərbaycan Kəndli Partiyasının sədri Məmməd Məmmədov bu barədə ətraflı danışmaq istəmədiyini desə də, qeyd edib ki, qurultaydan sonra onlarla maraqlanan olmayıb: “Kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına qoşulmaqla bağlı qərar verəndən sonra hakim partiya bizim müraciətimizi qəbul etdi. Prezident İlham Əliyevin təklifi əsasında məsələ qurultayın gündəliyinə də salındı”.

 

“Sonuncu dəfə hakim partiya rəsmiləri və məsələyə məsul şəxslərlə təmasım qurultay zamanı olub. Ondan sonra bizimlə maraqlanan olmayıb. Üzvlərimizin partiyada hansı formada rəsmiləşdirilməsi barədə də məlumatsızam”, – deyə Məmmədov vurğulayıb.